İnkişafa gedən yol dünya təcrübəsinin paylaşılmasından keçir
15 Oct 2019
Oktyabrın 15-də İspaniyanın paytaxtı Madrid şəhərində Qlobal Beynəlxalq Kütləvi İnformasiya və Yayım İşçilərinin Həmkarlar İttifaqları Birliyinin İcraiyyə Komitəsinin iclası olub.
Dünyanın bir çox ölkəsindən gəlmiş nümayəndələrin
qatıldığı bu tədbirdə qurumun icraçısı Yohannes Stadinqer ötən müddətdə görülən
işlər haqqında hesabat verdi. Qeyd etdi ki, rəqəmsallaşdırma sahəsində Beynəlxalq
Əmək Təşkilatı və Aktyorların Həmkarlar İttifaqları Federasiyası ilə birlikdə
aparılan 20 illik sosial dialoq nəticəsində Avropadakı tərəfdaşlarımızla ortaq
razılığa gələ bilmişik. Natiq onu da diqqətə çatdırmağı lazım bildi ki, bu
razılaşmaya baxmayaraq, sahə işçilərinə qarşı diskriminasiya tam aradan qalxmayıb.
Kino və televiziya məhsullarının istehsalında iş şəraiti
müasir tələblərə cavab vermir. Bütün bunlar peşəkarlığın təkmilləşməsinə,
keyfiyyətin artmasına mənfi təsir göstərir. Bu qurumun tərkib hissəsi
olan Avropa üzrə Kütləvi İnformasiya və Yayım İşçiləri Həmkarlar İttifaqları
Birliyinin Madriddə oktyabrın 17-də baş tutmuş İcraiyyə Komitəsinin
iclasında da uğurlardan daha çox mövcud problemlərdən danışıldı.
İspaniyanın həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri
iş şəraitinin heç də yaxşı olmadığını dedilər. Mövcud problemlərin pərdəarxası
məqamlarını açıqladılar. Onların həlli yollarına dair təkliflərini səsləndirdilər.
Birliyin prezidenti Villyam Monye kollektiv müqavilələrin hazırlanması, icrası
barədə məruzə etdi.
İcraiyyə Komitəsinin iclasları arasında “Rəqəmsallaşdırma”
şüarı altında “Film və televiziya istehsalında iş şəraiti”, “Qadınlar şəbəkəsi” və
“Yayımın gələcəyi” mövzularında konfranslar təşkil olundu.
Həm icraiyyə komitəsinin iclaslarında, həm də
konfranslarda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin
sədri Cəmilə Səttarova, beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri
Zaur Həmidov da çıxış etdilər. C. Səttarova dedi ki, Azərbaycanda mənəvi sərvətimizə
dövlət qayğısı yüksək səviyyədədir. Bu sahənin tərəqqisinə xidmət edən çox
sayda dövlət proqramı qəbul olunub. Respublika Prezidenti cənab İlham Əliyev elə
bu yaxınlarda sənət adamları, o cümlədən kino işçiləri ilə görüşüb. Hər birini
diqqətlə dinləyib. Bildirilən məsələlərin operativ həllinə dair göstərişlər
verib.
C.Səttarova Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının, eləcə də sədri olduğu sahə həmkarlar ittifaqlarının mədəniyyət,
o cümlədən kino və televiziya işçilərinin əmək, sosial hüquqlarının qorunması, əmək
şəraitinin müasir tələblər səviyyəsində qurulması, istirahətinin təşkili
istiqamətində həyata keçirdiyi tədbirlərdən söz açdı.
Z.Həmidov
isə çıxışında dedi ki, inkişafa gedən yol dünya təcrübəsinin paylaşılmasından
keçir. Təklif etdi ki, beynəlxalq təşkilatlar bu məsələyə diqqəti
artırmalıdırlar.