AZ | RU | EN
AZ | EN | RU

“İşçilər hüquqlarını bilməli və müdafiə olunmalıdırlar”

07 Dec 2019

Dekabrın 5-də Ankara “Böyük Anadolu” Otelində “Türk-İş”Həmkarlar İttifaqları Konfederasiyasının  23-cü qurultayı keçirilib.

Dekabrın 7-də başa çatan tədbirdə qeyri-hökumət təşkilatı rəhbərləri, “Türk-İş”ə üzv olan təşkilatların nümayəndələri və çoxlu sayda işçi iştirak edib. “Türkiyədə Türk İş var” və “Əməyimizdən və vətənimizdən imtina etmərik” şüarı ilə təşkil edilən tədbirdə qurumun Baş katibi Pevrul Kavlak giriş nitqi söyləyib. O, “Türk-İş”in ətrafında birləşən bütün üzvləri salamlayıb.
 
Baş katibin açılış nitqindən sonra çıxış edən “Türk-İş”in sədri Ergün Atalay qurumun üzvlərin sayına görə Türkiyənin ən böyük təşkilatı olduğunu açıqlayıb. Bildirib ki, hazırda 1 milyon üzvümüz var və yaxın 4 ildə bu rəqəmi 1,5 milyona çatdırmağı hədəfləyirik.
Davam edən minimum əməkhaqqı danışıqlarına toxunan E. Atalay “Hak-İş” və DİSK-in bu mövzuda fikirlərini aldığını xatırladıb: “Bir insanın yaşayış minimumu 2578 türk lirəsidir. Bundan aşağı hər hansı bir rəqəm üzərində razılıqdan söz gedə bilməz. İşdən çıxarılma zamanı təzminat ödənilməyən üzvlərimiz var. Bu barədə tənzimləmələrin aparılması üçün hər cür dəstəyə hazırıq”.
E. Atalay pensiya yaşının təyini ilə bağlı mövzuya  toxunaraq bildirib ki, öncə qeyri-formal məşğulluğun faizini azaltmalıyıq. Hazırda bu rəqəm 35 faizdir. Bununla bağlı addımlar atılarsa, qeyri-formal məşğulluqda çalışanlar qeydiyyata alınacaq, nəticədə vergi ödənişləri artacaq. Hazırda 17 milyonluq işçinin, sadəcə, 2 milyonu həmkarlar  ittifaqı təşkilatlarının üzvüdür. Bununla bağlı məsuliyyət hökumətin, işəgötürənlərin və bizim üzərimizə düşür.

E. Atalay Somada 301 mədənçinin həyatını itirməsini xatırladaraq əmək qəzalarını və görülməli işləri  diqqətə çatdırıb. Ticarət mərkəzlərində çalışan işçilərin hüquqlarının qorunmasından söz açan E.Atalay ölkədə 300  böyük ticarət mərkəzində 500 minə yaxın işçinin çalışdığını bildirib. Gündəlik 10 saatdan çox çalışmalı olan bu işçilər hüquqlarını bilməli və müdafiə olunmalıdırlar.
İrqçiliyin sağalmaz yara olduğunu deyən E.Atalay Suriyadan ölkəyə gələn qaçqınların vəziyyəti ilə bağlı araşdırma aparıldığını və yaxın zamanda bütün müəssisə və təşkilatlarla da nəticələrin paylaşılacağını  deyib.

23-cü qurultayda beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri də daxil olmaqla, 40-a yaxın xarici qonaq iştirak edib. Qurultayda Ergün Atalay yenidən “Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.
Tədbirdə  AHİK sədrinin müavini Cavanşir Alxasovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib. C. Alxasov öz çıxışında AHİK sədri Səttar Möhbalıyevin iştirakçılara təbrikini çatdırıb və qurultaytın  işinə uğurlar arzulayıb. Tədbir əsnasında AHİK sədrinin müavini Qazaxıstan , Albaniya, Gürcüstan, Ukrayna, Belarus və digər ölkələrin nümayəndə heyətləri ilə görüşüb və qarşılıqlı fikir mübadiləsi aparıb.

ПОЛЕЗНЫЕ ССЫЛКИ