“İşçilər üçün daha ədalətli Avropa”
21 May 2019
May ayının 21-dən 24-dək Avstryanın paytaxtı Vyana şəhərində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 14-cü qurultayı keçirilib.
Qurultaya Avropanın 38 ölkəsindən 90 milli həmkarlar
ittifaqı mərkəzini təmsil edən 600 nümayəndə qatılıb. Tədbirdə Avstriya
Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen, Portuqaliyanın
Baş naziri Antonio Kosta, Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker,
Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Qay Rayder, iqtisadiyyat üzrə Nobel
mükafatı laureatı Cozef Stiqliz və digər mötəbər qonaqlar iştirak ediblər. Budəfəki
qurultayın əsas şüarı “İşçilər üçün daha ədalətli Avropa” idi.
Qurultayı giriş sözü ilə açan AHİK-in prezidenti Rudy De
Leu bildirib ki, təşkilatımız Avropada işçiləri uğurla təmsil edir. Avropa
Komissiyası və Avropa Sənayeçilər və İşəgötürənlər Konfederasiyası ilə sosial
dialoqu aparır.
O, bu gün Avropada həmkarlar ittifaqı təşkilatlarının üzləşdiyi
problemlərdən, qarşıda duran çağırışlardan danışıb. Qeyd edib ki, hazırda
Avropada 25 milyondan artıq insan əlverişli iş şəraitində çalışmır, layiqli əməkhaqqı
almır. Əsas məqsədimiz Sosial Avropanı qurmaqdır.
Sonra Avstriya Respublikasının Federal Prezidenti
Aleksander Van der Bellen çıxış edərək son günlər ölkəsində yaranmış siyasi
böhran haqqında məlumat verib. Həmkarlar ittifaqı təşkilatlarının cəmiyyətdə
oynadığı rolun əhəmiyyətindən danışıb: “Həmkarlar ittifaqı təşkilatları hər bir
ölkədə sülh, demokratiya, insan haqları üçün mübarizə aparır. Həmkarlar
ittifaqı təşkilatının cəmiyyətdə yerini və rolunu gözəl anlayıram. Keçən əsrin
60-cı illərini universitet həmkarlar ittifaqı təşkilatının sədri olduğum dövrü
məmnunluqla xatırlayıram”.
Prezident mayın 26-da keçiriləcək Avropa Parlamentinə
seçkilərlə bağlı danışaraq həmkarlar ittifaqı təşkilatlarını bu seçkilərdə
aktiv olmağa çağırıb. Qeyd edib ki, bu gün siyasi qüvvələr arasında gərgin
mübarizə gedir. Avropa Parlamentinə keçiriləcək seçkilər qitənin gələcəyini müəyyənləşdirəcək.
Seçkilərin nəticələri yalnız həmkarlar ittifaqı təşkilatlarına deyil, cəmiyyətin
bütün təbəqələrinə təsir edəcək. Bu gün Avropa vətəndaşını düşündürən əsas məsələlər
layiqli əməkhaqqı, əmək hüquqlarının müdafiəsi, tibbi sığorta sisteminin təkmilləşdirilməsi
və pensiya məsələləridir.
Çıxışının sonunda Prezident həmkarlar ittifaqı təşkilatlarını
Avropanın gələcəyi üçün əməkdaşlığa səsləyib.
Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş
katibi Luka Visentini çıxışında bildirib ki, bu gün Avropa sosial modeli, ümumiyyətlə,
Avropada demokratiya risklərlə üz-üzədir. Çünki sosial cavabdehlik anlayışı yox
olmaqdadır. Hökumətlər yalnız “azı” yox, “çoxu” müdafiə etməlidir. O bildirib
ki, həmkarlar ittifaqı təşkilatlarının yeni kollektiv müqaviləyə ehtiyacı var.
Baş katib son günlər Avropada hakim sağ partiyanın iflasından, onların yarıtmaz
siyasətindən danışıb. O qeyd edib ki, həmkarlar ittifaqı təşkilatları önümüzdəki
parlament şeçkilərində diqqətli olmalı, sosial ədalət uğrunda mübarizə aparan
sol partiyaları dəstəkləməlidir. Bütün demokratik partiyalar daha ədalətli və
sosial bir Avropa yaratmaq üçün səylərini artırmalıdır.
Əminəm ki, nümayəndələrin, üzv təşkilatların və
qonaqların iştirakı ilə aparılan müzakirələrdən, çıxışlardan sonra sizin töhfənizlə
biz gələcəkdə bütün Avropanın işləyən insanlarının böyük çətinliklərini həll edə
biləcək güclü və vahid AHİK yaradacağıq.
Avropa Kommissiyasının Prezidenti Jan-Klod Yunker
Avropada sosial tərəfdaşlıqdan, həmkarlar ittifaqı təşkilatlarının bu prosesdə
rolundan danışıb. O, yalnız yeni iş yerləri yaratmaqla Avropa iqtisadiyyatının
güclənəcəyini bildirib.
Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Qay Rayder öz
növbəsində sosial dialoqun gücləndirilməsi, beynəlxalq əmək hüquqlarının,
konvensiyalarının tətbiqi üçün hökumətlərin öhdəliklərini xatırladıb.
Qurultayda digər mötəbər qonaqların da çıxışlarından
sonra təşkilatın fəaliyyət hesabatı təqdim olunaraq müzakirə edilib.
Növbəti dövr üçün fəaliyyət planı təsdiq edilib, seçkilər
keçirilib. Luka Visentini yenidən Avropa Həmkarlar İttifaqları Konfederasiyasının
(ETUC) Baş katibi seçilib.
Tədbirdə
Azərbaycan həmkarlar ittifaqlarını AHİK-in sədr müavini Aqil Dadaşov, Kənd Təsərrüfatı
Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov təmsil
ediblər. Qurultay ərəfəsində Avropa milli həmkarlar ittifaqları mərkəzləri ilə
görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.