“İşçilərin sosial problemlərinin həlli bundan sonra da diqqət mərkəzində saxlanılacaq”
17 Nov 2017
Noyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) VII qurultayı keçirilib.
Mərkəzi Elmi Kitabxanada təşkil olunan tədbirdə ittifaqın sədri vəzifəsini icra edən, professor Habil Qurbanov hesabat məruzəsi ilə çıxış edərək ötən müddət ərzində görülən işlər barədə ətraflı məlumat verib.
Deyib ki, hesabat dövründə bu elm məbədinə gənc alimlərin marağını artırmaq məqsədilə həmkarlar ittifaqı tərəfindən müəyyən tədbirlər həyata keçirilib. Məsələn, 2015-ci ildə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının bazasında 2 günlük Yay məktəbi təşkil olunub. Məktəbə cəlb olunmuş gənc alimlərin bütün xərclərini həmkarlar ittifaqı öz üzərinə götürüb. Gənc alimlərin I və II Azərbaycan Elm festivallarında iştirakına da ittifaq maliyyə dəstəyi göstərmişdir H.Qurbanov bildirib ki, artıq həmkarlar ittifaqı təşkilatlarında da gənclərin fəaliyyətinin artımı müşahidə olunur. Son hesabat-seçki kampaniyasında 11 ilk təşkilatda sədr vəzifəsinə gənclərin namizədliyi irəli sürülərək dəstəklənib.
Məruzəçi çıxışında həmkarlar ittifaqının fəaliyyətinin digər sahələrinə də geniş yer ayırıb.
Məruzə ətrafında çıxışlarda AHİ-nin 2012-2017-ci illərdəki fəaliyyəti qənaətbəxş hesab olunub. AHİK-in gələn ilin fevral ayında keçiriləcək V qurultayında Səttar Möhbalıyevin yenidən bu təşkilata sədr seçilməsi təklif edilib. Bu təklif iştirakçılar tərəfindən yekdilliklə dəstəklənib.
Mandat və nəzarət-təftiş komissiyalarının hesabatı dinlənilərək qənaətbəxş qiymətləndirilib.
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AMEA AHİ-nin sədri vəzifəsini icra edən Habil Qurbanovun bu vəzifəyə yeni seçilməsinə baxmayaraq, qısa müddət ərzində bir sıra mühüm işlər gördüyünü diqqətə çatdırıb: "Hər bir işçiyə göstərdiyi diqqət, qayğı, onların problemlərinin həllinə çalışması insanların ona verdiyi səsi doğrultmasından xəbər verir. Qurultayda edilən çıxışlar da bunun əyani bir sübutudur".
S. Möhbalıyev nəzərə çatdırıb ki, o, həmişə akademiyanın əməkdaşlarının hər bir təklifinə müsbət yanaşıb. Onların həll olunmasına çalışıb. Konfederasiya tərəfindən say etibarilə ən çox yollayış AMEA əməkdaşlarına ayrılıb. Bu da ona görə edilir ki, burada çalışan insanlar öz həyatını elmə həsr edir. Məqsədimiz də yollayış alanların sağlamlıq ocaqlarına gedərək öz sağlamlıqlarını bərpa etməsidir. AHİK sədri deyib ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilə birgə bundan sonra da işçilərin sosial problemlərinin həllinə çalışacaq.
S.Möhbalıyev ölkə başçısının gənclərə göstərdiyi diqqət və qayğını da xüsusi vurğulayıb: "Gənclərin cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilməsi üçün ölkə rəhbərliyi tərəfindən mühüm addımlar atılıb. Ən istedadlı, bacarıqlı oğlan və qızlar dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkilirlər. Mədəniyyət, idman, elm sahəsində onların qarşısında geniş imkanlar açılıb. Bu işlərin davamı olaraq AHİK tərəfindən də gənclər siyasəti həyata keçirilir. Tərəfimizdən hazırlanan layihələrin yerlərdə icrası müxtəlif sahələrdə çalışan gənclərin potensialının inkişafına, peşəkarlıq səviyyəsinin daha da artırılmasına və həmkarlar ittifaqi üzvlüyünə motivasiyanin gücləndirilməsinə yönəldilir.
Sonra AHİK sədri İcraiyyə Komitəsinin qərarına əsasən, orta məktəblərin əlaçı şagirdlərinə, orta ixtisas təhsili müəssisələrinin və ali məktəblərin nümunəvi tələbələrinə adlı təqaüdlərin, həvəsləndirici mükafatların verilməsini də diqqətə çatdırıb: " Bu, daha çox gənci savad almağa, biliyini artırmasına ruhlandırır. Eyni zamanda bu iş sahə həmkarlar təşkilatları tərəfindən də aparılır”. S.Möhbalıyev istirahət mərkəzlərinin, sanatoriyaların təmir olunması, yenilərinin tikilməsi, lazımi avadanlıqlarla təmin olunması və bu sahədə aparılan digər işləri də sadalayıb.
Sonra AHİK sədri namizədliyinin irəli sürülməsinə, etimada görə təşəkkürünü bildirib. Bundan sonra da akademiya əməkdaşlarına öz köməklərini əsirgəməyəcəklərini deyib.
S.Möhbalıyev uzun illik elmi və ictimai fəaliyyətinə görə akademik Akif Əlizadəyə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının 25 illiyi münasibətilə təsis edilmiş gümüş döş nişanını təqdim edib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək Səttar Möhbalıyevə öz təşəkkürünü bildirib. Akademiya əməkdaşlarının istirahəti, sağlamlığı, maddi rifahının günün tələblərinə uyğun səviyyəyə qaldırılması, iş və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirildiyini söyləyən akademik bu yaxınlarda 60-dan çox əməkdaşa mənzil verildiyini diqqətə çatdırıb. Tibbi problemlərlə bağlı məsələlərin də yaxın vaxtlarda həll olunacağını deyib. A.Əlizadə iş günü nizam-intizam qaydalarının diqqətdə saxlanılmasının vacibliyini də bildirib.
AMEA rəhbəri bundan sonra da əməkdaşların sosial problemlərinin həllinin diqqət mərkəzində saxlanılacağını və bu sahədə işlərin uğurla davam etdiriləcəyini vurğulayıb. Ümidvar olduğunu bildirib ki, AHİ də öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcək.
Qurultayda AMEA AHİ-nin sədri vəzifəsinə səsvermə yolu ilə Habil Qurbanov seçilib.