AZ | RU | EN
AZ | EN | RU

AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir

24 Jun 2010

İlk olaraq Həmkarlar İttifaqı təşkilatlarının 2009-cu il üzrə statistik hesabatları barədə məruzə dinlənildi. Qeyd edildi ki, həmkarlar ittifaqı işində əsas istiqamətlərin müəyyənləşdirilməsinin, qərarların qəbul edilməsinin və nəzarətin həyata keçirilməsinin təməlini məlumat sisteminin düzgün qurulması və işləməsi təşkil edir. Bu sahədə də statistik hesabatların toplanması, onların təhlili və ona uyğun olaraq vəzifələrin müəyyənləşdirilməsi xüsusi rol oynayır. Ümumiləşdirilmiş statistik hesabatların təhlilinin nəticələrinə görə 2010-cu ilə AHİK öz ətrafında 1,6 milyona yaxın həmkarlar ittifaqı üzvünü, 27 üzv təşkilatı və müqavilə əsasında 5 həmkarlar ittifaqını birləşdirir.

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4.3 milyon olduğu və onların 4.07 milyon nəfəri iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində çalışdığı halda həmkarlar ittifaqı üzvlərinin sayı aşağıdır və 39% təşkil edr.

Yeni həmkarlar ittifaqı təşkilatlarının yaradılması, həmkarlar ittifaqı təşkilatları olmayan müəssisə və təşkilatların müəyyənləşdirilməsi, həmin müəssisə və təşkilatlarda həmkarlar ittifaqı təşkilatlarının yaradılması, son illərdə qarşıda duran vəzifələrdən biridir.

Özəl sektorda fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının sayı 5,9%, üzvlərinin sayı isə 3,3% artmışdır. İl ərzində yeni yaradılan təşkilatların əksəriyyəti özəl sektorun payına düşür. Özəl sektorda ləğv edlən həmkarlar ittifaqı təşkilatlarının sayı 2009-cu illə müqayisədə 42% azalmışdır. Həmkarlar ittifaqlarına 2009-cu il ərzində 164647 ərizə və şikayət daxil olmuş və bu ərizələrin 97%-i müsbət həll olunmuşdur. Daxil olan ərizələrin 138000-i maddi yardımla, 21000-i sosial iqtisadi məsələlərin həlli və 26000-ə yaxın isə əmək hüquqlarının müdafiəsi ilə bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, ötən illərlə müqayisədə maddi yardım göstərilməsi ilə bağlı həmkarlar ittifaqlarına olan müraciətlərin sayı xeyli azalmışdır.

Son illərdə dünya iqtisadiyyatında mövcud olan maliyyə böhranı ilə əlaqədar olaraq bir sıra müəssisələrdə ixtisarların aparılması, iş yerlərinin bağlanması, müəssisənin dayanması səbəblərindən müraciətlərin sayının artması təsadüfi deyil Bu müraciətlərin içərisində 562 müraciət işə bərpa ilə əlaqədar olmuşdur. 2009-cu il ərzində 212 nəfər öz işinə bərpa edilmişdir. 2009-cu il ərzində AHİK sədrinin qəbuluna gəlmiş 520 nəfər həmkarlar ittifaqı üzvlərinin tələblərinə baxılmış və müraciət edənlərin problemləri həll edilmişdir.
AHİK və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının son dövrlərdə gender problemlərinə diqqətin artırılması bu sahədə müəyyən nailiyyətlərin əldə olunmasına gətirib çıxarmışdır. Ötən illə müqayisədə Hİ üzvü olan qadınların sayı 3,3 % artmışdır.

Növbəti məruzə «2009-cu ildə istehsalatda baş vermiş bədbəxt hadisələrin vəziyyəti, əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması sahəsində sahə həmkarlar ittifaqı orqanları tərəfindən görülən işlər» barədə oldu. Məruzəçi bildirdi ki, 2009-cu ildə 23 sahə və ərazi həmkarlar ittifaqı orqanının texniki əmək müfəttişləri tərəfindən təhlükəsiz əməyin mühafizəsi sahəsində işçilərin sosial müdafiəsini, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üzrə 712 müəssisə və təşkilatların qeyri-qənaətbəxş olan sahələrində yoxlamalar aparılmışdır. Bu da hesabat dövründən əvvəlki illə müqayisədə 0,4% artıq olmuşdur.
Texniki əmək müfəttişləri tərəfindən aparılmış yoxlamalar zamanı 2996 əmək qanunverijiliyi, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının tələblərinin pozuntusu aşkar edilmişdir. Əməyin mühafizəsi tələblərinə əməl olunmaması barədə işəgötürənlərə 497 təqdimat verilmişdir. Bu da 2008-ci ilə nisbətən 0,5% çoxdur.

Sahə texniki əmək müfəttişlərinin xüsusi diqqət yetirdiyi təşkilati məsələlərdən biri də kollektiv müqavilələrdə və sahə tarif sazişlərində əməyin şəraiti və mühafizəsinin yaxşılaşdırılması üzrə bölmələrinin formalaşdırılmasına, sahə tarif sazişlərində güzəşt və zəmanətlərin verilməsi, zərərli və təhlükəli iş şəraitinə görə əlavə ödənişlərə maliyyə vəsaitlərinin tam ayrılması, sahə normativ bazasının yaradılması və iş yerlərinin attestasiyasının keçirilməsinə nəzarət oldu.

Məhz bunun sayəsində Toxucu və Yüngül Sənaye İşçiləri Müstəqil Həmkarlar İttifaqının xidmətinə daxil olan müəssisə və təşkilatların işçilərinə Əmək Məjəlləsində nəzərdə tutulmayan güzəştli yeməklər verilib. Normadan əlavə sanitar-məişət binası tikilmiş, əvvəllər istehsalatda əlil olmuş və ya peşə xəstəliyinə tutulmuş 16 işçi xüsusi qeydiyyata götürülmüş və onlara əlavə yardımlar göstərilmişdir. Hesabat dövründə Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının xidməti müəssisələrində bütövlükdə iş yerlərinin attestasiyasının aparılması nətijəsində 75% iş yerləri müəyyən normaların tələbləri səviyyəsinə çatdırılmış, Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının xidməti müəssisələrinin iş yerlərində işıq səviyyəsi tam normaya uyğunlaşdırılmış, toz və qazlı iş şəraiti tam aradan qaldırılmışdır. Səhiyyə müəssisələrində zərərli və təhlükəli iş şəraitində çalışan 300 işçiyə süd verilməsinə nail olunmuş, 173 işçi isə bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığortalanmışdır.

Texniki əmək müfəttişləri tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmiş pozuntuların 84,4%-nin (2527) yerinə yetirilməsi təmin edilmişdir. Ağır nəticəli 15 bədbəxt hadisənin 11-nin təhqiqatında texniki əmək müfəttişləri iştirak etmişlər. Komissiyanın tərkibində iştirak etmiş texniki əmək müfəttişlərinin tələbnamələrinə əsasən neft və qaz sənayesindəki hadisəyə görə günahkar şəxslərə töhmət verilmiş, 4 nəfər vəzifəli şəxsə şiddətli töhmət verilməklə axırınjı xəbərdarlıq edilmişdir. Sumqayıt elektrikşəbəkə müəssisəsində istehsalatda baş vermiş 1 ölüm hadisəsinə görə 2 vəzifəli şəxs jəzalandırılmışdır.
Profilaktik nəzarətin aparılmasında bir sıra texniki əmək müfəttişlərinin işlərində nöqsanlara və səhlənkarlığa yol verilib. Aparılan təhlil göstərir ki, çoxları profilaktik nəzarət işini yalnız Bakı şəhərinin ətrafında yerləşən müəssisə və təşkilatlarda aparmışlar.

Ötən ilin noyabrında AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» devizi ilə Respublika müsabiqəsi elan olunmuşdu. Növbəti məsələ müsabiqənin yekunlarına həsr edildi.

Sağlam, təhlükəsiz və estetik iş şəraiti yaratmaq uğrunda yarışa qoşulmuş 143 müəssisə, təşkilatdan 54-ü fərqləndiyinə görə respublika komitələri tərəfindən maddi və mənəvi jəhətdən mükafatlandırılmışdır. Onlardan 21-nin sənədləri AHİK-in Respublika müsabiqəsi üzrə komissiyasına təqdim edilmişdir. Müəssisə və təşkilatların əməyin mühafizəsi sahəsində səmərəli fəaliyyəti müəyyən edilərkən struktur bölmələrində istehsalat zədələnmələrinin, sanitar-məişət obyektlərinin vəziyyəti, işçilərin fərdi mühafizə vasitələri ilə təminat səviyyəsi, əməyin təhlükəsizliyi üzrə iş yerlərinin attestasiyası, texniki əmək müfəttişlərinin apardığı yoxlamalar, üzə çıxardıqları və aradan qaldırılması təklif olunan pozuntuların sayı, kollektiv müqavilələrə daxil edilməsi təklif olunan əməyin mühafizəsinin yaxşılaşdırılmasına yönələn təkliflər, işçilərin əmək şəraitinə dair mübahisələrdə iştirak etməsi və digər məsələlər nəzərə alınmışdır.
Ən yaxşı göstərijilərə nail olmuş 8 qalib müəssisə və təşkilat-Azərbaycan Hava Yolları QSC Aviasiya Təhlükəsizlik İdarəsi, Azərbaycan Dəmir Yolları QSC Biləjəri Çeşidləmə Stansiyası, Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Respublika Hospitalı, «Azərenerji» ASC Şəki Elektrik Stansiyası MMC, «Siyəzən – Broyler» ASC, Azərbayjan Dövlət GənC Tamaşaçılar Teatrı, Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınları Zavodu, Bakı Baş Səhiyyə İdarəsi Tibbi Kliniki Mərkəzi AHİK-in diplom və qiymətli hədiyyələri ilə təltif edildilər.

Qalibləri təbrik edən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev qeyd etdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd işçilərə normal iş şəraitinin yaradılmasıdır. Sağlam və təhlükəsiz əmək şəraiti olmayan yerdə məhsuldarlıqdan danışmağa dəyməz. Dövlət başçımız həmişə vurğulamışdır ki, bütün müəssisə və təşkilatlarda elə bir əmək şəraiti yaradılmalıdır ki, insanlar sağlam olsunlar, istehsalat zədələnmələrindən əziyyət çəkməsinlər.

Daha sonra Həmkarlar İttifaqları İdman təşkilatlarının 2009-cu ilin yekunları üzrə statistik hesabatlarının təsdiqi, Azərbaycan həmkarlar ittifaqlarının 2009-cu il üzrə gender statistikası, Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri və Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitələrinin xidməti dairəsində olan müəssisə və təşkilatlarda işçilərin xəstələnmə hallarının vəziyyəti haqqında məsələlər müzakirə olundu.

Dövlət gənclər siyasətinin həyata keçirilməsi, gənclərin konstitusiya hüquqlarının qorunması, onların mənəvi, yaradıcı, intellektual potensiallarının üzə çıxarılması, ən yaxşı milli keyfiyyətlərin qorunması və yayılması, gənc nəslin ideya-əxlaqi və vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin təkmilləşdirilməsi məqsədilə AHİK-in İcraiyyə Komitəsi «Gənclərlə iş üzrə ən yaxşı ilk həmkarlar ittifaqı təşkilatı» adı uğrunda Respublika baxış-müsabiqəsi keçirilməsini qərara aldı.

ic1 ic2 ic4

FAYDALI KEÇİDLƏR