İstehsalın inkişafı sosial məsələlərə diqqətdən asılıdır
05 Dec 2018
Dekabrın 5-də Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin III Plenumu keçirilib.
Plenumun gündəliyindəki əsas məsələ “Sahə həmkarlar
ittifaqında kollektiv saziş və müqavilələrin bağlanması və onların icrası” olub.
Bu məsələ ilə əlaqədar Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Şöhrət
Mustafayevin məruzəsi dinlənilib.
Məruzədə deyilib ki, ölkəmizdə energetikanı inkişaf
etdirmək üçün elektrik stansiyalarında və yarımstansiyalarında yenidənqurma işləri
aparılır. Yeni müasir texnologiyalı stansiyalar inşa edilir, yeni yüksək gərginlikli
xətlər çəkilir. İstehsal edilən enerjinin istehlakçılara keyfiyyətli
çatdırılması üçün əlavə tədbirlər görülür. Alternativ və bərpa olunan enerji mənbələrindən
geniş istifadə edilməsi istiqamətində də xeyli işlər görülüb.
Qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan işlərdən
biri də Sumqayıt Texnologiyalar Parkının yaradılmasıdır. Müasir Texnologiyalar
Parkında respublika üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına
malik olan elektroenergetika və maşınqayırma sənayesinin müxtəlif çeşidli məhsulları
istehsal edilir.
“ATEF Şirkətlər Qrupu” MMC-də də yeni müasir müəssisə və
istehsal xətləri istismara verilib. Sənayenin inkişafı minlərlə müasir iş yerlərinin
açılmasına səbəb olub.
İşçilərin əmək və sosial-iqtisadi mənafelərini müdafiə edən
əsas sənədlərdən biri həmkarlar ittifaqlarının işəgötürənlərlə bağladıqları
kollektiv saziş və kollektiv müqavilələrdir. Bu sənədlərdə əmək,
sosial-iqtisadi, əməyin mühafizəsi, mədəni-məişət və digər məsələlərə dair
münasibətləri tənzimləyən norma və müddəalar, eyni zamanda qanunvericiliyin tələblərinə
nisbətən daha geniş və güzəştli şərtlər öz əksini tapır.
Respublika Komitəsi ilə “Azərenerji” ASC arasında
bağlanmış kollektiv sazişdə, eləcə də kollektiv müqavilələrdə “Sosial təminatlar
və güzəştlər” bölməsində bütün sosial ödəmələrin və mükafatların məbləği birinci
dərəcəli işçinin tarif (vəzifə) maaşına əmsal tətbiq etməklə təyin olunur. Bu
bölməyə uyğun olaraq müharibə əlillərinə, şəhid ailələrinə 20 Yanvar “Ümumxalq
hüzn günü” ərəfəsində, hərbi qulluğu başa vuraraq yenidən müəssisəyə qayıdan
işçiyə işəgötürən tərəfindən maddi yardım verilir.
Dövlət, milli, dini bayramlar, “Energetiklər günü”
münasibətilə işçilərə, Silahlı Qüvvələr günü münasibətilə Qarabağ, Böyük Vətən,
Əfqanıstan müharibələri veteranlarına və Çernobıl qəzasının ləğvinin
iştirakçılarına birdəfəlik mükafat verilir.
Kollektiv saziş və müqavilələrin “Əməyin mühafizəsi”nə
aid bölməsində əməyin mühafizəsi normalarına və qaydalarına uyğun olaraq iş
yerlərinin attestasiyasını, işləyənlərin əməyinin mühafizəsi üzrə təlimini
keçirmək və ixtisaslaşdırmaq məqsədilə görülən tədbirlərə əməkhaqqı
fondunun azı 2%-i məbləğində vəsait ayırmaq nəzərdə tutulub. İşçilərin icbari
tibbi müayinədən keçirilməsinə maliyyə vəsaitləri ayrılır. Onların peşə xəstəliklərindən
və istehsalatda bədbəxt hadisələrdən sığortalanması tam təmin edilib.
Məruzə ətrafında çıxışlar dinlənilib və müvafiq qərar qəbul
edilib.
Pienumda Respublika Komitəsinin 2019-cu il üçün büdcəsi təsdiq
olunub.