AZ | RU | EN
AZ | EN | RU

İkitərəfli əməkdaşlıq müqaviləsi imzalanmışdır

24 Jan 2011

Misir Elm və Təhsil Araşdırmaları Ümum Həmkarlar İttifaqının nümayəndə heyəti 22-27 yanvar tarixlərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəvəti ilə Azərbaycanda səfərdə olmuşdur.

Təşkilatın prezidenti El Sayad All Hamzanın rəhbərlik etdiyi nümayəndə heyəti səfərin ilk günü Şəhidlər Xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizi ziyarət etmiş, onların məzarları üzərinə tər çiçəklər düzmüşlər.

Yanvarın 24-də Misirdən olan qonaqları Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev qəbul etmişdir. Nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun qaldığını ifadə edən millət vəkili qeyd etmişdir ki, Azərbaycan və Misir dövlətləri arasından, iki ölkənin prezidentləri arasında səmimi dostluq münasibətləri mövcuddur. Azərbaycan və Misirdə fəaliyyət göstərən həmkarlar təşkilatlarının da əlaqələrinin qurulmasının vacibliyindən danışan S. Mehbalıyev ümidvar olduğunu qeyd etmişdir ki, təşkilatlar arasından əlaqələrin daha da inkişaf etməsinə bu səfərin əhəmiyyətli təsir göstərəcəyinə ümidvardır.

Sonra ATİAHİ Respublika Komitəsinin sədri qonaqlara Azərbaycanda həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı məlumat vermişdir. Bildirmişdir ki, ölkəmizdə həmkarlar təşkilatları öz işini «Həmkarlar təşkilatları haqqında» Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq qurur. Bu qanun həmkarlar təşkilatlarına böyük səlahiyyətlər vermişdir: «Azərbaycan dövləti həmkarlar təşkilatlarının fəaliyyətinə böyük dəyər verir. Vaxtaşırı olaraq həmkarlar təşkilatlarının daha səmərəli fəaliyyət göstərə bilməsi üçün qanunvericiliyə zəruri əlavə və dəyişikliklər edilir. Bu gün qanunvericiliyimizin tələblərinə görə işəgötürən işçini həmkarlar təşkilatının razılığı olmadan işdən azad edə bilməz».

S. Mehbalıyev Azərbaycanın uğurla təhsil siyasətindən də danışmışdır. Qeyd etmişdir ki, ölkəmizdə hər il yeni-yeni məktəb binaları tikilir, uşaqlarımızın təhsilli, sağlam vətəndaş kimi yetişdirilməsi üçün hərtərəfli şərait yaradılır. Millət vəkili bildirmişdir ki, Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan dövləti tərəfindən işğal olunması nəticəsində 1 milyondan artıq vətəndaşımız doğma yurd-yuvasından didərgin düşmüş, minlərlə təhsil müəssisəsi işğalçılar tərəfindən dağıdılmışdır. Misir dövlətinin daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini xüsusi qeyd edən S. Mehbalıyev ümidvar olduğunu söyləmişdir ki, Misirin həmkarlar təşkilatları da Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına öz dəstəyini verəcək.

Öz növbəsində səmimi qəbula görə ATİAHİ Respublika Komitəsinin sədrinə təşəkkürlərini bildirən Misir Elm və Təhsil Araşdırmaları Ümum Həmkarlar İttifaqının prezidenti El Sayad All Hamza söyləmişdir ki, Azərbaycan və Misir dövləti böyük inkişaf yolu keçir. «İstəyirik ki, həmkarlar təşkilatları olaraq ölkələrimiz arasındakı dostluq münasibətlərinə öz töhfələrimizi verək» deyən qonaq qeyd etmişdir ki, təşkilatlar arasında əməkdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Daha sonra tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Misir Elm və Təhsil Araşdırmaları Ümum Həmkarlar İttifaqı arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilədə elm və təhsil işçilərinin sosial, iqtisadi, əmək hüquqlarının qorunması, əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi, təminatı və müdafiəsi, təhsil sahəsində dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması, həmkarlar ittifaqlarının fəaliyyət metodikasının təkmilləşdirilməsi və təcrübə mübadiləsinin aparılması, tərəflərin mövqelərinin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsi, elm və təhsil sahələrində dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması üçün səylərini birləşdirməsi, fəaliyyətlərini əlaqələndirilməsi və s. kimi məsələlər öz əksini tapmışdır.

misirli1 misirli2 misirli3

 

FAYDALI KEÇİDLƏR