AZ | RU | EN
AZ | EN | RU

Dağlıq Qarabağ münaqişəsi Azərbaycan sanatoriyalarının inkişafına mənfi təsir göstərir - Həmkarlar İttifaqları Konfederasiyasının sədri

05 Jul 2010

saz5Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sanatoriyaların inkişafına ciddi mənfi təsir göstərir.

 Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir T.Hacıyev/

 "1989-cu ildən etibarən respublikanın düşdüyü müharibə vəziyyəti, ağır iqtisadi problemlər, azad bazar iqtisadiyyatının sərt münasibətləri sanatoriya, pansionat və kurortlarımızdan da yan keçməyib. "Şuşa", "İstisu" sanatoriyaları erməni təcavüzkarları tərəfindən işğal olunmuş ərazilərdə qalıb. "Kurort" Səhmdar Cəmiyyətinə 2,2 milyard manatdan artıq ziyan dəyməklə çarpayı fondu 7 939 vahid azalıb", - Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycan Azad Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev hakim Yeni Azərbaycan Partiyasının rəsmi internet-saytına müsahibəsində bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Mehbalıyev deyib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın düşmüş soydaşlarımıza kömək məqsədilə sanatoriyaların əksəriyyəti onların ixtiyarına verilib.

"Hazırda sanatoriyaların 70%-də 8 500-ə yaxın qaçqın və məcburi köçkün yaşayır. Didərgin soydaşlarımıza göstərilən kommunal, səhiyyə və digər xidmətlərin xərci, əsasən, həmkarlar ittifaqları fondlarının hesabına ödənilir. Bununla belə, Azad Həmkarlar İttifaqları Konfederasiyası "Kurort" Səhmdar Cəmiyyəti əməkçilərin sağlamlığının qorunması və mühafizəsi üçün bütün daxili imkanlarını səfərbər edib və cəmiyyətin xidmətində olan müxtəlif profilli sanatoriyaların hamısında müalicəyə gələnlərin rahatlığını təmin etmək məqsədilə hər cür şərait yaradır. Hazırda həmkarlar ittifaqlarının 1 kurort birliyi, 5 sanatoriyası, 1 müalicə pansionatı və istirahət evi fəaliyyət göstərir. Bu müəssisələrin 12 600 çarpayı fondundan yalnız 2 250-si sanatoriya-kurort müalicəsi və istirahət üçün istifadə edilir. Bunun bir səbəbi orada qaçqınların məskunlaşması, çarpayı fondunun bir hissəsinin işğal olunmuş ərazilərdə qalmasıdırsa, bir səbəbi də texniki cəhətdən istismara yararsız olduğuna görə konservasiya edilməsidir", - Mehbalıyev əlavə edib.

ПОЛЕЗНЫЕ ССЫЛКИ