TƏSİS KONFRANSI KEÇİRİLMİŞDİR
17 Aug 2011
Konfransı həmkarlar ittifaqının təsis olunması üçün yaradılmış təşəbbüs qrupunun üzvü Arif Bayramov açaraq bildirmişdir ki, şirkətin Azərbaycan filialında həmkarlar ittifaqı təşkilatının yaradılmasında məqsəd şirkət rəhbərliyi ilə işgüzar münasibətlər qurmaqla işçilərin sosial-iqtisadi problemlərinin həllinə, əməyinin və sağlamlığının mühafizəsinə, istirahətlərinin təşkilinə köməklik göstərməkdir.
Konfrans həmkarlar ittifaqının təsis olunması, rəhbər orqanların seçilməsi, nəzarət təftiş komissiyasının üzvlərinin təsdiq edilməsi və təşkilatın Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının xidmətinə daxil olması barədə qərar qəbul edilmişdir. Arif Rüstəm oğlu Bayramov yekdilliklə təşkilatın sədri seçilmişdir.
Konfransın işində AHİK-in sədri, millət vəkili S.Mehbalıyev, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı RK-nin sədri C.Əliyev, “Bos-Shelf” şirkəti Həmkrlar İtifaqı Təşkilatının sədri A. Əyyubov, şirkətin Azərbaycan filialının baş direktorunun müşaviri D. Əliyev iştirak etmişlər.
Tədbirdə Neft və Qaz Sənayesi İşçiləri HİRK-nin sədri C. Əliyev çıxış edərək yeni yaradılmış təşkilatı təbrik etmiş və uğurlar arzulamışdır. O, bildirmişdir ki, təşkilatın fəaliyyəti və inkişafı üçün onlara əməli köməklik göstəriləcəkdir.
Konfransda çıxış edən AHİK sədri, millət vəkili S.Mehbalıyev həmkarlar ittifaqı təşkilatının təsis olunması ilə əlaqədar konfrans iştirakçılarını təbrik edərək Azərbaycan Həmkarlar İttifaqlarının işçilərin sosial-iqtisadi problemlərinin həlli istiqamətində respublikada apardığı işlər barədə danışmışdır. Daha sonra AHİK sədri son üç ildə işçilərin sosial hüquqlarının qorunması və həmkarlar ittifaqının mövqeyinin gücləndirilməsi üçün AHİK-in təşəbbüsü ilə respublika qanunvericiliyində edilən dəyişikliklər barədə konfrans iştirakçılarını məlumatlandırmışdır.