AZ | RU | EN

İkigünlük konfrans öz işinə başlamışdır

27 Apr 2011

Bakı Biznes Mərkəzində təşkil olunan konfransa AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirmişdir ki, ikigünlük konfransın məqsədi miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində həmkarlar ittifaqlarının rolunu müzakirə etmək, miqrantların əmək şəraitinin yaxşılaşdırılması, onların hüquqlarının təmin edilməsi mexanizmləri ətrafında fikir mübadiləsi aparmaqdır.

Xarici ölkələrdə çalışan azərbaycanlı miqrantların məsələsinə də toxunan S.Mehbalıyev vurğulamışdır ki, hazırda onların 83 faizi Rusiyada, 5 faizi Ukraynada, qalanları isə Qazaxıstan, Belarus, Gürcüstan və digər ölkələrdə fəaliyyət göstərirlər. AHİK-in əsas məqsədi azərbaycanlı miqrantların çoxluq təşkil etdiyi ölkələrin həmkarlar ittifaqları ilə əlaqələr qurmaq, miqrantlarımızın əmək və sosial hüquqlarının təminatı ilə bağlı razılıq əldə etməkdir. Bu məqsədlə konfrans çərçivəsində AHİK ilə Rusiya Azad Həmkarlar İttifaqları Federasiyası arasında əməkdaşlıq haqqında müqavilə də imzalanmışdır. AHİK sədri demişdir ki, bu yaxınlarda oxşar razılaşma Rusiyanın Sverdlovsk Vilayət Həmkarlar İttifaqı Təşkilatı ilə də əldə edilmişdir. Bu vilayətdə 34 minədək azərbaycanlı çalışır və onlar öz həmkarlar ittifaqı təşkilatlarını yaratmaq üçün vilayətin dövlət strukturları və Azərbaycan diasporu ilə məsləhətləşmələr aparırlar. AHİK-in sədri gələcəkdə azərbaycanlıların çoxluq təşkil etdiyi Rusiyanın Kurqan və Tümen vilayətlərinin həmkarlar ittifaqı təşkilatları ilə də əməkdaşlığın qurulacağını bildirmişdir.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev son illər respublikamızın sürətli inkişafından danışaraq bildirmişdir ki, ölkədəki sabit iqtisadi inkişaf xarici dövlətlərdən əməkçi miqrantların Azərbaycana axınına səbəb olmuşdur. Cari il aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda 452 min 475 miqrant vardır. Onlardan 25 faizini əmək fəaliyyəti ilə məşğul olanlar, 20 faizini əyani təhsil alanlar, 18 faizini isə Azərbaycan Respublikasının vətəndaşları ilə yaxın qohumluq münasibətində olanlar təşkil edir.

Konfransda, həmçinin Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının baş katibi Məmmədəli Əliyev, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəsmisi Stefan Benedikt, Beynəlxalq Əmək Təşkilatının əməkçilərin işi üzrə baş mütəxəssis Sergeyus Qlovaskas təmsil etdikləri qurumların əmək miqrantlarının sosial-iqtisadi hüquqlarının qorunması, insan alveri ilə mübarizə istiqamətində regional təşkilatlarla əməkdaşlığından danışmışlar.

Bildirilmişdir ki, bu konfrans əmək miqrantlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlərin intensivləşməsinə böyük töhfə verəcəkdir.

Beynəlxalq konfransda Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, Moldova, Serbiya, Fransanın həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri iştirak edirlər.

Konfransın iştirakçıları öncə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür.

bkonfr1 bkonfr7
bkonfr3 bkonfr5