Kurort-sanatoriya şəbəkəsi təkmilləşdirilir
27 Apr 2017
“Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə
malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Təbii sərvətlər, neft,
qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim
gəlir gətirən sahələr mütləq inkişaf etməlidir”.
İlham ƏLİYEV
Sağlamlıq,
harmoniya, komfort!
Azərbaycan Həmkarlar İttifaqı
Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin tibbi personalı
məhz bu devizlə yaz-yay mövsümünə başlamışdır.
Konfederasiyanın nəzdində 8
sanatoriya, 1 müalicə pansionatı və 10 istirahət bazası fəaliyyət göstərir. Bu sanatoriyalardan yalnız 6-sı mütəmadi olaraq ilboyu
insanlara xidmət edir. Digər 2 sanatoriya və 10 istirahət bazası mövsümi işləyir.
Artıq “Kurort” QSC-nin “Bilgəh” kardioloji, Mərdəkandakı “Abşeron” mədə-bağırsaq,
“Qaranquş” uroloji, “Günəşli” nevroloji və Naftalandakı “Azərbaycan”
sanatoriyaları təzə mövsümə tam hazırdır. İndiyədək cəmiyyətin təşəbbüsü ilə
keçirilmiş elmi-praktik konfranslar, yığıncaqlar və digər tədbirlər nəticəsində
“Kurort” sanatoriya şəbəkəsində çalışan 800 nəfərlik tibbi-iaşə və texniki işçi
kollektivlərinin peşəkarlıq səviyyəsi daha da yüksəldilmişdir. Bir ilə yaxındır
ki, əsaslı təmir və yenidənqurmadan sonra “Şıx” sanatoriyası öz qapılarını əməkçilərin
üzünə açmışdır. Burada əsasən dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsi həyata
keçirilir. İndi bu sanatoriyaya gələnlər şəraitdən və nümunəvi xidmətdən çox
razılıq edirlər. 120 çarpayılıq şəfa ocağı 1, 2 və 3 nəfərlik otaqlardan ibarətdir.
Bu müalicə və istirahət ocağı ilk növbədə beynəlxalq standartlara cavab verir və
heç də Avropa sanatoriyalarından seçilmir. Əsas məsələ odur ki, “Kurort”
QSC-nin bütün kollektivi var qüvvə ilə “Azərbaycan Respublikasında kurortların
2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinə
çalışır, nümunəvi xidməti daha da yüksəldirlər. Təsdiq olunmuş bu Dövlət
Proqramı ölkədə müalicə müəssisələrinə göstərilən diqqət və qayğının bariz
nümunəsidir.
- İlk öncə qeyd etməliyəm ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı sosial siyasətə
uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları yeni kurort-sanatoriya müəssisələrinin,
müasir standartlara cavab verən turist bazalarının tikilməsi, mövcud sağlamlıq
ocaqlarının təkmilləşdirilməsi və abadlaşdırılması istiqamətində çoxlu işlər həyata
keçirilmişdir. AHİK-in sədri Səttar
Mehbalıyev Dövlət Proqramının yerinə yetirilməsi işini daim diqqətdə saxlayır və
birbaşa nəzarət edir. AHİK rəhbərliyi bu gün QSC-nin bütün şəfa ocaqlarında
yenidənqurma işlərinə başlamaq, bütün sanatoriyaları beynəlxalq standartlara
uyğunlaşdırmaq fikrindədir. Əlbəttə, nailiyyətlərimiz irəlidədir - deyə
“Kurort” QSC-nin sədri Əbil Ağasıyev söhbətə başladı:
-
Yazın ətri gələn kimi sanatoriyalarımıza müraciət edənlərin sayı çoxalır. Bu il
3 min çarpayılıq şəfa ocaqlarımızda 12-13 min nəfər əməkçinin dincəlməsini
planlaşdırmışıq. Hazırda personallarımız “Bilgəh”, “Abşeron”, “Qaranquş”, “Şıx”
və başqa sanatoriyalarda 1000 nəfərədək xəstəyə qulluq göstərirlər. Məqsədimiz
insanların sağlamlığını qorumaq və onlara şəfa verməkdir. Ancaq bununla işimizi
bitmiş hesab etmirik. Artıq bu il tibbi turizmin qəbulu ilə bağlı Rusiya
Federasiyasının bir neçə iri şirkəti ilə müqavilə bağlamışıq. Gözlədiyimizə görə
nəticə ürəkaçan olacaq. Qarşıya qoyulmuş əsas vəzifəmiz Azərbaycana turist
axınını daha da gücləndirməkdir.
Yeri gəlmişkən qeyd etməliyəm ki, talasaterapiya deyilən bir müalicə növü var
ki, dəniz yosunlarından hazırlanmış məhlul ilə toksinləri dəridən təmizləyir.
Talasaterapiya əsasən Mərakeş və Tunisdə çox yayılmışdır. Bu müalicə növünü Azərbaycana
gətirmək, kurort və sanatoriyalarımızda onu tətbiq etmək fikrindəyik. Bu, çox dəyərli
müalicə üsuludur.
İndi ölkəmizdə insanların
sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili üçün
kurort-sanatoriya şəbəkəsi ildən-ilə təkmilləşdirilir və daha da genişləndirilir.İndi
sanatoriyaların korpuslarının və ərazilərinin yeni görkəmdə müasirləşdirilməsi
sağlamlıqla yanaşı, şəfa ocaqlarında dincələnlərə daha xoş təsir bağışlayır, onların
zövqünü oxşayır. Onlar boş vaxtlarında tennis kortunda, idman meydançalarında səmərəli
vaxt keçirir və müxtəlif oyunlarda özlərini sınayırlar.
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”
ölkədə kurort-sanatoriya şəbəkəsinin daha da təkmilləşdirilməsi və inkişafı ilə
bağlı ənənəvi siyasətin davan etdirilməsi bu sahədə böyük uğurlara imza
atılacağından xəbər verir...
Müalicə və istirahət
ocaqlarında, xüsusən də “Bilgəh” sanatoriyasında dincələn insanlar həkim-kardioloq
Akif Quliyev, Şərif Şahməmmədov və başqalarından çox razılıq edirlər. Saatlı rayonunda yaşayan və 40 ildən artıq müəllim işləmiş
Güloğlan Həsənov “Günəşli” sanatoriyasının həkim-nevropatoloqu Fatma
Quliyevanın təcrübəsindən və insana qayğısından ağızdolusu danışır. Ədilə
Yusifova, Şövkət Cəfərova, Ramiz Aslanov, Qasım Mayılov və başqa xəstələr isə
“Şıx” sanatoriyasında yaradılmış gözəl şəraitdən və həkimlərin müalicəsindən həvəslə
söhbət açırlar.
Bu gün respublikada bütün əməkçilərin
sağlamlığının qorunması və istirahətinin nümunəvi təşkili AHİK-in “Kurort”
Qapalı Səhmdar Cəmiyyətinin xüsusilə diqqət mərkəzindədir. Çünki Azərbaycanda hər bir əməkçinin, xüsusən də təqaüdə
çıxan insanların müalicə və istirahətinin təşkili, həyat tərzinin
yaxşılaşdırılması və sosialyönümlü islahatlara geniş yer verilməsi ölkəmizdə
artıq prioritet məsələyə çevrilmişdir. Bir sözlə, hər bir tədbir, hər bir
sosial yenilik insanların mənafeyinə hesablanmışdır.
Azərbaycan qəzeti
27.04.2017