AZ | RU | EN
AZ | EN | RU

Latviyanın Həmkarlar İttifaqının nümayəndə heyəti AHİK-də qəbul edilmişdir

28 Mar 2012

 A.Dadaşov demişdir ki, Azərbaycan həmkarlar ittifaqları respublikamız müstəqillik qazandıqdan sonra Şuradan Konfederasiyaya çevrilmiş və səlahiyyətlərinin böyük hissəsini sahə qurumlarına vermişdir. Biz əsasən hökumətlə bağlı məsələlərin həlli ilə məşğul oluruq. AHİK ətrafında birləşmiş sahə həmkarlar ittifaqlarının təklifləri, mənafeləri, maraqları tərəfimizdən hökumətlə, işəgötürənlərin Konfederasiyası ilə bağlanan Baş Kollektiv Sazişdə əksini tapır.

A.Dadaşov daha sonra bildirmişdir ki, keçmiş Sovet respublikaları arasında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan ilk qurumlardan biri də AHİK olmuşdur. Bu, 2000-ci ildə baş vermişdi. Həmin tarixdən ötən illər ərzində Konfederasiya ən nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də dünyanın əksər ölkələrinin həmkarlar ittifaqı milli mərkəzləri ilə əlaqələr qura bilmişdir. AHİK-in təmsilçilərindən biri - Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova BHİK-in vitse-prezidenti seçilib.

AHİK sədrinin müavini həmkarlar ittifaqının ölkə daxilində də kifayət qədər hörmət və etimad sahibi olduğunu söyləmişdir: "Artıq uzun illərdir ki, AHİK sədri Səttar Mehbalıyevin namizədliyi parlamentə deputat seçkilərində ərazilərin seçiciləri tərəfindən dəstəklənir. Sədrimizin Milli Məclisdə deputat kimi fəaliyyət göstərməsi həmkarlar ittifaqının sosialyönümlü qanunvericilik aktlarında işçilərin maraqlarına uyğun dəyişikliklər, əlavələr etməsinə şərait yaradır”.

A.Dadaşov onu da qeyd etmişdir ki, Azərbaycanda həmkarlar ittifaqının səmərəli fəaliyyət göstərməsi, işçilərin hüquqlarını güzəştsiz qoruması üçün yaxşı qanunvericilik bazası vardır. Bununla belə, biz mütəmadi olaraq qanunvericilik bazasını nəzərdən keçirir, onun iqtisadiyyatımızın inkişaf tempinə uyğunlaşdırılmasına, təkmilləşdirilməsinə çalışırıq. Qanunvericilik bazasından söhbət düşmüşkən bir faktı da nəzərinizə çatdırım ki, MDB ölkələri arasında həmkarlar ittifaqları haqqında qanun ilk dəfə Azərbaycanda qəbul edilib.

A.Dadaşov tərəfdaşlarla aparılan sosial dialoq, miqrantlarla iş və sair məsələlərə də toxunmuş və əmin olduğunu bildirmişdir ki, Latviya ilə Azərbaycan həmkarlar ittifaqlarının bir-birinin təcrübəsindən istifadə etməsi hər iki qurum üçün faydalı olacaq.

Latviya ETİHİ-nin prezidenti, nümayəndə heyətinin başçısı İnqrida Mikisko səmimi qəbul və ətraflı məlumata görə AHİK sədrinin müavininə təşəkkürünü bildirmişdir: "Mən bir tarixçi kimi Cənubi Qafqazda uzunömürlülüyün səbəbini araşdırdığımdan Azərbaycan xalqının necə mehriban, istiqanlı insanlar olduğuna yaxşı bələdəm. Bizi burada xoş üzlə qarşıladınız. Bakı gözəllər-gözəlidir. İlkin məlumatımıza, gördüklərimizə, öyrəndiklərimizə istinadən deyə bilərəm ki, həmkarlar ittifaqı təşkilatınız qədim tarixə, zəngin təcrübəyə malikdir. Sizdən öyrənməyə dəyər".

İ.Mikisko onu da nəzərə çatdırmışdır ki, problemlərimiz, demək olar ki, eynidir. Siz də, biz də əməkhaqlarının müntəzəm artırılması, iş şəraitinin yaxşılaşdırılması və sair problemlərin həlli ilə məşğuluq. Düzdür, bizim üzvlərimizin sayı sizin Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə müqayisədə təxminən 10 dəfə azdır - 33 min nəfərdir. Amma Latviya kimi ölkə üçün bu böyük rəqəmdir.

İ.Mikisko hökumətlə münasibətlərindən də danışaraq demişdir ki, "Bir çox hallarda onlar təşkilatımıza güzəştə getmək məcburiyyətində qalırlar”. O, bunun da səbəbini ittifaqın nəzdində yaradılmış tətil fondunun mövcudluğu ilə izah etmişdir: "Üzvlük haqlarının 13 hissəsi tətil fonduna köçürülür. Bu fond toxunulmaz qalır. Hökumət yaxşı bilir ki, biz tətilə çıxsaq, həmin fondun hesabına uzun müddət duruş gətirə bilərik".

Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim etmişlər.

Görüşdə AHİK-in katibi - Aparat rəhbəri Həsən Cəfərov, TİAHİ RK-nın müavinləri Mirzə Cəfərzadə, Şaiq Əsgərov, şöbə müdirləri Pərviz Bağırov, Mübariz Eyvazov da iştirak edirdilər.

 

28.03.12.1 28.03.12.2

28.03.12.3

FAYDALI KEÇİDLƏR