AZ | RU | EN
AZ | EN | RU

Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsi ilə bağlı seminar keçirilib

03 Nov 2016

Noyabrın 2-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında «Azərbaycan Respublikasının 2016 -2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində Azərbaycan Həmkarlar İttifaqlarının vəzifələri və fəaliyyət planı» mövzusunda seminar keçirilib. 

Seminarda AHİK-ə üzv təşkilatların nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı bildirilib ki, «Layiqli Əmək üzrə Ölkə Proqramı» cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar olmasına, sosial ədalət prinsiplərinə əməl edilməsinə, əmək münasibətlərinin tənzimlənməsinə güclü təkan verəcək.
Tədbir müzakirələrlə davam edib.
Seminar öz işini noyabrın 3-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında davam etdirib. Tədbirdə AHİK sədri, millət vəkili Səttar Mehbalıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Bürosunun baş mütəxəssisi Serqius Qlovaskas iştirak edib.
AHİK sədri çıxış edərək bildirib ki, BƏT çox doğru olaraq layiqli əmək anlayışını «Azadlıq, bərabərlik, təhlükəsizliyin təmin edildiyi və insan ləyaqətinin uca tutulduğu şəraitdə qadın və kişilər üçün layiqli və məhsuldar əməyin əldə edilməsi imkanları» kimi dəyərləndirir. AHİK bu dəyərləndirməni tam dəstəkləyir, həmçinin fəaliyyətimizin mühüm istiqamətlərindən biri hesab edir.
Ölkəmizdə layiqli əmək milli iqtisadi və sosial siyasətlərin əsas hədəflərindəndir. Layiqli Əmək üzrə Ölkə Proqramı da «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası, «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»ndakı milli prioritetlərə əsaslanır.
S.Mehbalıyev qeyd edib ki, struktur islahatlarının gedişində xarici kapitalla işləyən müəssisələrdə və iqtisadiyyatın qeyri-formal sektorunda həmkarlar ittifaqı təşkilatlarının yaradılmasında sahə həmkarlar ittifaqlarına metodoloji yardım göstərilməsi məsələləri də qarşıda duran vəzifələrdəndir. Bu məsələlərin həyata keçirilməsində BƏT-in iştirakı və yaxından dəstəyinə böyük ehtiyacımızın olduğu Layiqli Əmək üzrə Ölkə Proqramında hərtərəfli əks olunmuşdur.
Ölkə Proqramının prioritetləri və nəticələrini nəzərdən keçirərkən hesab edirik ki, layiqli əmək Azərbaycanın iqtisadi və sosial siyasətinin əsas məqsədlərindən biri olmalıdır. BƏT-in mandatına və BƏT-in müqayisəli üstünlük sahələrinə uyğun sektorlarda mövcud vəziyyət nəzərə alınaraq – inkluziv artım üçün layiqli əmək imkanlarının və keyfiyyətli iş yerlərinin təşviqi, sosial müdafiənin və iş şəraitlərinin təkmilləşdirilməsi, əməyin idarəedilməsinin və sosial dialoq mexanizmlərinin gücləndirilməsi üçün müvafiq addımlar atılmalıdır.
Konfederasiya sədri nəzərə çatdırıb ki, Azərbaycan hazırda hərtərəfli məşğulluq siyasəti çərçivəsini hazırlayır və ölkənin milli prioritetlərinə, iqtisadi inkişaf perspektivlərinə və mövcud demoqrafik meyllərinə əsaslanaraq tam və səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş islahatlar həyata keçirir. AHİK İşçi Qrupunda iştirak edir. BƏT-in ekspertləri İşçi Qrupuna texniki dəstək göstərirlər.
BƏT-in texniki dəstəyi ilə gənc qadın və kişilərə yönəlmiş aktiv əmək bazarı proqamları hazırlanıb tətbiq olunmaqdadır.
S.Mehbalıyev daha sonra deyib: ”Biz BƏT-in AHİK-ə struktur islahatlarına dair məsləhət xidmətlərini təqdim etməsini, üzv təşkilatlara qeyri-rəsmi işçilərlə işləmək və müdafiə olunmayan məşğulluqda olan üzvlərə münasibətdə daha açıq olmaq üçün metodoloji dəstək göstərəcəyini alqışlayırıq.
Bütün bunlar isə üzvlərimizin maraqlarının effektiv təmsil və müdafiə etmək, sosial-iqtisadi siyasətə təsir qabiliyyətini artırılmaq sahəsində AHİK-in potensialını bir daha gücləndirəcəkdir.
AHİK Layiqli Əmək üzrə Ölkə Proqramının hazırlanmasında olduğu kimi həyata keçirilməsində də fəal rol oynayacaqdır”.
BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Bürosunun baş mütəxəssisi Serqius Qlovaskas bildirib ki, bütün görülən işlər bizim birgə fəaliyyətimizin nəticəsidir. Yeni vəzifəyə təyin olunmağım əldə olunan nailiyyətlərin daha da artmasına fayda verəcək. Əlbəttə əməkdaşlığımız davam edəcək. Öncədən onu qeyd edim ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz nüfuzuna, fəaliyyət istiqamətinə görə regiounun qabaqcıl təşkilatlarından biridir.
Son 6 il ərzində nələri etdiyimizə qısaca nəzər salaraq müəyyən məsələlər barəsində fikir yürütmək olar. Dörd əsas proqram – Layiqli əmək, əməyin mühafizəsi, miqrantlar problemi və gənclərin məşğulluğu proqramları üzərində mütəmadi işlər aparılıb. Fəxrlə deyə bilərəm ki, ötən illər ərzində BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Bürosu ilə AHİK arasında müəyyən sahələrdə daha sıx və səmərəli əməkdaşlıq qurulub.
BƏT-in texniki dəstəyi milli strategiyaların inkişafı sahəsində və qarşılıqlı əməkdaşlığın spektrinin genişləndirilməsi üçün cəmləşib. Bu gün bizim əməkdaşlıq istiqamətlərini gənclərin məşğulluğunun artırılması, əmək qanunvericiliyi, sosial müdafiə, əməyin mühafizəsi və sair bu kimi məsələlər əhatə edir.
Odur ki, diqqətinizi bir daha Azərbayjan Həmkarlar İttifaqları üçün vacib hesab etdiyimiz bir sıra problemlərə yönəltmək istərdim.
Bunlar əsasən qeyri-formal iqtisadiyyatın leqallaşdırılması, gender bərabərliyinin təmin olunması, diskriminasiya hallarının qarşısının alınması problemləridir. Digər tərəfdən işsizliyin aradan qaldırılması, gənclərin məşğulluğunun təmin edilməsi, sosial dialoqun inkişaf etdirilməsi, kollektiv saziş və müqavilələrin sayının  daha da artırılması, o cümlədən  təlimatlandırma və maarifləndirmə işlərinin gücləndirilməsi də önəmli məsələlərdəndir. BƏT və BHİK-in təşəbbüsü, yardımı ilə həmkarlar ittifaqlarının maarifləndirmə və məlumatlandırma işinin müasirləşdirilməsi və islahatı həyata keçiriləcəkdir.
BƏT AHİK-ə işçilərin hüquqları ilə bağlı üzvlərinin istifadə edə biləjəyi effektiv məlumat və maarifləndirmə şəbəkəsinin yaradılmasında dəstək olacaqdır. AHİK sosial dialoqu başlatmaq və kollektiv müqavilələr bağlamaq, müqavilələrin əhatə etdiyi işçilərin sayını artırmaq, kollektiv məsləhətləşmə prosesində səmərəli iştirak, gender bərabərliyinin təmin olunması və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi ilə bağlı ekspertiza ilə təmin olunacaqdır.
Sonda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev Serquis Qlovaskası yeni vəzifəyə - BƏT-in əməkçilərin fəaliyyət bürosunun Avropa üzrə rəhbəri  seçilməsi münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

ПОЛЕЗНЫЕ ССЫЛКИ