AZ | RU | EN
AZ | EN | RU

Lidiya Rəsulova son mənzilə yola salınmışdır

06 Feb 2012

 

Mərhumun cənazəsi önünə Azərbaycan Respublikasının Prezidenti adından, həmçinin hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər qoyulmuşdu. Vida mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, təhsil naziri Misir Mərdanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov çıxış edərək Lidiya Rəsulovanın   şərəfli ömür yolu keçməsindən, tutduğu bütün vəzifələrdə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirməsindən, insanlara səmimi münasibətindən danışmışlar. Çıxış edənlər bildirmişlər ki, hansı vəzifədə çalışmasından asılı olmayaraq o, həmişə insani keyfiyyətləri, bacarığı, biliyi ilə ətrafındakılara nümunə göstərmişdir.

Vurğulanmışdır ki, Lidiya Rəsulovanın fəaliyyəti ulu öndər Heydər Əliyevin qadınların cəmiyyətin həyatında fəal iştirakının təmin edilməsinə yönəlmiş siyasətinin nəticələrinin parlaq nümunələrindən biridir. Müstəqillik illərində təhsil naziri kimi məsuliyyətli vəzifəni şərəflə yerinə yetirmiş Lidiya Rəsulova həm də Azərbaycanın qadın hərəkatında fəal rol oynamışdır. Bu hərəkatın öncüllərindən olan Lidiya Rəsulova qadınlarımızın cəmiyyətdə layiqli yer tutmasına daim səy göstərmişdir.

Lidiya Rəsulova dövlət qulluğunda çoxillik fəaliyyətini tamamladıqdan sonra da xalqımıza xidmət işini davam etdirmişdir. Onun rəhbərliyi altında fəaliyyət göstərən Gender Araşdırmaları Mərkəzi bu sahədə ilk qurumlardan biri kimi müstəsna rol oynamışdır. O, apardığı tədqiqatlarla gender məsələlərini bir elm səviyyəsinə qaldırmış, öz ətrafında güclü həmfikirlər kollektivi yarada bilmişdi. Onun keçirdiyi maraqlı görüşlər, “dəyirmi masa”lar, elmi-praktiki konfranslar yüksək peşəkarlıq səviyyəsi ilə seçilirdi. Dövlətimiz Lidiya Rəsulovanın xidmətlərini həmişə yüksək qiymətləndirmiş, o, bir sıra orden və medallarla təltif olunmuş, müstəqil Azərbaycan respublikasının “Şöhrət” ordeninə layiq görülmüşdür.

Azərbaycanın görkəmli qadınları sırasında layiqli yer tutmuş Lidiya Rəsulovanın əziz xatirəsi daim qədirbilən xalqımız tərəfindən hörmət və ehtiramla anılacaqdır.

Mərhumun ailəsi adından çıxış edən Emin Rəhimov Lidiya Rəsulovanın xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

 Allah rəhmət eləsin!

 

 

06.02.12.5 06.02.12.6 06.02.12.4
06.02.12.7 06.02.12.2 06.02.12.1

FAYDALI KEÇİDLƏR