“Maarifçi" Tələbə Kredit Fonduna 50 min manat yardım edilib
28 Jan 2021
“Maarifçi" Tələbə Kredit Fondu Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilib. Fondun missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi və onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.
Bu il Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən “Maarifçi” Tələbə Kredit Fonduna 50 min manat məbləğində yardım edilib.
Gənclərin sosial müdafiəsinin təşkil edilməsi, onlar üçün bərabər imkanların yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsi ATİAHİ Respublika Komitəsinin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Hər il gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların istedad və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, gənclərin elmə, təhsilə marağının artırılması, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi, hərbi vətənpərvərlik tərbiyəsi işinin aparılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir.
Müsabiqələr, idmanın müxtəlif növləri üzrə yarışlar, intellektual oyunlar təşkil edilir, ehtiyacı olan ittifaq üzvlərinə maddi yardımlar verilir. Tələbə gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə ATİAHİ Respublika Komitəsinin vəsaiti hesabına aztəminatlı təbəqələrdən olan tələbələr üçün pulsuz nahar yeməyi verilir.
Qeyd edək ki, 2016-cı ildən bu günə qədər ATİAHİ Respublika Komitəsi tərəfindən “Maarifçi" Tələbə Kredit Fonduna 300 min manat məbləğində yardım edilib.