Bakıda “Beynəlxalq Əmək Təşkilatı: 2030 Dayanıqlı İnkişaf Məqsədləri” layihəsinə həsr olunmuş konfrans keçirilib
02 May 2018
Mayın 1-2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Beynəlxalq Əmək Təşkilatı: 2030 Dayanıqlı İnkişaf Məqsədləri” adı altında layihənin yekunu olaraq 2 günlük konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan AHİK
sədrinin birinci müavini İlyas Əliyev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Dayanıqlı
Sosial-İqtisadi İnkişaf naminə dayanıqlı əməyin təmin
olunması istiqamətində tərəfdaşlarla qarşıda duran məsələləri müzakirə etmək və
vəzifələrimizi müəyyənləşdirməkdir.
Dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi
Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük uğurla həyata keçirdiyi
mühüm prioritet məsələlərdən biridir. Azərbaycan
BMT üzvü olan dövlətlərin 17 dayanıqlı
inkitşaf məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı
İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Bu, ölkə iqtisadiyyatının hərtərəfli, şaxələndirilmiş
şəkildə inkişafını nəzərdə tutur.
İ. Əliyev vurğulayıb ki, təsadüfi deyil ki,
Minilliyin İnkişaf Proqramı çərçivəsində iqtisadi inkişaf baxımından ən möhtəşəm
nailiyyətlər əldə edən respublikamız son 10-15 il ərzində öz iqtisadiyyatını
3,5 dəfədən çox artırıb. Təxminən 10
il ərzində Azərbaycanda 1,6 milyon yeni iş yeri açılıb, ifrat yoxsulluq aradan
qaldırılıb, mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə qədər azaldılıb.
BMT-nin «Dayanıqlı inkişafın məqsədləri» proqramı və
onunla bağlı olan innovasiyalar, yeni texnologiyalar siyasət predmeti deyil,
lakin onların kimə təsir edəcəyini, hansı nəticələrə gətirib çıxaracağını
insanlar, siyasi partiyalar, icra və
idarəetmə orqanları öz proqramlarında həll edəcəklər. Biz Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası olaraq öz vəzifəmizi texniki inqilabın nailiyyətlərindən
istifadə olunması üzrə siyasi, dövlət qərarlarının insanların rifahının
yaxşılaşmasına yönəldilməsində görürük. Baş verəcək dəyişikliklər əmək münasibətlərinin
forma və xarakterinin yenidən baxılmasına gətirib çıxara bilər ki, həmkarlar
ittifaqı da vaxtında bu məsələyə hazır olmalıdır.
Sədr müavini qeyd edib ki, müzakirə olunan bu mövzu
ilə əlaqədar BƏT-lə bizim əməkdaşlığımız nəticəsində son bir ildə
respublikamızda 400-dən çox həmkarlar ittifaqı fəalının iştirakı ilə 8 seminar
və konfrans keçirilib. Ümumilikdə isə 2013-cü ildən BƏT-in dəstəyi, AHİK və üzv
təşkilatlarının iştirakı ilə 1500 dinləyicini əhatə edən 28 tədbir keçirilib.
Bu il isə 5 regionda (Şirvan, Kürdəmir, Masallı, Xaçmaz, Gəncə) keçirilən və
300-ə yaxın iştirakçını əhatə edən seminarların məqsədi də mövzunun daha geniş
müzakirəsini təmin etmək idi.
Beynəlxalq Əmək Təşkilatı ilə birgə «Azərbaycan
Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı» sosial
tərəfdaşlarımızın iştirakı ilə işlənib hazırlanıb və 2016-cı ilin sentyabrında
qəbul edilib. Bu proqramın və ölkədə layiqli əməyin həyata keçirilməsində həmkarlar
ittifaqlarının rolu, vəzifələri,
iştirakı və həyata keçirəcəkləri tədbirləri müəyyənləşdirmək məqsədilə AHİK-in
İcraiyyə Komitəsi «Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli
Əmək üzrə Ölkə Proqramı»nın həyata keçirilməsinə dair Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının Konsepsiyası»nı qəbul edib. Konsepsiyada həmkarlar
ittifaqlarının həyata keçirəcəyi tədbirlər və görəcəyi işlər 8 istiqamət üzrə
müəyyənləşdirilib.
İ. Əliyev vurğulayıb ki, ölkədə dayanıqlı
sosial-iqtisadi inkişafa dəstək vermək üçün sosial-iqtisadi siyasətin
aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyənləşdirmək, sosial-əmək
münasibətlərini tənzimləmək, sosial stabilliyi qorumaq məqsədi ilə yaradılan
Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya hazırda uğurla fəaliyyət
göstərir, burada da həlli vacib məsələlər müzakirə olunaraq, müvafiq qərarlar qəbul
edilir.
Sonra AHİK-in zəhmətkeşlərin əməyinin və
sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbəsinin müdiri Çingiz Tağıyevin,
yerli ekspert İlkin Nəzərovun çıxışları dinlənilib.
Konfransda çıxışlar ətrafında müzakirələr aparılıb.
İki gün davam edən konfransın
işi daha sonra qruplar şəklində davam etdirilib.