Beynəlxalq həmkarlar ittifaqlarının nümayəndə heyəti AHİK-də qəbul edilib
05 Apr 2017
Aprelin 5-də Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Türkiyə həmkarlar ittifaqları nümayəndələrinin Azərbaycana səfəri başlayıb.
Səfər çərçivəsində qonaqlar Fəxri Xiyabana
gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib,
abidəsi önünə gül dəstələri qoyublar.
Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini ehtiramla
yad ediblər.
Nümayəndə heyətinin AHİK sədri, BHİK-in
vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyev ilə görüşü olub.
Səttar Möhbalıyev qonaqları salamlayaraq AHİK
və beynəlxalq həmkarlar ittifaqları arasında münasibətlərin son dövrlərdə daha
da inkişaf etdiyini xüsusi vurğulayıb. Qonaqlara Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyəti barədə geniş məlumat
verən AHİK sədri qeyd edib ki, biz həmkarlar ittifaqı olaraq öz üzvlərimizin-
istehsal və qeyri-istehsal sahələrində çalışan işçilərin, təhsil alan gənclərin,
pensiyaçıların əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin
qorunmasını həmişə ön planda saxlayırıq.
AHİK sədri bildirib ki, milyon yarıma yaxın üzvü
olan Azərbaycan həmkarlar ittifaqları işçilərin hüquqlarının müdafiəsi ilə
yanaşı, eyni zamanda onların asudə vaxtlarının səmərəli keçirilməsi, sağlam həyat
tərzinin geniş təbliği, insan alverinin qarşısının alınmasında iştirakı,
miqrantların hüquqlarının qorunması kimi məsələlərin də həllində öz töhfələrini
verməyə, bütün imkanlarından istifadə etməyə çalışır.
Görüşdə çıxış edən Beynəlxalq Meşə İşçiləri Həmkarlar
İttifaqlarının sədri Viktor Karnyuşin, Rusiya Federasiyası Meşə İşçiləri Həmkarlar
İttifaqının sədri Denis Juravlyov, Belarusiya Meşə İşçiləri Həmkarlar
İttifaqının sədri Çeslava Qoyeva, Qazaxıstan Meşə İşçiləri Həmkarlar
İttifaqının sədri Çingizxan Unalbayev, Türkiyə Öz-Orman-İş Həmkarlar
İttifaqının sədr müavini Mehmet Çelik səmimi qəbula görə AHİK sədrinə və Azərbaycan
Təbii Sərvətlər və Ekologiya İşçiləri HİRK-nin sədri Telman Quliyevə minnətdarlıqlarını
bildiriblər.
Görüş zaman Türkiyə Respublikası və Rusiya
Federasiyası sahə həmkarlar ittifaqları arasında birgə əməkdaşlıq müqaviləsi
imzalanıb.
Qeyd edək ki, aprelin 6-da Bakıda Beynəlxalq Meşə
İşçiləri Həmkarlar İttifaqları İcraiyyə Komitəsinin iclası keçiriləcək.