AZ | RU | EN
AZ | EN | RU

Məsuliyyət məqamı Bütün səylərimizin hədəfi birdi - üzvlərimizin sağlamlığını qorumaq

22 Apr 2020

“Xalqların ən ağır dövrlərində səfərbərlik məqsədilə işlədilmiş “biri hamı, hamı biri uğrunda!” sözləri bu gün daha böyük, mən deyərdim, bütün bəşəriyyət üçün, həyati əhəmiyyət daşıyır. Biz həmkarlar ittifaqı təşkilatı olaraq bu şüarın, bu çağırışın təkcə icraçıları deyil, ilk növbədə daşıyıcıları, öncülləri olmalıyıq”. 

Bu sözləri hələ koronavirus sindromları dünya ölkələrinə yayılmağa başladığı ilk günlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev sahə həmkarlar ittifaqları mərkəzlərinin rəhbərləri ilə görüşdə söyləmişdi. Həmin görüşdə ölkə başçısı cənab İlham Əliyevin koronavirusun Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun tapşırıqları və tövsiyələri geniş müzakirə olundu. Yerinə yetirməli olacağımız çevik addımlar müəyyənləşdirildi. Qərara alındı ki, hər bir sahə həmkarlar ittifqı, üzv təşkilatları da daxil olmaqla, görüləcək işlər barədə AHİK nəzdində yaradılacaq Operativ Qrupa məlumat versin. Xüsusi SMS Məlumatlandırma Sistemi  vasitəsilə əlaqə saxlanılsın.
Digər sahə həmkarlar ittifaqları kimi, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi də dərhal koronavirusla mübarizə kampaniyasına start verdi. Respublika Komitəsinin Rəyasət Heyətinin iclası çağırıldı. Rəyasət Heyətinin çıxardığı qərara əsasən, Respublika Komitəsinin tabeliyində olan təşkilatlarda bütün tədbirlər təxirə salındı. İclaslar və vətəndaşların müraciətlərinin qəbulu mobil telefon və ya internet vasitəsilə həyata keçirilir. Mart ayının 17-dən sanatoriya-kurort müəssisələrinə yollayışların verilməsi, dəmiryolunun balansında olan mədəniyyət evi və idman zallarının fəaliyyəti dayandırıldı.
Həmkarlar ittifaqı işçilərinin beynəlxalq tədbirlərdə iştirakı təxirə salındı. Sanitariya-gigiyena qaydalarına riayət olunması barədə geniş maarifləndirmə kampaniysı aparıldı və aparılmaqdadır.
Hörmətli Səttar Möhbalıyevin təşəbbüsü və təklifi ilə martın 29-da çağırdığınız Rəyasət Heyətinin fövqəladə virtual iclasında qərara aldıq ki, xarici ölkələrdən təxliyyə olunmuş 110 vətəndaşımızı Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzi MMC-də karantində yerləşdirək. Mənim, Respublika Komitəsinin məsul işçilərinin və MMC-nin əməkdaşlarının iştirakı və nəzarəti ilə istirahət mərkəzində karantinə alınacaq insanlar üçün hər cür şərait və rahatlıq yaradıldı. Yataq, xidmət və iaşə otaqları, dəhlizlər, həyət, avadanlıqlar ciddi dezinfeksiya olundu. Karantinə götürülmüş vətəndaşların, eləcə də mühafizəçilərin, tibbi personalın ərzaq və digər zəruri ləvazimatlarla təminatına nəzarət komissiyası formalaşdırdıq. Sadaladığım bu işlərə sərf olunan xərclər Respublika Komitəsinin büdcəsindən ödənildi.
Şükürlər olsun ki, karantin müddəti salamatlıqla qurtardı. Xəstəlik qeydə alınmadı.
Aprelin 19-da “Lokomotiv” karantin səbəbi ilə daha 81 nəfər xaricdən gəlmiş insanlarımıza qapılarını açdı. Biz bu insanlara əvvəlki məsuliyyət və səxavətlə yanaşırıq. “İnanırıq ki, bu qonaqlarımız da tezliklə sağlam halda doğmalarına qovuşacaqlar.
Bildiyiniz kimi, dəmiryolu sistemi fəaliyyətini davam etdirir. Beynəlxalq və daxili yükdaşımalar fasiləsiz olaraq davam etdirilir.
Təbii ki, biz bu sahədə çalışan insanların sağlamlığını diqqətdə saxlayırıq. “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətin (ADY QSC) rəhbərliyi ilə əldə etdiyimiz razılaşmaya əsasən, yaşı 60-ı ötmüş işçilər, əməkhaqları saxlanılmaqla, fəaliyyətlərini ev şəraitində davam etdirirlər. Azyaşlı uşağı olan işçilərin iş rejimi qısaldılıb. Onların bir çoxu isə növbəli üsulla işləyir. Bütün iş yerlərində, sərhəd-keçid məntəqələrində, sərnişin qatarlarının və ölkəyə daxil olan yük qatarlarında mütəmadi dezinfeksiya işləri aparılır.
ADY QSC-nin Həkim Sanitar Xidməti tərəfindən koronavirusla mübarizə və profilaktika qaydalarını əks etdirən bukletlər hazırlanmış və təşkilatlara paylanılır.
İşçilər işə başlamazdan əvvəl həkimlər tərəfindən yoxlanılır, spirt, maska, əlcəklə təmin edilirlər.
Ölkədaxili və beynəlxalq sərnişin qatarlarının hərəkəti dayandırılmışdır. Abşeron dairəvi elektrik qatarlarının hərəkət cədvəli təkmilləşdirilmişdir.
ADY QSC və onun törəmə cəmiyyətləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 450 min manat vəsait köçürmüşdür
ADY QSC koronavirusu müəyyən edən 10 mindən çox tibbi müayinə avadanlığını Türkiyədən alıb aidiyyəti üzrə paylaşdırır.
Biz, koronavirus infeksiyası ölkəmizdə tam aradan qaldırılana qədər, üzvlərimizin sağlamlığının qorunması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

FAYDALI KEÇİDLƏR