Metropolitendə 28 Aprel-Ümumdünya Əməyin Mühafizəsi Günü seminar keçirilib
18 Apr 2019
Bu gün Metropoliten İşçiləri Həmkarlar İttifaqında 28 Aprel-Ümumdünya Əməyin Mühafizəsi Günü, Beynəlxalq Əmək Təşkilatının 100 illiyi ilə əlaqədar olaraq seminar keçirilib.
Seminarda MİHİ sədri Arif Mərdanov, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Nadir
Muradov, “Bakı Metropoliteni” QSC-nin sağlamlıq, əməyin təşkili və ətraf
mühitin mühafizəsi (SƏTƏMM) şöbəsinin rəisi Nəriman Mantaşev və həmkarlar
ittifaqı yerli komitələrinin sədrləri iştirak ediblər.
MİHİ sədri Arif Mərdanov tədbir iştirakçılarını
salamlayıb və son illərdə həyata keçirilən əməyin mühafizəsi sahəsində “Bakı
Metropoliteni” QSC-də islahatlar haqqında danışıb. O, bildirib ki, bu məqsədlə
yaradılan SƏTƏMM şöbəsi bilavasitə QSC sədrinə tabedir və bu gün şöbə, mütəmadi
olaraq, növbəli və növbədənkənar yoxlamalar aparır. Bu işlərin nəticəsi olaraq
bədbəxt hadisələrin qarşısı alınır. MİHİ-nin əməyin texniki müfəttişi Vüqar
Mirzəyev çıxışında SƏTƏMM haqqında ümumi məlumat verib. Qeyd olunub ki, təhlükəsizlik
mədəniyyəti işçilərin həyata olan baxışlarından, bilik və intellektual səviyyəsindən,
düşüncə tərzindən çox asılıdır. SƏTƏMM qanunvericiliyi, təhlükəsizlik, fərdi
mühafizə vasitələrində düzgün istifadə, yanğın təhlükəsizliyi, ilk yardım vərdişlərinin
mənimsənilməsi qaydalarının təbliği nəticəsində və bu qaydalara riayət
olunmasına ciddi nəzarətin nəticəsində bu gün metropolitendə əmək xəsarətlərinin
sayı minimuma endirilib. Metropolitenin istehsalat sahələri, əməyin təşkili və
təhlükəsizlik texnikası üzrə respublika müsabiqəsinin qalibləri sırasında olub.
Sonda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Nadir Muradov Ümumdünya Əməyin Mühafizəsi
Gününün tarixindən danışıb. Bu gün ölkədə istehsalat qəzalarının qarşısının
alınması üçün səmərəli tədbirlərin həyata keçirildiyini bildirib. Seminar
iştirakçılarını Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə təbrik edib, metropolitençilərə
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, eləcə də ətraf mühitin qorunmasında
böyük uğurlar arzulayıb.