Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının VI qurultayı keçirilmişdir
02 Nov 2012
Hesabat məruzəsi ilə çıxış edən Milli Elmlər Akademiyası Həmkarlar İttifaqının sədri Adil Mirabdullayev ölkə rəhbərliyinin əhalinin, o cümlədən elm sahəsində çalışan insanların rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımları minnətdarlıqla xatırlatdı. Bildirdi ki, təkcə ötən ilin may ayının 1-də Akademiya işçilərinin maaşları 20 faiz artırılmışdır. Onu da etiraf etdi ki, bu artım bir o qədər də təsəlliverici deyil. Biz əməkhaqlarının tələbata uyğun səviyyəyə çatdırılmasını, eləcə də Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-tədqiqat işlərinin aparılması üçün şərait yaradılmasını, elmi dərəcəyə görə verilən müavinətlərin artırılmasını vacib saymışıq. Bütün bunlar barədə əlaqədar hökumət qurumlarına məktubla müraciət etmişik.
Adil müəllim Akademiyanın prezidenti Mahmud Kərimovun qurultayda iştirakından istifadə edib iş şəraitinin mövcud vəziyyətinə toxundu. Dedi ki, AMEA-nın bir sıra strukturlarında əsaslı təmir işləri aparılmış, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində xeyli iş görülmüşdür.
Təmir-tikinti və yenidənqurma işlərinin geniş miqyasda aparılmasına baxmayaraq, hələ də bəzi institutların əsaslı təmirə və yeni binaya çox böyük ehtiyacı vardır.
Sədr Akademiyanın Rəyasət Heyəti ilə bağlanmış kollektiv sazişin yerinə yetirilməsi barədə də danışdı. Bildirdi ki, tərəflər öhdəliklərini dəqiq və vaxtında yerinə yetirirlər.
Adil müəllim Azərbaycan Milli Elmlər Akademiyasının hazırda beynəlxalq əlaqələrinin gündən-günə genişlənməsini elmimizin inkişafının və dünya miqyasında tanınmasının təzahürü kimi qiymətləndirdi. Qeyd etdi ki, ABŞ, Rusiya, Türkiyə, Almaniya, Fransa, İngiltərə, Çin, Belarus, Koreya və s. ölkələrin elmi mərkəzləri ilə güclü elmi əlaqələr qurulub. Həmin mərkəzlərlə təcrübə mübadiləsi aparılır, müştərək beynəlxalq konfranslar, simpoziumlar təşkil olunur. Bu işlərin hamısında həmkarlar ittifaqı yaxından iştirak edir.
Qurultayda çıxış edən Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov dedi ki, həmkarlar ittifaqının V qurultayından ötən son 4 ildə AMEA-nın həyatında çox mühüm dəyişikliklər baş vermişdir. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmiş, işçilərimizin sosial vəziyyəti, tam olmasa da, xeyli yaxşılaşdırılmışdır. Adil müəllimin məruzəsində də qeyd edildiyi kimi, struktur binalarında təmir-tikinti işləri aparılmışdır. Binalarda yeni avadanlıqlar alınıb quraşdırılmışdır. Bu proses davam etdirilir.
Prezident başçılıq etdiyi qurumuna sahə Hİ ilə əlaqəli fəaliyyət göstərməsini müsbət dəyərləndirdi. Sosial məsələlər birgə müzakirə olunur, ortaya çıxan problemləri qarşılıqlı şəkildə aradan qaldırmağa çalışırıq,-dedi.
M. Kərimov Hİ-nin hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirdi və Adil Mirabdullayevin yenidən sahə Hİ-yə sədr seçilməsini təklif etdi. Həmin təklifə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov da qoşuldu.
Demişdir ki, AHİK sizin təşkilatınıza böyük önəm verir. Akademiyaya böyük elmi potensial toplanıb. 63 illik böyük təcrübəyə, möhkəm elmi-texniki bazaya malik olan bir qurumda çalışan insanların təbii ki, təminatı da yüksək olmalıdır. Dövlətimiz, Respublika Prezidenti cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlər göz qabağındadır. Yəqin ki, növbəti ilin büdcəsində Akademiya əməkdaşlarının əməkhaqlarının artımı da nəzərdə tutulacaq. Aqil müəllim sonra dedi: siz danışanda mən müəyyən qeydlər götürdüm. Amma güman edirəm ki, qurultaya hesabat məruzəsində, çıxışlarda qaldırılan problemlər ümumiləşdirilib AHİK-ə göndəriləcək. Biz bu problemlərlə məşğul olacağıq. İmkanımız, səlahiyyətlərimiz daxilində sizə köməyimizi əsirgəməyəcəyik.
Qurultay A.Mirabdullayevi yekdilliklə Hİ-yə sədr seçdi.
Sonda ölkə başçısı İlham Əliyevə müraciət qəbul olundu.