AZ | RU | EN

Milli inkişaf modelinin real nəticəsi

03 Oct 2017

Səttar MÖHBALIYEV: “Dünya İqtisadi Forumunun hesabatı Prezident İlham Əliyevin kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq birliyin verdiyi yüksək qiymətdir”

XXI əsrin ilk onilliyində sürətlə inkişaf edən və yayılan informasiya-kommunikasiya texnologiyaları, bununla bağlı yeni vüsət almış qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına ciddi şəkildə təsir etməkdədir. Ancaq istənilən dövlətlərdə inkişafın davamlılığını təmin edən başlıca amillərdən biri məhz strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Son illər dünyada iqtisadi problemlərin dərinləşməsi fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlıq nümayiş etdirməsi bir daha göstərdi ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir.
Bu baxımdan, Prezident İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti ilə yeni inkişaf mərhələsinin başlanğıcında olan Azərbaycan bəzi dövlətlərdən fərqli olaraq özünün növbəti uğurlu inkişaf modelini seçib. Milli iqtisadiyyatın əsas inkişaf istiqamətlərini, iqtisadi təhlükəsizliyini təmin edən Azərbaycan dövləti dünya iqtisadi düzənində özünəməxsus mövqeyini müəyyənləşdirib.
Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması da bunu təsdiq edən amillərdən biridir. 
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyir ki, bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin ardıcıl şəkildə həyata keçirilməsinin nəticəsidir. Ölkə rəhbərinin təsdiqlədiyi dövlət proqramları, yeni iqtisadi strategiya və mühüm sənədlərin əməli icrası bu siyasətin reallaşdırılması mexanizmi kimi vacib əhəmiyyət kəsb edir: “Təkcə onu demək kifayətdir ki, ölkədə həyata keçirilən dövlət proqramları, yeni iqtisadi strategiya ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkənin enerji təhlükəsizliyi təmin edilib, Azərbaycan dünyada enerji daşıyıcılarının etibarlı ixracatçısına və regionun ən mühüm tranzit mərkəzinə çevrilib. Karbohidrogen ehtiyatlarının hasilatı və Avropa bazarlarına çatdırılması məqsədilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında Azərbaycanın önəmli yer tutmasına şərait yaradıb”. 
Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci, Ermənistan 73-cü sırada yer alıb.
Milli Məclisin deputatının sözlərinə görə, son illər dövlətimizin başçısının yeni islahatlar siyasəti çərçivəsində çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul edilib. Bu qərarlara əsasən kənd təsərrüfatı və sənaye istehsalının, xüsusilə ixracyönümlü məhsulların həcminin artırılması, hər bir rayonda sənaye zonasının yaradılması, ənənəvi ixrac bazarlarına daha geniş çeşiddə məhsulların çıxarılması və yeni ixrac bazarlarına çıxışın təmin edilməsi, logistik mərkəzlərin yaradılması, aqropark və təsərrüfatların müasir texnologiyalar əsasında qurulması, bölgələrdə məşğulluğun artırılması, yeni iş yerlərinin açılmasının davam etdirilməsi istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən daim qiymətləndirilir. Elə “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da bütün bunlar öz əksini tapıb. 
Səttar Möhbalıyev deyir ki, bütün bunlar bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir: “Xüsusilə vurğulanmalıdır ki, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamından sonra bu sahədə ölkədə kompleks işlər davam etdirilib. Keçən qısa müddət ərzində sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi həyata keçirilib”. 
Deputatın fikrincə, artıq sistemli iqtisadi siyasət kursu öz müsbət nəticələrini verməkdədir. “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın iki pillə irəliləməsi isə göstərir ki, digər mötəbər reytinqlərdə də ölkəmizin mövqeləri daha da güclənəcək. Elə “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında da göstərilir ki, yaxın gələcəkdə ölkəmizin iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşacaq. Bu məqsədlə ölkənin əlverişli coğrafi mövqeyi, geniş potensialı nəzərə alınaraq, ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 dollara çatdırılması planlaşdırılır. Göstərilən məqsədə çatmaq üçün bundan sonra da bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimləməsi, enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri əsas tutulacaq.

R.BAXŞƏLİYEV ,“Azərbaycan”
  qəzeti
03.10.2017