Minimum əməkhaqqı və pensiyalarla bağlı problemlər müzakirə edilib
01 Nov 2018
Noyabrın 1-də Moskvada Əmək Sarayında Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.
İclasa ÜHİK-in
prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail
Şmakov sədrlik edib.
ÜHİK-in Baş katibi
Vladimir Şerbakov İcraiyyə Komitəsi Şurasının səlahiyyətlərinə aid olan məsələlər
barədə hesabat verib. ÜHİK-in “2019-cu ildə üzv təşkilatlar tərəfindən vergilərin
məbləği, proseduru və şərtləri haqqında” və “2019-cu il üçün ÜHİK-in gəlir və xərclərinin
qiymətləndirilməsi haqqında” qərarlarının layihələri təsdiq edilib. Bu məsələlər
üzrə yekun qərarlar ÜHİK Şurası tərəfindən qəbul olunacaqdır.
İclasda “Yaşayış
minimumundan aşağı olmayan minimum əməkhaqqı həmrəylik kampaniyasının gedişi
haqqında” ÜHİK-in və region ölkələrinin nümayəndələrinin təqdimatları dinlənilib.
Təqdimatlarda bildirilib ki, əksər ölkələrdə və bir çox sənaye sahələrində
kampaniyanın nəticəsi istənilən səviyyədə deyil. Bəzi dövlətlər hələ də minimum
əməkhaqqını “dondurma” siyasəti yeridir. İnflyasiyaya görə minimum əməkhaqqının
indeksləşdirilməsi qaydasını müəyyənləşdirməyiblər. Minimal istehlak səbətinin
təyin edilməsi üsulları işlənməyib.
İclas iştirakçıları 2030-cu
ilədək bu kampaniyanın davam etdirilməsini qərara alıblar.
İcraiyyə Komitəsi “Region
ölkələrin vətəndaşlarının pensiya təminatı, bu problemin həllində üzv təşkilatların
qanunverici və icra orqanlarının birgə iş təcrübəsi haqqında” məsələni nəzərdən
keçirib. Təəssüflə qeyd olunub ki, region ölkələrində ötən illər ərzində
pensiya sistemi üzrə tətbiq olunan islahat və modernləşdirilmələr gözlənilən nəticəni
ortaya qoymadı. 2018-ci ilin əvvəlində üzv dövlətlərdə pensiya sığortası
iqtisadi cəhətdən fəal əhalinin 65-70% -dən çoxunu əhatə etmişdir. Özəl müəssisələrdə
işləyənlərin və informal sektorda çalışanların yalnız 15-20% -i bu hüquqdan bəhrələnə
bilib.
Gündəlikdə duran digər
mühüm məsələlərə də münasibət bildirilib.
İcraiyyə
Komitəsinin işində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin
birinci müavini İlyas Əliyev də iştirak edibdir.