Minimum əməkhaqqının artırılması əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır
12 Feb 2019
Fevralın 8-də Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, minimum aylıq əməkhaqqının məbləği
2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən
sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir
ay müddətində bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırmaq, Azərbaycan
Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən
maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının
məbləğlərinin bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini
bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək, bu sərəncamdan irəli gələn
digər məsələləri həll etmək tapşırılıb.
Dövlət başçısı cənab İlham Əliyevin bu addımını zəruri edən
əsas səbəb odur ki, manatın dəyər itirdiyi və onun səbəb olduğu ikirəqəmli
inflyasiyanın baş verməsi nəticəsində 2014-cü ildən indiyədək yaşayşın dəyəri
50 faizədək artıb. Məsələn, 2014-cü ilin yekunlarına görə, rəsmi təsdiqlənən
yaşayış minimumunun dəyəri 125 manat idisə, hazırda bu rəqəm 180 manatdır, yəni
55 manat artım var.
Minimum əməkhaqqının bu qədər artırılması dövlətimizin
xalqa qayğısının ifadəsidir. Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək
insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında
30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım
olacaq. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400
milyon manat ayrılacaq. 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait
yönəldiləcək. Çünki bu, ilin 10 ayını əhatə edəcək. Demək lazımdır ki, minimum əməkhaqqının
50 manat artırılması böyük bir addımdır.
Minimum əməkhaqqının 40 faizə yaxın artırılması ölkə
prezidentinin əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində
olduğunun bariz nümunəsidir. Xüsusilə qeyd olunmalıdır ki, minimum əməkhaqqının
bu cür çoxaldılması MDB ölkələrinin heç birində müşahidə olunmur. O da nəzərə
alınmalıdır ki, Azərbaycan Prezidentinin qərarı ilə minimum əməkhaqqının məbləği
parlament tərəfindən bu yaxınlarda təsdiq olunmuş yaşayış minimumla bərabərləşmiş,
ehtiyac meyarı göstəricisini isə 26 faiz üstələmişdir. Beləliklə, minimum əməkhaqqı
göstəricisinə görə ölkəmiz MDB-yə daxil olan dövlətlər arasında 7-ci yeri
tutmuşdusa, hazırda bir neçə ölkəni qabaqlayaraq 4-5-ci yerdə qərarlaşmışdır.
Bu gün minimum əməkhaqqının orta əməkhaqqında payına nisbətdə ölkəmiz MDB məkanında
ön sıralardadır. Bu qədər yüksək maaş artımı dünya dövlətlərində çox nadir
hallarda olur. Qürurverici haldır ki, Prezident İlham Əliyev bu cür addımları hər
il atır.
Artım dövlət sektorunda işləyən 450 min nəfəri əhatə
etdiyi üçün, nəinki maaşı 180 manata qədər olan insanlara təsir edəcək, ümumiyyətlə,
dövlət büdcəsindən maliyyələşən müəssisələrdə vahid tarif cədvəli üzrə işləyən
bütün şəxsləri əhatə edəcək. Çünki bu cədvəl 19 pillədən ibarət əməyin ödənişi
sistemidir və onun birinci pilləsi artıq 180 manat müəyyən ediləndə növbəti
pillələr artımla gedir. İkinci pillə 180 manatdan 2,5-3 faiz daha çox, üçüncü
pillə isə bundan da çox təşkil edir.
Minimum əməkhaqqının 180 manat müəyyən edilməsi nəinki az
maaş alan insanlara, eləcə də vahid cədvəl üzrə işləyən 450 min nəfərə də şamil
ediləcək. Orta hesabla onların əməkhaqqısı 30 faiz artacaq. Özəl sektorda
olanlar üçün də zəncirvari müsbət effekt özünü göstərəcək. Bu səbəbdən həmin
sektor üzrə maaş artımının əhatə edəcəyi şəxslərin sayı üzrə ilkin rəqəm kimi
150 min olsa da, bu göstəricinin daha yüksək olacağı gözlənilir. Hazırda ölkə
üzrə 150 minədək işçi 180 manatdan az əmək haqqı alanlardır. Sərəncama əsasən,
dövlət sektorunda olduğu kimi, özəl sektorda da əsas iş yeri və tam iş günü üzrə
işləyənlərin əməkhaqlarının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən
oluna bilməz.
Martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək
müqavilələrində müvafiq dəyişikliklər edərək minimum əməkhaqqını 180 manata
çatdırmalı və bu dəyişikliyi əmək müqaviləsi bildirişi üzrə elektron
informasiya sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər. Bu
prosesə qeyd olunan elektron sistemi vasitəsilə ciddi nəzarət ediləcək. Minimum
əməkhaqqını 180 manat səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini
pozmuş olacaqlar ki, belə olan halda da aidiyyəti məsuliyyət tədbirləri görüləcək.
Prezident İlham Əliyevin imzaladığı sərəncamın bir müsbət
cəhəti də qadınlarla kişilərin əməkhaqları arasında olan fərqin azaldılmasına
xidmət etməsidir. Çünki sərəncamın əhatə dairəsi məhz vahid tarif cədvəli üzrə
işləyənlərdir ki, onların da böyük əksəriyyətini qadınlar təşkil edir. Vahid cədvəl
üzrə tarif vəzifə maaşları artdığına görə qadınların əməkhaqqında artım olacaq.
Bu gün az maaşla işləyənlərin bir çoxu qadınlardır. Bu sərəncam qadınların əməkhaqqının
və gəlirlərinin artmasına xüsusi təsir edəcək.
Minimum əməkhaqqının artırılması ölkə iqtisadiyyatında
çalışan insanların əməkhaqlarının artırılmasına və pensiya fonduna ödənişlərin
çoxalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində əmək pensiyalarının əhəmiyyətli
dərəcədə artması deməkdir.
Ölkə rəhbərinin bu qərarını Milli Məclisdə ratifikasiya
edilmiş və minimum əməkhaqqı ilə bağlı öhdəlikləri ehtiva edən Dəyişdirilmiş
Avropa Sosial Xartiyasının, eləcə də Beynəlxalq Əmək Təşkilatının 131 saylı
Konvensiyasının yaxın illərdə tam həcmdə yerinə yetirilməsi istiqamətində
atılan mühüm addım kimi qiymətləndirmək olar. Hesablamalar göstərir ki, minimum
əməkhaqqının respublika üzrə orta aylıq əməkhaqqına nisbəti ötən il 30 faiz təşkil
etmişdirsə, hazırda bu göstərici birdən-birə 10 faizdən çox artaraq 41 faizə bərabər
olmuşdur. Heç şübhə yoxdur ki, yaxın gələcəkdə ölkə prezidenti Avropa Sosial
Xartiyasında qeyd olunan beynəlxalq normanın yerinə yetirilməsi üçün müvafiq qərarlar
verəcək.
Əməkhaqqı dövlətin əhalinin həyat səviyyəsi siyasətinin
fundamental kateqoriyasıdır və eyni zamanda əməyin ödənilməsinin səviyyəsi bu
siyasətdən əhəmiyyətli dərəcədə asılıdır. Nəzərə almaq lazımdır ki, qeyd olunan
siyasətin işlənilməsi və həyata keçirilməsi həmkarlar ittifaqlarının bilavasitə
iştirakı ilə baş tutur.
Layiqli əməkhaqqı uğrunda mübarizə həmkarlar
ittifaqlarının fəaliyyətində prioritet yerlərdən birini tutur, gələcəkdə də
AHİK-in və onun üzv təşkilatlarının işində real əməkhaqqının əhəmiyyətli dərəcədə
artırılması, onun vaxtında ödənilməsi, bu sahədə təbəqələşmənin azaldılması və
ayrı-seçkiliyə yol verilməməsi məsələləri mühüm yer tutacaqdır. Minimum əməkhaqqının
yaşayış minimumu səviyyəsindən aşağı olmamaqla beynəlxalq normalara uyğun təyin
edilməsi istiqamətində səylər davam etdiriləcəkdir.
Cənab Prezidentin bu sərəncamı son illərdə apardığı
sosial siyasətin tərkib hissəsi olaraq əhaliyə çox böyük töhfəsi oldu.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı
Azərbaycan qəzeti
12.02.2019-cu il