Misir nümayəndə heyəti AHİK-də qəbul edilmişdir
15 Oct 2010
Qonaqları salamlayan Konfederasiya sədrinin birinci müavini İlyas Əliyev Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyəti, strukturu və görülən işlər barədə məlumat vermiş, xarici ölkələrin həmkarlar təşkilatları nümayəndə heyətlərinin ölkəmizə səfərlərinin ikitərəfli əlaqələrin möhkəmlənməsində və inkişaf etməsində önəmli rol oynadığını qeyd etmişdir. İ.Əliyev qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində Azərbaycan və Misir Həmkarlar İttifaqlarının fəaliyyətinin də bu yöndə uğurla davam etdiyini vurğulamışdır.
Misir Səhiyyə İşçiləri Həmkarlar İttifaqı sədrinin müavini Əli Əmir İsa səmimi qarşılandıqlarına və ölkəmizin həmkarlar təşkilatlarının işi ilə yaxından tanış olmaları üçün onlara yaradılan fürsətdən məmnun qaldıqlarını bildirmiş və nümayəndə heyəti adından Konfederasiya rəhbərliyinə dərin təşəkkürünü çatdırmışdır.
Nümayəndə heyətinin rəhbəri Azərbaycanda gedən coşqun iqtisadi yüksəlişin, ən müasir standartlara cavab verən səhiyyə və sosial obyektlərlə tanışlığın onlarda böyük təəssüratlar oyatdığını dilə gətirmiş və ölkələrimizin həmkarlar təşkilatları arasındakı mövcud əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini ifadə etmişdir.