AZ | RU | EN
AZ | EN | RU

Müasir sosial-iqtisadi dəyişikliklər kontekstində gender təhsilinin inkişafı

14 Dec 2016

Dekabrın 13-14-də "Müasir sosial-iqtisadi dəyişikliklər kontekstində gender təhsilinin inkişafı" mövzusunda tədris-təlim seminarı keçirildi. Seminarda  AHİK-ə üzv təşkilatların 38 nümayəndəsi iştirak edirdi.

AHİK-in Zəhmətkeşlərin Mədəni-Məişət Problemləri üzrə Analitik Tədqiqat Şöbəsinin müdiri, Gender Bilikləri və Texnologiyası Məktəbinin Təşkilat Komitəsi sədrinin müavini Namiq Hüseynov seminar iştirakçılarını salamlayaraq layihə haqqında, təlimin məqsəd və vəzifələri barədə ümumi məlumat verdi. Qeyd etdi ki, dünyada əmək bütün istehsalçıların simasıdır. Əgər bu simaları qadın və kişiyə ayırsaq, insan əməyinə hörmətsiz yanaşmış olarıq. İnsanın, kimliyindən asılı olmayaraq, hansı cinsə mənsub olması elə də vacib deyildir. Əsas onun cəmiyyətdəki roludur. Eləcə də inkişafa və istehsalata gətirdiyi xeyri də nəzərdən qaçırmaq olmaz. Bildirdi ki, bu gün qadına və onun cəmiyyətdəki yerinə diqqətin ayrılması bütün ölkələrin sosial inkişafının səviyyə dərəcəsinin göstəricilərindən biridir. Qadınların sosial həyatı, iş fəaliyyəti, ölkəsinin siyasi həyatında iştirakı, mədəni inkişafı, təhsil almaları, onlara tibbi xidmətin göstərilməsi və s. üçün imkanların yaradılması kimi amillər ictimai inkişafın meyarlarındandır.
Qeyd olundu ki, onilliklər ərzində həmkarlar ittifaqı hərəkatı diskriminasiyaya, eləcə də qadınlara qarşı ayrı-seçkiliyə qarşı mübarizə aparmış, respublikamızda gender strategiyasının işlənib hazırlanması və qəbul edilməsində iştirak etmişdir. Ölkədə əmək sahəsində qadınların hər hansı bir diskriminasiya formalarının aradan qaldırılmasına dair dövlət başçısı tərəfindən mühüm fərman və sərəncamlar imzalanmış, "Gender bərabərliyi haqqında" qanun qəbul edilmiş, BƏT-in 57-dən çox, o cümlədən 100 saylı (“Əməyin bərabər ödənilməsi haqqında"), 103 saylı ("Analığın mühafizəsi haqqında"), 111 saylı ("Əmək və məşğulluq sahəsində ayrı - seçkilik haqqında") və digər konvensiyaları təsdiq edilmişdir.
Lakin təcrübə göstərir ki, iş yerlərində  hüquq bərabərsizliyi faktları hələ də var. Qadınların müəyyən vəzifələrə yiyələnmələri, yüksəliş əldə etmələri, ailə borcunu peşə fəaliyyəti ilə birləşdirməsi və s. kimi birbaşa və dolayı amillər mövcuddur. Ümumiyyətlə, qadınlar arasında işsizliyin səviyyəsi kişilərə nisbətən çoxdur. Qadınlar adətən azmaaşlı sahələrdə çalışır və təhlükəsiz iş şəraiti əldə etməyə məcburdurlar. Qeyri-formal sahədə çalışan işçilərin bir çoxunu qadınlar təşkil edirlər. Biz həmkarlar ittifaqları olaraq sosial həyatın bütün sahələrində qadınlara qarşı ikimənalı münasibəti aradan qaldırmağa, eləcə də kişi və qadın arasında tam bərabərlik əldə etməyə çalışırıq.
Seminarda sessiya təqdimatları dinlənildi. İştirakçılarla sual-cavab və müzakirələr keçirildi.
Seminarın ikinci sessiya günü "Ailə öhdəlikləri olan işçilər" mövzusunun təqdimatı ilə başladı (Namiq Hüseynov). Cəmiyyətdə ailənin rolunun qiymətləndirilməsi üsulları; "İş - ailə" ixtilafinın (konfliktinin) əsas problemləri və neqativ nəticələri, BƏT-in 156 saylı Konvensiyasının iş yerlərində tətbiqi, "İş-ailə" münaqişələrinin sosial-iqtisadi nəticələrinin aradan qaldırılması, xidməti və ailə vəzifələrinin harmonizasiyası, işin və ailə vəzifələrinin gənclər üçün vacibliyi və b. məsələlərə diqqət yetirildi.
AHİK-in Təşkilat İşləri və Məlumat Şöbəsinin müdir müavini Əli Cəfərov və Əməyin Mühafizəsi Şöbəsinin müdir müavini Əli Mədətov "İctimai iştirakçılıq və ictimai problemlərin həlli" mövzusunda çıxış etdilər.
Seminarın gedişi zamanı iştirakçılar təqdimatlar ətrafında geniş fikir mübadiləsi apararaq tövsiyələrini də bildirdilər.

FAYDALI KEÇİDLƏR