AZ | RU | EN

Müdriklik simvolu

04 May 2018

Tarix sübut edib ki, hər bir xalqın, dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu olub. Siyasi müdriklik, dövlət idarəçiliyində yüksək səriştə, milli maraqların hər şeydən üstün tutulması, qətiyyətlilik və dəmir iradə liderlərin fəaliyyətinin ana xəttini təşkil edir.

Məhz buna görə də tarixi şəxsiyyətlər əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayırlar. Zaman ötdükcə onların xalqı və vətəni üçün etdiklərinin, ölkəsinin inkişafındakı xidmətlərinin əhəmiyyəti daha çox nəzərə çarpır. Azərbaycanın 1970-ci illərdən başlayan inkişafı, uğurları və yüksəlişi ümummilli lider, müdrik zəka sahibi Heydər Əliyevin adı ilə bağlıdır.
 
Azərbaycanın quruculuq salnaməsinin banisi
 
Ulu öndərin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövr quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub. Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətləri özünü hələ sovet dövründə göstərib. Böyük rəhbərin hakimiyyətdə olduğu dövr Azərbaycan elminin, təhsilinin, səhiyyə və mədəniyyətinin, iqtisadiyyatının sürətli tərəqqisi ilə yadda qalıb. Bu illər milli-mənəvi dəyərlərimizin qorunması, vətəndaşların sosial həyat tərzinin yaxşılaşdırılması, dünya azərbaycanlılarının monolit bir qüvvə kimi təşkilatlanması, gənclərimizin dövlətçiliyimizin tərəqqisi prosesinə cəlb edilməsi Heydər Əliyev strategiyasının uğuru kimi qeyd olunmalıdır.
Artıq neçə ildir ki, Azərbaycan xalqı may ayının 10-nu - dahi şəxsiyyətin anadan olduğu günü tarixin ən əziz günlərindən biri kimi qeyd edir. Ona görə ki, Heydər Əliyev şəxsiyyəti tariximizdə, milli siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükü daşıyan fenomenə çevrilib. 95 illik yubileyi ərəfəsində olduğumuz böyük öndərin xatirəsi onu həmişə əziz tutan milyonları bir daha öz işığına toplayır, öz nuruna bürüyür.
 
Böyük qayıdış və Azərbaycanın qurtuluşu
 
Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illər ərzində xalq üçün, vətən üçün etdiklərini bəzən adi insan təfəkkürünün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndər tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib.
Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli lider azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, ulu öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.
Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilir. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəldib.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdan ulu öndər müstəqilliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı öz üzərinə götürdü. O dövrdə təsəvvür etmək çətin idi ki, ömrünün müdrik çağında olan və çoxsaylı təhdidlərə məruz qalan Heydər Əliyev yenidən hakimiyyətə qayıtsın. Buna rəğmən bu güclü şəxsiyyətin heç nədən çəkinmədən, öz həyatını belə təhlükəyə ataraq, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, siyasət meydanına atılması xalqı və dövləti qarşısında misilsiz fədakarlığı idi.
Həmin ilin oktyabr ayının 10-da keçirilən andiçmə mərasimində isə heç bir təhlükədən qorxmadığını və yenidən xalqına ləyaqətlə xidmət edəcəyini hər kəsə bəyan etdi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm”.
 
İnkişafın təməl daşı - “Əsrin müqaviləsi”ni reallığa çevirən lider
 
Həqiqətən dahi şəxsiyyət belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərinə götürərkən, ilk növbədə xalqının zəkasına, müdrikliyinə güvəndi, qüdrətinə arxalandı. Həyat və fəaliyyəti tarix üçün bir örnək, xalq üçün bir nümunə olan ümummilli lider nəsillərin minillik arzusunu tarixi reallığa çevirdi. Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi şah əsərini - müstəqil, demokratik Azərbaycanı bəxş etdi. O, Azərbaycanı öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdırdı, Avropa ölkələri ailəsinin tamhüquqlu üzvləri sırasına çıxardı. Ölkəmiz Qafqaz regionunun iqtisadi, hərbi təsir gücünə malik ən nüfuzlu dövlətinə çevrildi.
Azərbaycanı hərtərəfli tərəqqi yoluna çıxaran ulu öndərin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir: ictimai-siyasi sabitlik, güclü iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətli ordu, regionda lider mövqe, beynəlxalq aləmdə nüfuz. Bütün bunlar Azərbaycanın həqiqətləridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ən mühüm uğurlardan biri atəşkəsin əldə edilməsi olub.
Belə bir faktı qeyd etməyə dəyər ki, Heydər Əliyevin ölkə iqtisadiyyatında köklü dəyişikliklərə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə məhz atəşkəsdən sonra başlanıb və 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanıb. 24 il öncə müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasına, neft salnaməsinə qızıl hərflərlə yazılan bu tarix dahi şəxsiyyətin yeni neft strategiyasının təntənəsi kimi yaddaşlara əbədi həkk olunub. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər sırasına düşüb. Ona görə də bu müqavilə müstəqil Azərbaycanın təməl daşı adlandırılıb.
 
Xalq üçün doğuldu, Azərbaycanın müstəqilliyi üçün cəsarətlə çalışdı
 
Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı kimi Azərbaycanın müstəqillik tarixini yazan ümummilli lider Heydər Əliyev qısa zamanda misilsiz xidmətləri ilə, köklü demokratik hüquqi dövlət quruculuğu, mütərəqqi məhkəmə-hüquq islahatları ilə tariximizin parlaq səhifələrini yazdı. Heydər Əliyevin böyüklüyü, dövlətçilik səriştəsi onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqgörənliklə, müdrikcəsinə bacarırdı. O, hər zaman xalqının yanında idi, onu böyük bir izdiham müşayiət edirdi, hər bir vətəndaşa qayğı ilə yanaşırdı. Ömrünün son anınadək xalqının gələcək taleyi haqqında düşünürdü. Dahi şəxsiyyət vətən üçün, xalq üçün doğuldu, ölkənin tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsarətlə çalışdı. Bununla da xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də, xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... 
Ulu öndər əsl ümumxalq məhəbbəti qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. Bu dahi şəxsiyyət Azərbaycanın sabitlik və təhlükəsizliyinin qarantı oldu, ölkəmizi inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi. Dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoydu, Azərbaycanın reallıqlarını, ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl bir elmi-nəzəri sistem - dövlət quruculuğu fəlsəfəsini, dövlətçilik ideologiyasını yaratdı.
 
Ulu öndərin şah əsəri etibarlı əllərdədir
 
Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil respublikamızın taleyini öz məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınır. Bir zamanlar “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini səsləndirəndə sanki dahi lider bu günləri görürdü və həqiqətən, bu gün yaşadığımız ölkə Heydər Əliyevin görmək istədiyi məhz həmin Azərbaycandır. Çünki möhtərəm Prezident İlham Əliyev 15 il ərzində ulu öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını uğurla icra edərək Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə, iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkəyə çevirib.
Əgər 1994-cü ildə ulu öndərHeydər ƏliyevAzərbaycanıniqtisadiinkişafınıntəməldaşı hesabolunan “Əsrinmüqaviləsi”nireallaşdırdısa, 23 ilsonra, 2017-ciilsentyabrın 14-də cənab İlham Əliyevbumüqavilənin 2049-cuilə kimiuzadılması ilə bağlı “Yeniəsrinmüqaviləsi”ninimzalanmasınanailoldu.
Daha bir gerçəklik odur ki, ötən il ölkəmizin neft hasilatı 2 milyard tona çatdı. Bu, həqiqətən tarixi hadisə idi. 1971-ci ildə 1 milyard ton neft hasilatı tədbirini ulu öndər Heydər Əliyev keçirmişdi. 46 il sonra 2 milyard ton neftin hasilatı isə cənab İlham Əliyevin hakimiyyəti dövrünə düşdü. Bu tarixi reallıq bir daha təsdiq edir ki, dövlət başçısı 15 il müddətində yürütdüyü praqmatik siyasətlə ölkəmizi dahi şəxsiyyətin görmək istədiyi bir dövlətə çevirib.
 
Son 15 ildə iqtisadiyyatın 3,2 dəfə artması dünya rekordudur
 
Statistik göstəricilərə nəzər yetirsək, bütün bunları aydın şəkildə görərik. Son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə artıb. Bu, həqiqətən dünya rekordu hesab olunur. Azərbaycan iqtisadiyyatına 230 milyard dollar sərmayə yatırılıb. Yatırılan investisiyalar, reallaşan transmilli layihələr və sosial proqramlar Azərbaycanın uğurlu gələcəyini şərtləndirib. 2003-cü ildə, yəni 15 il öncə valyuta ehtiyatları 1,8 milyard dollar olan Azərbaycan bu gün 44,2 milyard dollar valyuta ehtiyatlarına sahibdir. 15 ildə ölkənin valyuta ehtiyatlarının 24 dəfə artması böyük nailiyyətdir.
Azərbaycanın razılığı və birbaşa təşəbbüskarı olduğu beynəlxalq tranzit layihələri - Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub qaz dəhlizi”, “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri ölkəmizi dünyada neft-qaz ixracatçısına, nəqliyyat-logistika və sənaye mərkəzlərindən birinə çevirməkdədir. 
İqtisadiyyatın bütün sahələrinin inkişafı ilə ölkəmiz dünya bazarına bu gün “Made in Azerbaijan” brendi ilə yüzlərlə çeşiddə məhsul çıxarır. Bütün bu layihələr bir daha sübut edir ki, Azərbaycan son 15 il ərzində böyük və şərəfli yol keçib. İri sərmayəçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan regionda xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə, MDB-də aparıcı dövlətlərdən birinə çevrilib.
Bunu təkcə biz yox, beynəlxalq təşkilatlar da mütəmadi olaraq təsdiqləyir. Nailiyyətlər beynəlxalq strukturlar tərəfindən də qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri tutur. Forumun inklüziv inkişaf indeksinə görə isə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutub. Yəni Azərbaycandan irəlidə yalnız 30 inkişaf etmiş ölkə və iki inkişaf etməkdə olan ölkə var.
 
15 ildə Azərbaycan qədər sürətli inkişaf yolu keçən ikinci ölkə yoxdur
 
Son 15 ildə Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb. 15 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb.
Bu gün Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub. Əminliklə demək olar ki, aprelin 11-də keçirilən prezident seçkilərində xalqdan yenidən etimad mandatı alan cənab İlham Əliyevin ölkəmizi uğurlu gələcəyə aparan siyasəti növbəti illərdə də davam etdiriləcək, respublikamız onun rəhbərliyi altında inkişaf tempini sürətləndirəcək, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq.
Bütün bunlar isə ulu öndər Heydər Əliyevin ideyalarının yaşadığını, daim Azərbaycana uğur gətirdiyini təsdiqləyir. Elə Prezident İlham Əliyevin söylədiyi kimi - “Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz - ulu öndərin davamçıları onun yolu ilə gedəcəyik, ölkəmizi gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
AZƏRBAYCAN qəzeti 04.05.2018-ci il