“Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu” mövzusunda tədbir keçirilmişdir
11 Sep 2013
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd Konfederasiyanın üzvləri arasında ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və inkişaf etdirilməsi, ailə dəyərlərinin qorunub saxlanılması, sağlam həyat tərzinin təbliği, əhalinin hüquqi düşüncəsinin inkişaf etdirilməsi, ictimai nəzarətin artırılması istiqamətində təbliğatın aparılması olmuşdur.
S.Mehbalıyev “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu” maarifləndirmə layihəsi haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən reallaşdırılan layihə 2013-cü ilin sonunadək AHİK-in üzv təşkilatları arasında davam etdiriləcəkdir.
Səttar Mehbalıyev demişdir ki, ailə dəyərlərinin qorunması, yaşlılara qayğı, valideyn məsuliyyəti Azərbaycan ailələrinə məxsus xüsusiyyətlərdir. Bu gün dünyada ailələrdə doğumun azalması, ailəsiz uşaqların sayının artması hallarına baxmayaraq, respublikamız bu sahədə müsbət mənada fərqlənir. Cəmiyyətimizdə qadının və ailənin daim artan nüfuzu müsbət təsirini göstərir. Lakin hər bir ölkədə olduğu kimi, Azərbaycanda da ailə məsələlərində bəzən problemlərlə üzləşirik. Bu problemlərin aradan qaldırılmasına kömək etmək hər birimizdən vətəndaş mövqeyini ortaya qoymağı tələb edir. AHİK-in bu sahədə xüsusi rolu və zəngin təcrübəsi vardır.
Sədr onu da vurğulamışdır ki, dövlətimizin bu sahədə yürütdüyü məqsədyönlü siyasətin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin apardığı işin nəticəsi olaraq Azərbaycan ailəsi milli dövlət quruculuğu proseslərinin, vətəndaş cəmiyyətinin fəal iştirakçısına çevrilmişdir. Cəmiyyətimizdə qadının və ailənin daim artan nüfuzu öz müsbət təsirini göstərməkdədir.
Bu gün ölkə əhalisinin ümumi sayının 50,4 faizini qadınlar təşkil etməklə Azərbaycanda məşğul əhalinin ümumi sayında qadınların xüsusi çəkisi 48,5%-dir. Qadınlar Azərbaycan Həmkarlar İttifaqı üzvlərinin 51%-ni təşkil edir. Onlardan 3154 nəfəri həmkarlar ittifaqı komitələrinin sədrləridir. 26 sahə həmkarlar ittifaqlarının 2-nin sədri, 7-nin isə sədr müavini qadınlardır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, dövlət tərəfindən uğurla həyata keçirilən ailə siyasəti milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasını və gələcək nəsillərə çatdırılmasını təmin edir. Vurğulamışdır ki, son illərdə əhalinin həyat səviyyəsini, iqtisadi imkanlarını yüksəltmək məqsədilə bir sıra dövlət sənədləri və fəaliyyət proqramları qəbul edilmişdir. Bütün bunların nəticəsidir ki, Azərbaycanda qadınlar sosial-ictimai həyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Bu sahədə aparılan işlərdən danışarkən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusi qeyd olunmalıdır. Mehriban xanım Əliyevanın dəstək verdiyi bütün layihələr xalqımızın milli mənəvi dəyərləri ilə yanaşı, ailə dəyərlərinin də geniş təbliğinə zəmin yaradır.
Hicran Hüseynova qeyd etmişdir ki, bu gün dünyanın hər yerində ailələr bir çox problemlərlə qarşılaşırlar. Azərbaycanda aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən müxtəlif meyarlar üzrə bir sıra müavinətlər, ünvanlı sosial yardımlar təyin olunmuşdur.
Tədbirdə milli mənəvi dəyərlərin, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunub saxlanılması, ailədaxili münasibətlərin iş prosesinə təsiri və digər mövzularda müzakirələr aparılmışdır.