Müəllimlərin XIV Beynəlxalq Spartakiadası keçirilib
07 Jul 2018
Bolqarıstanın Albeno şəhərində keçirilmiş müəllimlərin XIV Beynəlxalq Spartakiadası iyulun 7-də başa çatıb.
Bolqarıstan Müəllimlər Birliyinin təşkil etdiyi bu
spartakiadada Azərbaycandan 24 müəllim gücünü sınayıb. Onlar daha çox stolüstü tennis və
çimərlik voleybolu yarışlarında fərqləniblər. Kubok, Fəxri fərmanlar və qiymətli hədiyyələrlə
mükafatlandırılıblar.
Ölkəmizin nümayəndə heyətinə Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə başçılıq edib. Mirzə müəllim bildirib ki, spartakiadada
idmanın futbol, şahmat, çimərlik voleybolu, stolüstü tennis, basketbol növləri
üzrə qadınlardan, kişilərdən ibarət komandalar mübarizə aparıblar.
Azərbaycan nümayəndə heyətinin tərkibinə əsasən Bakı Şəhəri
üzrə Təhsil İdarəsində və paytaxtın rayonlarında çalışan müəllimlər arasında təşkil
olunan idman yarışlarının qalibləri daxil edilib.
Spartakiadanın keçirilməsində məqsəd müəllimlərin asudə
vaxtlarının səmərəli təşkili, müxtəlif ölkələrin müəllimləri arasında ünsiyyətin,
əməkdaşlığın genişləndirilməsi və sağlam həyat tərzinin təbliği olub.