Münaqişələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələr
10 Jul 2018
İyul ayının 10-dan 12-nə qədər Qırğızıstan Respublikasının İssık-Kul vilayətinin “Raduqa” İstirahət Mərkəzində “Əks fəaliyyətlərin potensialı və sülhün təmin edilməsi məqsədilə məşğulluq və layiqli əmək: Şərqi Avropada həmkarlar ittifaqlarının rolu” mövzusunda subregional seminar keçirilib.
Tədbirdə münaqişələrin qarşısının alınması, təbii fəlakətlərin
nəticələrinin aradan qaldırılması və əmin-amanlığın yaradılmasında həmkarlar
ittifaqlarının rolu geniş müzakirə edildi. Tədbir Beynəlxalq Əmək Təşkilatının
(BƏT) dəstəyi ilə təşkil olunub.
Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan,
Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Serbiya, Özbəkistan, Ukrayna həmkarlar
ittifaqlarının nümayəndələri, həmçinin işçilərin fəaliyyəti üzrə Beynəlxalq Əmək
Təşkilatı Bürosunun (BƏT-AKTRAB) nümayəndələrinin də qatıldığı seminarda BƏT-in
“Əks fəaliyyətlərin potensialı və sülhün təmin edilməsi məqsədilə məşğulluq və
layiqli əmək haqqında” 205 saylı Tövsiyəsindən və iş yerlərinin yaradılmasına
köməkliyin göstərilməsi üzrə BƏT-in Proqramından irəli gələn çağırışlar səsləndirilib. Bir çox problemlərə xüsusi
diqqət yetirilib. Deyilib ki, sistemsiz-nizamsız əmək
miqrasiyasının səviyyəsi yüksəkdir. Sərt təbii iqlim dəyişiklikləri insan
faktorunun müdaxiləsi ilə baş verir. Bərabərsizlik inkişaf edir. Milli əmək
qanunvericiliyi bəzi ölkələrdə beynəlxalq əmək normalarına uyğun gəlmir.
Qeyri-formal sektorun formalaşması üçün strateji qərarlar
və siyasət yoxdur. Həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə müdaxilə
edilir. Həmkarlar ittifaqı üzvlərinin sayı azalır.
Tədbirdə həmçinin iştirakçıların müzakirə edilən məsələlərlə
bağlı hesabatları, təqdimatları dinlənilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının şöbə
müdiri Namiq Hüseynov prezentasiya ilə çıxış edib. O qeyd edib ki, BƏT-in 2017-ci il 205 saylı Tövsiyəsinin
kontekstində bu gün gündəliyə çıxardığımız məsələlərin müzakirəsi regionda ilk
dəfə keçirilir və biz bütün bu məlumat və biliklərdən səmərəli istifadə etməyə
çalışacağıq. Digər ölkələrin təcrübəsini öyrənmək, fikir mübadiləsi aparmaq
üçün bizdə yaxşı fürsət yaranıb. Əlbəttə, burada səslənən çağırışların müzakirəsi
bununla bitməyəcək. Biz effektli ölçülərin təkmilləşdirilməsi məqsədilə bu
müzakirələri artıq Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya və Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası çərçivəsində davam etdirəcəyik.