AZ | RU | EN

Sverdlovsk Vilayəti və Azərbaycan həmkarlar ittifaqlarının bir neçə sahə mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanmışdır

16 Jun 2011

İmzalanma mərasimini giriş sözü ilə açan AHİK sədrinin müavini Aqil Dadaşov bildirmişdir ki, bu günü uzun müddətdir aparılan ikitərəfli danışıqların uğurlu nəticəsi kimi dəyərləndirmək olar. Hələ mart ayında AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin başçılıq etdiyi nümayəndə heyəti Yekaterinburq şəhərində olmuş, vilayət həmkarlar ittifaqları federasiyasının sədri Andrey Vetlujskixlə görüşmüş, onunla əmək miqrantlarının sosial və iqtisadi hüquqlarının qorunması barədə danışıqlar aparmışdı. Bu sahədə qarşılıqlı fəaliyyət göstərilməsinə dair ilkin razılıq əldə olunmuşdu. Elə həmin səfər zamanı zəhmətkeş miqrantların (Azərbaycan vətəndaşlarının) hüquqlarının müdafiəsi ilə bağlı protokol imzalanmışdı. AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin və Sverdlovsk Vilayət Həmkarlar İttifaqları Federasiyasının sədri Andrey Vetlujskixin imza atdıqları protokol soydaşlarımızın uzaq Uralda normal yaşaması, işləməsi, təşkilatlanması üçün geniş imkanlar yaradacaq. Statistik məlumata görə vilayətdə 60 min nəfər Azərbaycan vətəndaşı var ki, onların da təxminən yarıdan çoxu müvəqqəti iş dalınca gedənlərdir.

 

A.Dadaşov imzalanma mərasimində iştirak edən qonaqların artıq bir həftəyə yaxın Bakıda olmasını sahə Hİ-lər arasında bağlanacaq müqavilələrə tərəflərin məsuliyyətlə yanaşmasının təzahürü kimi izah etdi.

AHİK sədrinin müavini dedi: Biz ötən illər ərzində nail olduqlarımız, topladığımız təcrübə barədə çalışdıq ki, hörmətli həmkarlarımızı məlumatlandıraq. Təcrübəmiz, özlərinin də etiraf etdikləri kimi onların karına gələcək. Çünki ayrı-ayrı, məsafəcə uzaq ölkələrdə yaşasaq da missiyamız, üzləşdiyimiz problemlər birdir.

O, çıxışının sonunda üzünü qonaqlara tutub dedi:

Siz artıq Azərbaycanı tərk edirsiniz. Amma vətəninizdə sizin üçün hər şey nə qədər yaxşı olsa da müəyyən müddət həyatınızda nəinsə çatmadığını hiss edəcəksiniz. O da xoş təəssüratla ayrıldığınız Azərbaycan olacaq.

A.Dadaşovun son cümləsinin təsdiqi ilə sözə başlayan nümayəndə heyətinin başçısı A.Vetlujskix etiraf etdi ki, biz həm həmkarlar ittifaqı işçisi, həm də xarici ölkədən gəlmiş insan kimi sizdən çox şey öyrəndik, əxlaqınızı, bir-birinizə isti münasibətinizi, təbiətinizi, qurmaq, yaratmaq istəyinizi bəyəndik, dəyərləndirdik.

Sizin kurort və turizm mərkəzlərinizi gəzdik, qanunvericilik bazanızla tanış olduq. Çox ölkələrdən çox irəlidəsiniz. Azərbaycan həmkarlar ittifaqı ilə əməkdaşlıq bizə işimizi qurmaqda, yeniləşdirməkdə ancaq fayda gətirəcək.

A.Vetlujskix öz təcrübələrindən də danışdı. Təcrübələri toplanmış kitabı və diski təqdim etdi. Həmçinin Azərbaycan həmkarlar ittifanları sıralarında qadınların fəallığından məmnun qaldığını vurğuladı. Həmkarlar ittifaqında çalışan qadınlara ehtiramının ifadəsi kimi mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarovaya qiymətli hədiyyə bağışladı.

 Sonra Avtomobil Nənliyyatı və Yol Təsərrüfatı İşçiləri Müstəqil HİRK ilə Ümumrusiya Avtonəqliyyat və Yol Təsərrüfatı Həmkarlar İttifaqı İşçilərinin Sverdlovsk Ərazi Təşkilatı, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Rusiya Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Sverdlovsk Ərazi Təşkilatı, «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyası ilə Sverdlovsk Vilayəti Kiçik və Orta Sahibkarlıq Həmkarlar İttifaqı Komitəsi, Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Sverdlovsk Vilayət Müdafiə Sənayesi Həmkarlar İttifaqı İşçiləri Təşkilatı arasında müqavilə və protokollar imzalandı.

 

sverd4 sverd3
sverd2 sverd5