Müsəlman Şərqində parlament mədəniyyəti Azərbaycandan başlayıb
22 Sep 2018
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi dövlətçilik tariximizin ən yaddaqalan dövrlərindən birinin başlanğıcı oldu. Həmin dövrdə demokratik dövlət quruculuğu, təhsil, mədəniyyət, iqtisadiyyat sahələrində atılmış addımlar cümhuriyyətin əsas fəaliyyət istiqamətlərindən idi. Şərqdə ilk dəfə qadınlara seçki hüququ verən də məhz Azərbaycan xalqının qurduğu cümhuriyyət olmuşdur.
Azərbaycanda parlamentarizm ənənələrinin inkişafına nəzər saldıqda görürük ki, hələ XX əsrin əvvəlində Rusiya imperiyasında ilk parlamentin formalaşmasına Azərbaycan xalqı da öz töhfəsini vermişdir. Rusiyanın dövlət dumalarına seçilmiş azərbaycanlı deputatların demək olar ki, hamısı milli təəssübkeşliyi özünün həyat amalı hesab edən ziyalılar idi.
Heç də təsadüfi deyil ki, müsəlman Şərqində parlament mədəniyyətinin əsası da məhz Azərbaycanda qoyulmuşdur. Cümhuriyyətin parlamenti “İstiqlal Bəyannaməsi”nin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək, müstəqilliyini qoruyub saxlamaq, insan azadlıqlarının dolğun təmin olunduğu hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Parlament 17 aylıq fəaliyyəti dövründə qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoydu.
Sovet dövründə Azərbaycanda parlamentin fəaliyyəti demokratik parlamentarizm ənənəsindən uzaq idi. Buna baxmayaraq, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə hakimiyyət orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi, mədəni tərəqqisinə, milli dirçəlişə xidmət edən siyasətin reallaşmasına yönəldə bilmişdi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədəki xaotik vəziyyətin real mənzərəsi özünü ilk növbədə, parlamentdə büruzə verirdi. Qanunverici orqan parlament mədəniyyətindən uzaq olan, dövlətin və xalqın maraqlarına cavab verməyən dartışma ünvanına çevrilmişdi. Yalnız 1993-cü ildə xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn və Ali Sovetin Sədri seçilən ulu öndər Heydər Əliyev ölkədə qanunçuluğun bütün sahələrdə möhkəmlənməsini təmin etməklə yanaşı, qanunverici orqanın cəmiyyətdəki nüfuzunu yüksəltdi, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratdı.
Ali Sovetin Sədri kimi qısa müddətdə bu ali qanunvericilik orqanın cılız çəkişmə və dartışma meydanına çevrilməsinin qarşısını alan Heydər Əliyev, eyni zamanda, ona yeni ruh və müasirlik gətirdi. Ulu öndərin fitri idarəçilik keyfiyyətləri, qətiyyətli mövqeyi, ən çətin situasiyalarda çevik qərarlar qəbul etmək qabiliyyəti bu gün böyük ehtiramla, rəğbətlə anılır. Bir ictimai-iqtisadi quruluş formasından digərinə keçid dövründə qanunların yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsini və davamlı inkişafa zəmin yaradan mükəmməl qanunvericilik sisteminin formalaşdırılmasının zəruriliyini düzgün dəyərləndirən Heydər Əliyev bu məqsədlə parlamentin geniş imkanlarından düzgün bəhrələnirdi. Heydər Əliyevin Ali Sovetin Sədri vəzifəsində çalışdığı dövrdə Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu.
Ötən 25 ildə Milli Məclis parlamentarizm ənənələrini inkişaf etdirərək qanunvericilik sistemini daha da təkmilləşdirmək istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Ulu öndərin siyasi varisi kimi cənab İlham Əliyev parlamentarizm ənənələrinə yeni çalarlar gətirərək bu mühüm dövlət institutunun nüfuzunu beynəlxalq miqyasda təsdiqləməyə nail olub. Xatırladaq ki, cənab İlham Əliyev hələ Azərbaycan parlamentinin deputatı olduğu dövrdə, 1995-2003-cü illərdə Milli Məclisin qanun yaradıcılığı işində yaxından iştirak edib, qanunvericiliyimizin Avropa standartları səviyyəsinə yüksəlməsinə, parlamentin beynəlxalq əlaqələrinin genişlənməsinə layiqli töhfəsini verib. Ötən 15 ildə isə parlamentdə qəbul olunan sənədlərin əhəmiyyətli bir hissəsi qanunvericilik təşəbbüsü ilə ölkə Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilib.
Ölkə rəhbərinin təşəbbüsü və qayğısı ilə Milli Məclisin siması tamamilə yenilənib, inzibati binası və maddi-texniki bazası yenidən qurulub. Deputatların səmərəli fəaliyyəti üçün yeni korpus istifadəyə verilib. Milli Məclisə gələn xarici qonaqlar parlamentdə deputatlar üçün yaradılmış şəraitə heyran qaldıqlarını vurğulayırlar.
100 yaşlı Azərbaycan Parlamenti dövlətə, xalqa layiqncə xidmət edir, 1918-ci ildə sələflərinin başladığı yolu şərəflə davam etdirir. Bu gün qarşımızda dayanan əsas vəzifələr dövlətçiliyə ləyaqətlə xidmət etmək, Prezident İlham Əliyevin dövlətin və xalqın milli maraqları üzərində qurulmuş siyasətinə dəstək olmaqdır. Parlamentin 100 illik yubileyi münasibətilə Milli Məclis rəhbərliyini və deputat həmkarlarımı təbrik edirəm və bundan sonra da öz vəzifələrini uğurla yerinə yetirmələrini arzulayıram.
Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
AHİK-in sədri
AZƏRBAYCAN qəzeti 21.09.2018