AZ | RU | EN
AZ | EN | RU

İnformasiya siyasəti həmkarlar ittifaqlarının fəaliyyətınin əsas istiqamətlərindən biri olmalıdır

12 Nov 2011

 

Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Azərbaycan, Ermənistan, Qazaxıstan və Moldovadan olan seminar iştirakçıları Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının informasiya siyasəti, onun mətbuat mərkəzinin qlobal KİV-lərlə və üzv təşkilatların kommunikasiya vasitələri ilə əməkdaşlığı, media xəbərlərində fəaliyyəti daha çox işıqlandırılan şöbələrinin işi ilə tanış oldular.

Beynəlxalq Əmək Təşkilatının zəhmətkeşlərin fəaliyyəti üzrə Bürosunun (ACTRAV) və BHİK Pan Avropa Regional Şurasının təmsilçiləri Maqnus Berq və Qriqor Qradev iştirakçıları salamlayaraq giriş sözü ilə çıxış etdilər. BHİK-in şöbə müdirləri Castis Duayt Konfederasiyanın iqtisadi və sosial siyasət sahəsindəki fəaliyyətini, Elison Teyt beynəlxalq təsisatlarla əməkdaşlıq sahəsində gördüyü işləri seminar iştirakçılarının diqqətinə çatdırdılar.   “Həmkarlar ittifaqlarının hüquqları və risk ölkələri” və “Bərabərlik – miqrasiya və məcburi əmək” mövzularında da BHİK təmsilçilərinin çıxışları dinlənildi.

Ayrı-ayrı istiqamətlər üzrə edilən çıxışlarda insan haqqlarının pozulması hallarının qlobal mənzərəsinə nəzər salındı, bu haqqların daha ciddi və miqyaslı şəkildə pozulduğu risk ölkələrinın adı xüsusi hallandırıldı. Bildirildi ki, həmkarlar ittifaqları insan hüquqlarının qorunması sahəsində informasiya kampaniyaları aparır, bu sahədə beynəlxalq qurumların dəstəyi ilə konkret fəaliyyət göstərirlər. Avropada aparılan belə kampaniyalara misal olaraq Belarus və Gürcüstanın adı çəkildi.

10.11.11 10.11.11.1 10.11.11.3

 

Tədbir əsnasında qeyd edildi ki, məcburi əməyə və insan alverinə qarşı BHİK-in apardığı uzunmüddətli kampaniyanın MDB regionunun timsalında hədəfi   son dövrlər Gürcüstandakı “Herkules” zavodunda baş vermiş insident, Özbəkistanda uşaq alveri və digər hallar olmuşdur. Eyni zamanda, Rusiya Federasiyasının irimiqyaslı tikintilərində də potensial problemlərin mövcudluğu diqqətdən kənarda qalmamışdır.

İqtisadi və sosial siyasət istiqamətində aparılan müzakirələrdə BHİK-in beynəlxalq maliyyə institutları, Beynəlxalq Ticarət Təşkilatı ilə qarşılıqlı fəaliyyəti, bu fəaliyyətin nəticəsi olaraq həmkarlar ittifaqlarının “Böyük iyirmiliklərin”və “Böyük səkkizliklərin” zirvə toplantılarında iştirakı vurğulandı. Paralel olaraq, korporativ sosial məsuliyyət, ekologiya, iqlim dəyişikliklərinə qarşı görülən tədbirlər və “yaşıl” iş yerlərinin yaradılması sahəsində həmkarlar ittifaqlarının mövqeyi də   seminar iştirakçılarına ətraflı şəkildə izah edildi.

Seminarın gedişində iştirakçılar BBC radiosunun rus dili xidmətinin əməkdaşı Sara Hibsonin xidmətin işinin spesifik cəhətləri haqqında çıxışını da maraqla dinlədilər və mövzu ətrafında aparılan diskussiya zamanı ölkələrinin həmkarlar ittifaqlarında informasiya siyasətinin həyata keçirilməsi sahəsində görülən işlər barədə məlumat verərək təcrübə mübadiləsi etdilər.

Tədbirin sonuncu günü iştirakçılar Belçikanın həmkarlar ittifaqları mərkəzlərində - Belçika Ümum Əmək Federasiyasında (FGTB) və Xristian Həmkarlar İttifaqları Konfederasiyasında (ACV/CSC) oldular və həmin mərkəzlərin informasiya qurumlarının işi ilə tanış edildilər. Seminar iştirakçılarına ölkə həmkarlar ittifaqlarında informasiya işi, həmçinin Belçikanın həmkarlar ittifaqları sisteminin ümumi prinsipləri haqqında geniş məlumat verildi. Qeyd etmək lazımdır ki, ölkənin hər iki həmkarlar ittifaqı mərkəzi kommunikasiya fəaliyyətinin qabaqcıl konsepsiyasına malikdirlər, belə ki, ənənəvi informasiya vasitələri (qəzetlər, bülletenlər və s.) ilə yanaşı, təşkilatlarının öz brendini yaratmaq üzərində də iş aparırlar.

Seminarın yekunu olaraq iştirakçılar belə bir nəticəyə gəldilər ki, informasiya siyasəti istər milli həmkarlar ittifaqı mərkəzləri, istərsə də Pan Avropa Regional Şurası səviyyəsində fəaliyyətin əsas istəqamətlərindən biri olmalıdır, bu məqsədlə də Regional Şuranın yeni fəaliyyət dairəsinə daxil edilməlidir. Eyni zamanda informasiya şöbələri işçilərinin şəbəkə fəaliyyətinin inkişaf etdirilməsi, birgə fəaliyyət və əlaqələndirilmə yolu ilə kampaniyaların, eləcə də müntəzəm görüşlərin keçirilməsi zəruri hesab edildi. Şəbəkəyə qoşulmuş iştirakçıların digər ölkələrdəki həmkarları ilə informasiya mübadiləsi aparmaları üçün ümumi Veb-platformanın işlənib hazırlanması və həmin Veb-platformaya məlumatların göndərməsi məqsədəuyğun sayıldı.

Seminarın işində Azərbaycandan bu sətirlərin müəllifi iştirak etmişdir.

 

 

 

Nazim Ağamirov

 AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

FAYDALI KEÇİDLƏR