Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının qurultayı keçirilib
23 Nov 2017
Noyabrın 23-də Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının qurultayı keçirilib.
Qurultayda sahə Hİ
Respublika Komitəsinin sədri Röfət Müfid-Zadə hesabat məruzəsi ilə çıxış edərək
deyib ki, ötən beş ildə Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan
zavod və müəssisələrdə çalışan işçilərin əmək, sosial iqtisadi hüquqlarının və
qanuni mənafelərinin daha səmərəli forma və metodlarla qorunması, üzv təşkilatlarla
əlaqəli işin qurulması və onların müstəqil təşkilat kimi fəaliyyət göstərməsi,
nüfuzunun artırılması, maliyyə cəhətdən gücləndirilməsi Respublika Komitəsinin
fəaliyyətinin əsasını təşkil edibdir.
Nazirliklə bağlanmış sahə
(tarif) kollektiv sazişlərdə istirahət, səsvermə və iş günü hesab edilməyən
bayram günlərində, gecə vaxtı və çoxnövbəli iş rejimində yerinə yetirilən işə
görə, həmçinin iş vaxtından artıq müddətdə görülən işə görə və digər hallarda
mövcud əmək qanunvericiliyi ilə müqayisədə 20-30 faiz əlavə ödənişlərin edilməsi,
işçinin toyu, yaxın qohumunun vəfatı, uşağının birinci sinfə getməsi, ailədə
uşağın anadan olması ilə əlaqədar (ataya) əlavə məzuniyyətlərin verilməsi nəzərdə
tutulmuş və bu öhdəliklərin yerinə yetirilməsi Respublika Komitəsi tərəfindən
mütəmadi nəzarətdə saxlanılıb.
Sazişlərdə Silahlı Qüvvələr
Günü münasibətilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi
bütövlüyü uğrunda xəsarət alan işçilərə (əlillərə) minimum əməkhaqqının 2 misli
miqdarında, 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə əlil işçilərə
minimum əməkhaqqı məbləğində, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar himayəyə
götürülmüş şəhid ailələrinə minimum əməkhaqqının 2 misli miqdarında maddi
yardımların, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xidmət sahəsində işləyən
hər bir qadına minimum əməkhaqqının 60 faizi miqdarında birdəfəlik mükafatın
verilməsi, işçilərin güzəştli şərtlərlə isti nahar yeməyi ilə təmin edilməsi və
s. kimi öhdəliklər qəbul edilib və icrası təmin olunub.
İşçilərin
sağlamlıqlarının qorunması və bərpası məqsədilə onlara verilən sanatoriya -
kurort müəssisələrinə və istirahət evlərinə yollayışların ödəniləcək 15
faizinin 10 faizini işəgötürənlər və 5 faizini həmkarlar ittifaqı komitələri öz
üzərlərinə götürüblər.
Sazişlərdə
istehsalat qəzası və peşə xəstəliyi nəticəsində işçinin itirdiyi əmək qabiliyyətinin
faizi müqabilində 3 aylıq əməkhaqqı üzrə birdəfəlik müavinətin verilməsi öhdəliyi
işəgötürənlərin üzərinə qoyulubdur.
Respublika
Komitəsi xidmət sahəsindəki müəssisələrdə kollektiv müqavilələrin müddəalarının
icrası ilə bağlı ilk təşkilatlardan gördüyü işlər barədə rüblük məlumatlar alır
və onları təhlil edir. Bununla belə, Respublika Komitəsinin müəssisələrdə əmək
qanunvericiliyinə riayət edilməsi ilə bağlı apardığı yoxlamalar zamanı da sahə
(tarif) kollektiv sazişin və kollektiv müqavilələrin icrasına xüsusi diqqət
yetirilib.
Natiq bildirib ki, xidmət
sahəsinə daxil olan müəssisələr üzrə son 5 il ərzində işəgötürənin təşəbbüsü ilə
54 nəfərin əmək müqaviləsinə xitam verilib. Cəmi 7 nəfər iş yerinin ixtisara
düşməsi ilə əlaqədar, qalan işçilər isə əmək müqaviləsi üzrə öhdəliklərini
yerinə yetirmədiklərinə görə işdən azad ediliblər. İşdən çıxarılma ilə əlaqədar
işəgötürənlərin həmkarlar ittifaqı komitələrinə 73 nəfər üçün müraciəti daxil olub, onlardan
19 nəfər işçinin işdən çıxarılmasına razılıq verilməyib
Hesabat dövründə
Respublika Komitəsinin qarşısında duran ən önəmli məsələlərdən biri də
nazirliyin tabeliyində olan bütün müəssisələrdə əməyin mühafizəsi və təhlükəsizlik
texnikası üzrə normalara, qaydalara, normativ-hüquqi aktlara riayət olunmasına
ictimai nəzarətin həyata keçirilməsi olmuşdur. Bu sahədə
aparılmış işlərin nəticəsidir ki, əksər müəssisələrdə işçilər pulsuz xüsusi
geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici
maddələrlə, profilaktiki yeməklərlə, süd və ona bərabər tutulan məhsullarla təmin
edilirlər.
Kollektiv
müqavilələrdə nəzərdə tutulmuş işçilərin ilkin və dövri tibbi müayinədən
keçirilməsi işəgötürənlərin vəsaiti hesabına təmin edilmişdir. İşçilər üçün
sanitariya - məişət xidməti təşkil olunmuşdur. Hesabat dövründə ittifaq üzvlərinin
övladları da diqqətdən kənarda qalmayıb. Onların hər biri Yeni il, Novruz
bayramlarında hədiyyələrlə, şənliklərə biletlərlə sevindirilib.
Sədr
işçilər üçün yaradılan təhlükəsiz iş şəraiti, onların yay istirahətinin təşkili
və sair sahələrdə Respublika Komitəsinin gördüyü işlərdən də danışıb.
Məruzə ətrafında çıxışlar
dinlənilib.
Sonra söz AHİK sədri,
millət vəkili Səttar Möhbalıyevə verilib. O,deyib ki, Müdafiə Sənayesi
Nazirliyi, yaranma tarixi bir o qədər uzaq olmasa da, uğurlu fəaliyyəti ilə
respublika iqtisadiyyatında öz layiqli yerini tuta bilib. Tabeliyində
olan müəssisələrdə yenidənqurma işləri aparıb. Müəssisələr ən müasir
avadanlıqlarla təchiz olunub. Bir vətəndaş kimi şəxsən mənim üçün də fəxrdir
ki, nazirlik Azərbaycan markalı müdafiə sənayesi məhsullarını dünyada tanıtmağı
bacarır. Artıq nazirliyin müəssisələrində istehsal olunan 260 adda məmulat beynəlxalq
sərgilərdə nümayiş etdirilir.
Səttar
Möhbalıyev
sahə həmkarlar ittifaqının hesabat dövründəki fəaliyyətindən danışarkən deyib
ki, təxminən son on ildə bu qurum yenidən təşkil edilib. Bu da nazirliklə həmkarlar
ittifaqının səmərəli əməkdaşlığı sayəsində mümkün olub.
Təşkilatınız
xüsusilə son beş ildə üzvlərinizin əməyinin müdafiəsi, sosial hüquqlarının
qorunması və istirahətinin təşkili istiqamətində çox nailiyyətlərə imza atıb.
Hesabat məruzəsində də bu nailiyyətlər barədə geniş məlumat verildi.
Mən
yalnız bir məsələyə - ittifaq üzvlərinin yay istirahətinin təşkilində ortaya
qoyduğumuz məsuliyyət hissi nümunəsinə diqqət çəkmək istəyirəm. Respublika
Komitəsi bu sahədə yüksək fəallıq və qayğıkeşlik nümayiş etdirib.
İstirahətə göndərilənlərin seçimində ədalətsizliyə yol verilməyib.
İstirahət mərkəzlərində dincələn ittifaq üzvlərinin yeri, onlara xidmətin
keyfiyyəti nəzarətdə saxlanılıb. Mən biləni, hətta Respublika Komitəsinin
sədri Röfət Müfid-Zadə özü şəxsən ittifaq üzvlərinə baş çəkir, şəraitlərini
yoxlayır, problemləri ilə yerində maraqlanırdı.
AHİK sədri
həmkarlar ittifaqlarının qarşısında duran vəzifələrdən danışıb
və tövsiyələrini verib.
Sonda
təşkilati məsələyə baxılıb. R.Müfid-Zadə yenidən Respublika Komitəsinin
sədri seçilib.
Qurultayın işində müdafiə
sənayesi nazirinin müavinləri Yəhya Musayev və Tofiq Rəfiyev iştirak ediblər.