Nümunəvi kursantlar Bayraq Günü mükafatlandırılıb
08 Nov 2018
Noyabrın 8-də C.Naxçıvanski adına Hərbi Liseydə Dövlət bayrağımızın təsis edilməsinin 100 illiyinə həsr olunmuş “Bayrağımız qürurumuzdur” adlı tematik tədbir keçirilib.
Əvvəlcə müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər
Əliyevin və Vətən, Torpaq, Bayraq uğrunda həyatlarından keçən şəhidlərimizin
müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət himni səslənib.
Sonra səhnə kursantların ixtiyarına verilib. Tədbirdə
Dövlət bayrağımızın yaranma tarixindən, keçdiyi keşməkeşli yollardan, Azərbaycanın
milli qəhrəmanlarından geniş söhbət açılıb. Hərbçi kursantların ifasında vətənpərvər şeirlər, mahnılar səslənib, Azərbaycan
Xalq Cümhuriyyətinin Dövlət bayrağının təsisi ilə bağlı iclasını əks etdirən səhnəcik
nümayiş olunub.
Birinci hissə başa çatdıqdan sonra söz Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) nümayəndəsinə verildib. O, bütün şəxsi
heyəti, kursantları Dövlət Bayrağı Günü münasibətilə AHİK sədri, millət vəkili
Səttar Möhbalıyevin adından təbrik edib, onlara uğurlar arzulayıb.
Toplantıya yekun vuran lisey rəisi, general-mayor Bəkir
Orucov AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə göstərdiyi qayğıya görə dərin
minnətdarlığını bildirib. O, xüsusi olaraq vurğulayıb ki, kursantların asudə
vaxtlarının səmərəli keçməsində və gələcəkdə milli zabitlər kimi yetişmələrində
bu tədbirlər böyük rol oynayır, onların hərtərəfli inkişafına və intellektual səviyyələrinin
yüksəldilməsinə təsir göstərir, biliklərə yiyələnməsinə stimul yaradır.
Sonda
liseyin ictimai həyatında fəal iştirak edən, 2017-2018-ci tədris ilində yüksək
göstəricilərə nail olan 26 kursanta AHİK-in diplomları və sahə həmkarlar
ittifaqlarının pul mükafatları təqdim edilib.