AZ | RU | EN
AZ | EN | RU

“Özlərini iş yerində rahat və problemsiz hiss edirlər”

01 Aug 2018

Avqustun 1-də Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində keçirilmiş yığıncaq “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika müsabiqəsinin yekunlarına həsr olunmuşdu. Yığıncağı Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov açıb. 

Əməyin mühafizəsi, təhlükəsiz əmək şəraiti yaradılması istiqamətində sahə müəssisələrində aparılan işlərdən danışıb. Bildirib ki, yerlərdə bağlanan kollektiv müqavilədə bu məsələyə xüsusi diqqət yetirilir. Əməyin mühafizəsinə dair götürülən öhdəliklərin yerinə yetirilməsi həmkarlar ittifaqı təşkilatları tərəfindən ciddi nəzarətdə saxlanılır. Məhz bu nəzarətin və tərəfdaşlarımızla əməkdaşlıq, qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərməyimizin nəticəsidir ki, hər il xidmətimizdə olan müəssisələr AHİK-in keçirdiyi Respublika müsabiqəsində uğurla iştirak edir. Növbəti uğur “Avto-Azərbaycan” MMC-nin adı ilə bağlıdır. Bu müəssisə müsabiqənin qalibləri sırasında yer alıb. AHİK-in diplomu və qiymətli hədiyyə ilə mükafatlandırılıb. Biz bir daha bu münasibətlə müəssisənin rəhbərliyini və həmkarlar ittifaqı komitəsini təbrik edir, onlara növbəti nailiyyətlər arzulayırıq.

Sonra M.Salmanov MMC-nin icraçı direktorunun müavini, həmkarlar ittifaqı komitəsinin sədri Ziya Babayevə Respublika Komitəsi adından hədiyyələr təqdim edib.
Z.Babayev çıxış edərək diqqətə görə AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə, sahə Hİ Respublika Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib. Deyib ki, əldə etdiyimiz nəticələrin əsasında işçilərə göstərdiyimiz qayğı durur. Daha çox qayğı işçinin potensialının daha çox üzə çıxarılması deməkdir. Çalışırıq ki, işçilər iş yerində özlərini rahat və problemsiz hiss etsinlər. Müəssisəmizdə müasir tipli yeməkxana fəaliyyət göstərir. Kollektiv üzvləri hər gün burada pulsuz yemək yeyirlər. Yeməklərin çeşidi müxtəlif olur.

Z.Babayev bildirib ki, müəssisəmizin vəsaiti hesabına işçilər ildə iki dəfə tibbi müayinədən keçirlər. Sərəncamlarına fiziki sağlamlığı möhkəmləndirməkdən ötrü alınmış qurğularla təchiz edilmiş idman zalı verilib. Yay mövsümlərində respublikamızın səfalı guşələrində ikigünlük kollektiv turist səfərləri təşkil olunur. Kollektivimizin üzvlərini müəssisənin avtobusu işə aparıb-gətirir.
 
Tədbirdə Respublika Komitəsinin məsul işçiləri, Bakı şəhəri üzrə rayon komitələrinin sədrləri də iştirak ediblər.

FAYDALI KEÇİDLƏR