Mayın 5-də “Gülüstan” Sarayında məktəblilər arasında ümummilli lider Heydər
Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “ən yaxşı təqdimat” müsabiqəsinin
qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbir iştirakçıları öncə Fəxri xiyabana
gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül
dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Dövlət qurumlarının nümayəndələrinin,
Milli Məclisin deputatlarının, alimlərin, ali məktəb rektorlarının, təhsil
işçilərinin iştirak etdikləri tədbir Azərbaycanın Dövlət himninin səslənməsi
ilə başlanıb.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl
Cabbarov ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ümummilli
Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini vurğulayıb.
Nazir təhsil sahəsində həyata keçirilən
proqram və layihələrdən, bu sahədə qazanılan nailiyyətlərdən, qarşıda duran
vəzifələrdən danışıb.
Eyni zamanda, məlumat verilib ki,
ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə
Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və Yüksək
Texnologiyalar nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən birgə təşkil olunub.
Baş nazirin müavini, Yeni Azərbaycan
Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev və digər çıxış edənlər
müsabiqənin əhəmiyyətini diqqətə çatdırıblar.
Sonra müsabiqənin nəticələri
barədə məlumat verilib, qaliblərə diplom və mükafatlar təqdim olunub.
Ümummilli lider H.Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə
ümumtəhsil məktəb şagirdləri arasında keçirilmiş
“Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif olunması mərasimində
AHİK-in sədri, millət vəkili S.Mehbalıyevin
Ç I X I Ş I
Hörmətli tədbir iştirakçıları, xanımlar və cənablar!
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş bu gözəl Sarayda Sizi salamlayıram. Ulu öndərimizin mənalı həyat yolu, möhtəşəm siyasi fəaliyyəti və zəngin irsi təkcə xalqımızın deyil, bütün bəşəriyyətin xəzinəsidir. H.Əliyev həyat amalının ali məqsədini doğma xalqına xidmətdə, gələcək nəsillərin xoşbəxtliyi naminə çalışmaqda görürdü. Ümummilli lider hərtərəfli istedada, hərtərəfli intellektual potensiala malik idi. O dövlət idarəçiliyini və quruculuğunu, iqtisadiyyatı, tarixi, mədəniyyəti və elmin digər sahələrini mükəmməl bilirdi. H.Əliyevin başlıca xüsusiyyəti xalqımızın milli maraqlarını hər şeydən uca tutması, bütün ömrünü Azərbaycana həsr etməsi idi. Bu gün müstəqil Azərbaycanın inkişafında əvəzsiz rolu olan ulu öndərin ideyaları yaşayır və tarixdə öz rolunu davam etdirir.
Ulu öndərin misilsiz xidmətlərindən biri də xalqımızın həqiqi tarixini bərpa etməsi, milli-mənəvi irsini və adət-ənənələrini dirçəldib özünə qaytarması, Azərbaycan dilini, incəsənətini, təhsil və mədəniyyətini dünyada tanıtması olmuşdur. Onun ölçüyə gəlməz fəaliyyəti sayəsində respublikanın ictimai və iqtisadi həyatında köklü islahatlar həyata keçirilmiş, xalqın maddi rifahı yaxşılaşdırılmışdır. Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, dünyaya inteqrasiyası məhz H.Əliyev tərəfindən yaradılmış potensiala əsaslanır.
Xalqımızın milli sərvəti olan müstəqilliyi qorumaq kimi taleyüklü missiyanı H.Əliyev öz üzərinə götürdü və nəhəng fəaliyyəti ilə gənc dövlətimizi bütün daxili və xarici təhdidlərdən qorudu. H.Əliyev çağdaş və gələcək tariximizdə təkcə müstəqilliyimizi gerçəkləşdirmiş lider kimi deyil, həm də yaratdığı dövlətin inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəminlər hazırlayan müdrik rəhbər kimi əbədiyaşarlıq qazanmışdır.
Bu gün ulu öndəri tanıyan hər bir insan H.Əliyev şəxsiyyətinin ucalığı barədə fikir yürütməyə ehtiyac duyur. Onun böyüklüyünü hər kəs dərindən dərk edir. Zaman böyük şəxsiyyətlərin əsl qiymətini verən ən ədalətli münsifdir. Aradan keçən dövr onların ömür salnaməsini daha aydın canlandırır, görmüş olduqları işləri tarix fonunda bütün əzəməti ilə əks etdirir. Bu mənada ulu öndərin Azərbaycan tarixindəki yeri və rolu, onun Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti barədə düşünmək imkanı genişdir.
Heydər Əliyevin Azərbaycan xalqına həsr olunmuş ömür yolu bir neçə mərhələdən ibarətdir. Ötən əsrin 60-cı illərinin sonunda Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli dönüş addımı ataraq ölkəni tərəqqi yoluna çıxarmaq məqsədilə bütün qüvvələri səfərbər etdi. Qətiyyətli rəhbərin gələcək üçün atdığı müdrik, cəsarətli addımlar Azərbaycanın dövlət müstəqilliyinə qovuşması üçün mənəvi əsasa çevrildi, etibarlı zamin yaratdı. Xalqımızda milli qürur, milli mənlik şüuru oyandı.
Heydər Əliyev SSRİ rəhbərliyində çalışarkən də Azərbaycanın inkişafı üçün əlindən gələni etmiş, qarşıya qoyduğu bütün hədəflərə çatmaq üçün var qüvvəsini sərf etmişdi. Onun təşəbbüsü və ciddi səyləri nəticəsində respublikada yeni-yeni istehsalat sahələri yaradılmışdı.
Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi dövrdə Heydər Əliyev hər bir fərdin azad, təhlükəsiz şəraitdə yaşaması, işləməsi, təhsil alması naminə ilk növbədə respublikada qanunçuluğun və hüquq qaydalarının bərpasına nail olmuşdur. Ulu öndərin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini günbəgün möhkəmləndirməkdədir. Siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət hissi, qurub yaratmaq amalı ilə yaşamış ümummilli lider Azərbaycanın gələcəkdə daha qüdrətli dövlət olması üçün yolumuzun demokratiya yolu olduğunu bəyan etmiş, bununla da Azərbaycanın dövlətçilik tarixində müstəsna yer tutmuşdur.
Nadir şəxsiyyət kimi hələ sağlığında millətimizin qəlbində özünə əbədi heykəl ucaltmış Heydər Əliyevin şərəfli həyatı və xalqa xidmətə həsr olunmuş çoxşaxəli fəaliyyəti hər birimiz üçün örnəkdir, unudulmaz xatirəsi hamımız üçün əzizdir.
Bu gün Azərbaycan dövləti ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı, onun strateji siyasətini və ideyalarını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə doğru inamla irəliləyir. Bu möhtəşəm uğurların təməlində isə ulu öndərimizin xalqımıza miras qoyduğu müdrik siyasi kurs dayanır.
Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son on ildə sosial-iqtisadi həyatın bütün sahələrində uğurlar əldə olunmuşdur. Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempini və dayanıqlılığını qoruyub saxlayır. Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsindəki uğurları beynəlxalq aləm tərəfindən təqdir olunduqca ölkəmizin nüfuzu daha sürətlə artır. Azərbaycan dünyanın ən modern və potensial investorlarından biri kimi qəbul edilməkdədir. Bütün bunlar Azərbaycanın sürətli inkişaf yolunda olduğunu əyani şəkildə nümayiş etdirir.
Ulu öndər Heydər Əliyevin strategiyasının – Azərbaycanın inkişaf modelinin müasir şəraitdə həyata keçirilməsi böyük uğurların davamının nəticəsidir.
Ümummilli lider Heydər Əliyev şagirdlərin və gənclərin problemlərini daim önə çəkməsi, onların cəmiyyətdə layiqi yer tutmalarına böyük əhəmiyyət verməsi, yaxşı oxumaları, sağlam böyümələrinə göstərdiyi qayğı və etimadını əsas götürən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı gənc nəslin yaxşı təhsil alması, vətənpərvərlik tərbiyəsi ruhunda böyüməsi, sağlam və gümrah olmaları məqsədilə bir sıra tədbirlər həyata keçirir.
Bilirsiniz ki, ulu öndər elmə, təhsilə, məktəbə həmişə qayğı ilə yanaşmış, bu sahələrin inkişafına xüsusi fikir vermişdir. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları, eləcə də UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində ulu öndərimizin ideyaları uğurla həyata keçirilir. Yeni məktəblər tikilir, təmir olunur və şagirdlərin istifadəsinə verilir.
Ənənəvi olaraq Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Təhsil Nazirliyi ilə birgə qərarına əsasən hər il ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçirilir. May ayının 6-da festival yekun konsertlə başa çatacaqdır. Ənənəvi olaraq hər il ulu öndərin anadan olmasının ildönümü ilə əlaqədar orta məktəb şagirdləri arasında H.Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş müsabiqəyə isə yekun vurulmuş və bu gün qaliblər mükafatlandırılacaqdır.
Müasir Azərbaycanın şanlı inkişaf tarixinin 30 ildən yuxarı bir dövrü fenomenal xüsusiyyətlərə, dərin təfəkkür və güclü iradəyə malik şəxsiyyətin adı ilə bilavasitə bağlıdır. Məhz onun mətinliyi və zəkası, qüdrəti sayəsində xalqımız zamanın ağır sınaqlarına sinə gərmiş, ictimai-siyasi sabitliyin bərqərar olunmasına, vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılmasına nail ola bilmişdir.
Əziz tədbir iştirakçıları!
İllər ötəcək, lakin Heydər Əliyev dühasının işığı heç bir zaman sönməyəcək, irəliyə, gələcəyə gedən yolumuzu daim nura qərq edəcəkdir, bu yolu isə Siz şagirdlər davam etdirəcəksiniz. Mən bir daha ulu öndərimizin həyat və fəaliyyətinə həsr edilmiş müsabiqədə qalib gəlmiş şagirdləri, onların müəllimlərini və valideynlərini təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və səadət arzulayıram.