AZ | RU | EN
AZ | EN | RU

Qazaxda “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu" mövzusunda tədbir keçirilmişdir

22 Nov 2013

AHİK-in katibi – Aparat rəhbəri H. Cəfərov tədbiri açaraq demişdir ki, bu görüşün keçirilməsində əsas məqsəd Konfederasiyanın üzvləri arasında ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və inkişaf etdirilməsi, ailə dəyərlərinin qorunub saxlanılması, sağlam həyat tərzinin təbliği, əhalinin hüquqi düşüncəsinin inkişaf etdirilməsi, ictimai nəzarətin artırılması istiqamətində təbliğatın aparılmasıdır.

H.Cəfərov bildirmişdir  ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən reallaşdırılan layihə 2013-cü ilin sonunadək AHİK-in üzv təşkilatları arasında davam etdiriləcəkdir. Ailə dəyərlərinin qorunması, yaşlılara qayğı, valideyn məsuliyyəti Azərbaycan ailələrinə məxsus xüsusiyyətlərdir. Bu gün dünyada ailələrdə doğum faizinin azalması, ailəsiz uşaqların sayının artması hallarına baxmayaraq, respublikamız bu sahədə müsbət mənada fərqlənir. Cəmiyyətimizdə qadının və ailənin daim artan nüfuzu müsbət təsirini göstərir. Lakin hər bir ölkədə olduğu kimi, Azərbaycanda da ailə məsələlərində bəzən problemlərlə üzləşirik. Bu problemlərin aradan qaldırılmasına kömək etmək hər birimizdən vətəndaş mövqeyini ortaya qoymağı tələb edir. AHİK-in bu sahədə xüsusi rolu və zəngin təcrübəsi vardır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə problemləri şöbəsinin müdiri G. Məmmədova tədbirdə çıxış edərək Azərbaycan ailəsinin cəmiyyətin inkişafındakı yeri və rolu barədə öz fikirlərini iştirakçılara çatdırmışdır. O, qeyd etmişdir ki, bu gün ölkə əhalisinin 50,4 faizini qadınlar təşkil etməklə Azərbaycanda məşğul əhalinin ümumi sayında qadınların xüsusi çəkisi 48,5 faizdir. Qadınlar Azərbaycan həmkarlar ittifaqı üzvlərinin 51 faizini təşkil edir.

Bu gün dünyanın hər yerində ailələrin bir çox problemlərlə qarşılaşdığını vurğulayan şöbə müdiri onu da demişdir ki, Azərbaycanda aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən müxtəlif meyarlar üzrə bir sıra müavinətlər, ünvanlı sosial yardımlar təyin olunmuşdur.

Daha sonra Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi A. Veysəlova «Ailənin psixoloji iqliminə təsir edən amillər» və «Ailənin hüquqi təminatı» mövzularında məruzə ilə çıxış etmişdir.

Tədbirdə milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunub saxlanılması, ailədaxili münasibətlərin iş prosesinə təsiri və digər mövzularda müzakirələr aparılmışdır.

FAYDALI KEÇİDLƏR