Qeyri-formal məşğulluq problemi geniş müzakirə olunub
08 Nov 2018
Noyabrın 8-də Xətai Mədəniyyət Mərkəzində “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının növbəti Məclisi olub.
Məclisdə “Qeyri-formal məşğulluq, sosial dialoqun gücləndirilməsi
və sahə həmkarlar ittifaqının sosial bazasının genişləndirilməsi istiqamətində
qarşıda duran vəzifələr” mövzusunda məruzə dinlənilib.
2018-ci ilin büdcəsinin yerinə yetirilməsinin vəziyyəti,
2019-cu ilin büdcə layihəsi müzakirə edilib və təsdiq olunub. Sonda təşkilati məsələyə
baxılıb.
Məclisi giriş sözü ilə Federasiyanın sədri Tofiq Quliyev
açıb.
O, ölkənin sosial-iqtisadi göstəricilərini diqqətə
çatdırıb. Deyib ki, son 12 ildə ölkə iqtisadiyyatına 200 milyard manat həcmində
investisiya qoyulub. Bunun da yarısını xarici investisiya təşkil edir. Ümumi
daxili məhsul 3 dəfədən çox, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5
dəfə və orta aylıq nominal əməkhaqqı 3,8 dəfə artıb. İşsizliyin səviyyəsi 5
faiz, yoxsulluq isə 5,4 faizə qədər endirilib.
İlk 9 ayda kənd təsərrüfatı məhsullarının ümumi həcmi əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz, o cümlədən bitkiçilik məhsullarının
istehsalı 5,8 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,7 faiz artıb.
T.Quliyev daha sonra iştirakçılara və qonaqlara Dağlıq
Qarabağ və onun ətrafında baş vermiş hadisələr barədə videogörüntülü məlumat
verib.
Birinci məsələ ilə bağlı Federasiyanın sədr müavini Təhmasib
Əliyev məruzəsi dinlənilib.
Sədr müavini bildirib ki, dünyada gedən siyasi-iqtisadi
proseslər inkişafa təkan verməklə yanaşı, yeni problemlər də yaradır. Belə
problemlərdən biri də qeyri-formal məşğulluqdur.
Qeyri-formal məşğulluq ilk növbədə dövlətçiliyin təməl
prinsiplərinə, xüsusən də qanunvericilik qarşısında hər kəsin bərabər məsuliyyət
daşıma prinsipinə zidd olmaqla vergi, sosial sığorta və digər məcburi ödənişlərin
həyata keçirilməməsinə səbəb olur. Nəticədə dövlət büdcəsinə, insanların cari və
gələcək sosial təminat hüquqlarına mənfi təsir göstərir, ictimai birliyin və
sosial ədalətin tam təminatına mane olur, onların iqtisadi risklərdən qorunması
mümkün olmur.
İşçilər təhlükəli iş yerlərində və normallaşdırılmamış iş
rejimində çalışır, əməyin mühafizəsi qaydalarından kənarda qalır, minimum əməkhaqqı
məbləğindən də aşağı əməkhaqqı alır, məzuniyyət və müavinət almaq hüquqlarından
məhrum olurlar.
Qeyri-formal məşğulluq daha çox qadınlara, aztəminatlı
ailələrə, gənclərə və miqrantlara mənfi təsir edir. Bu məşğulluq əsasən təhsilsiz,
peşəsiz və ixtisassız şəxslərdən ibarət olduğundan, bu sahədə fəaliyyət göstərən
işəgötürənlər insan kapitalının formalaşmasına investisiya yatırmaqda maraqlı
olmurlar. Qeyri-formal iqtisadiyyat, Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə
kifayət qədər dərindən təhlil edilməyib və hələ də araşdırılması zəruri olan məsələlərdəndir.
Hazırda Azərbaycan hökuməti bu problemin aradan qaldırılması istiqamətində səmərəli
tədbirlər həyata keçirməkdədir. İlk növbədə iqtisadiyyatın bütün sahələrinin
inkişafına, dünya iqtisadi sisteminə inteqrasiyaya, sahibkarlıq sektorunun
davamlı və stabil inkişafına, əhalinin sosial müdafiəsinin təmin edilməsinə
xüsusi diqqət göstərilir.
Sosial-iqtisadi inkişafa istiqamətlənmiş qanunvericilik
bazası yaradılır.
2016-cı ilin sentyabrında Azərbaycan hökuməti ilə Beynəlxalq
Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində 2016-2020-ci illər üçün birgə fəaliyyət
istiqamətlərini müəyyən edən Layiqlı Əmək üzrə Ölkə Proqramının qəbul edilməsi
ölkədə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşması yönümündə növbəti
addım olmuşdur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da
öz növbəsində “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək
üzrə Ölkə Proqramı”nın həyata keçirilməsinə dair Azərbaycan Həmkarlar
İttifaqlarının Konsepsiyasını qəbul etmişdir. Konsepsiyada həmkarlar
ittifaqlarının bu sahədə həyata keçirəcəyi tədbirlər və görəcəyi işlər müəyyənləşdirilib.
Proqramda həmkarlar ittifaqı təşkilatlarına əməyin ödənilməsi
sahəsində öz səylərini ilk növbədə əməkhaqqı siyasətinin, əməyin ödənilməsi üzrə
qanunvericiliyin təkmilləşdirilməsinə, orta aylıq əməkhaqlarının artırılmasına
yönəltmələri tövsiyə edilib. Bundan əlavə, qeyri-formal iqtisadiyyatdan formal
iqtisadiyyata keçidlə bağlı Beynəlxalq Əmək Təşkilatının (BƏT) 204 saylı Tövsiyəsinin
həyata keçirilməsi məqsədilə həmkarlar ittifaqlarının bu sahədə görəcəyi işlərə
dair Tədbirlər Planı işlənib hazırlanıb və BƏT -in Regional Bürosu ilə birlikdə
müzakirə olunub və bəyənilib.
Məclisdə AHİK sədrinin müavini Cavanşir Alxasov
çıxış edib.
Sonda 2018-ci ildə fərqlənmiş 6 nəfər sahə Hİ işçisinə
“UHİK-in 25 illiyi” yubiley Fəxri Fərmanı, 18 nəfərə “AHİK-in 25 illiyi”
yubiley döş nişanı, “Məhsul” KKİC Respublika Şurasının idman yarışlarında yüksək
nəticə göstərmiş 8 nəfər yetirməsinə “Kənd-Qida-İş” Hİ Federasiyasının
diplomları və mükafatları təqdim olunub.
Tədbirdə
qonaq qismində Belarus Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqının sədri
Nikolay Labuşevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edirdi