"Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda elmi-praktik konfrans keçirilmişdir
07 May 2013
Mayın 7-də Atatürk Mərkəzində ümummilli liderin 90 illik yubileyi münasibətilə "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi tədbirə sahə Hİ-nin ilk təşkilat sədrləri, fəalları, elm, mədəniyyət ocaqlarının məsul işçiləri dəvət olunmuşdular. Tədbiri giriş sözü ilə RK-nın sədri Cəmilə xanım Səttarova açmışdır.
Sonra "Heydər Əliyev və həmkarlar ittifaqları" mövzusunda çıxış etmişdir. Cəmilə xanım demişdir ki, təşkilatımızın tarixi inkişafının ən mühüm mərhələlərinin böyük hissəsi H. Əliyevin adı ilə bağlıdır. O, həmkarlar ittifaqına vətəndaş cəmiyyətinin ən mühüm tərkib hissəsi kimi baxırdı. Təsadüfi deyil ki, ikinci dəfə hakimiyyətə qayıdışının ilk illərində "Həmkarlar ittifaqları haqqında" qanuna imza atmaqla bu qurumun cəmiyyətdə yerini və statusunu müəyyənləşdirmiş oldu. Ulu öndərin ölkə başçısı olduğu dövrdə bir çox sosialyönümlü qanunlar qəbul edildi. Ümummilli liderin həmkarlar ittifaqına olan qayğıkeş münasibəti Respublika Prezidenti cənab İlham Əliyevin də fəaliyyətində özünü göstərir. Təkcə bir faktı qeyd edim ki, ölkə başçısı təşkilatımızın həyata keçirdiyi proqramları diqqət mərkəzində saxlayır, nailiyyətlərimizi layiqincə dəyərləndirir. Bu yaxınlarda yüz nəfərdən çox həmkarlar ittifaqı liderinin, fəalının "Tərəqqi" medalı, "Əməkdar mədəniyyət işçisi" fəxri adı ilə mükafatlandırılması bu diqqətin bariz nümunəsidir.
Konfransda digər çıxışlar da dinlənilmişdir.
Sonda tədbir iştirakçılarına H. Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar paylanmışdır.