AZ | RU | EN

Qüdrətli Azərbaycanın təminatçısı

25 Dec 2018

Hər bir rəhbərin hansı əməlin sahibi olduğunu müəyyənləşdirmək üçün ən etibarlı istinad yeri onun gördüyü işlərdir.

Bu mənada Prezident İlham Əliyevin son 15 ildə respublikamıza bəxş etdiyi inkişaf, yüksəliş və quruculuq dövlət başçısının əsil lider obrazından, yüksək idarəçilik qabiliyyətindən, xalqın və dövlətin maraqlarını uca tutan bir Prezident olmasından xəbər verir. Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq oldu. Dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.

Ötən 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişafı, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun uğurlu davamını göstərir. Bütün bunlar məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir. Bu yüksəliş Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.
Dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, hər bir məsələyə həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm nüanslardır. Ötən 15 ildə sosial-iqtisadi inkişaf istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən Prezident İlham Əliyev hər bir addımda məhz vətəndaşların mənafeyini əsas götürüb.
Respublikamız üçün xarakterik olan beynəlxalq uğurlardan biri qlobal kataklizmlərin daha da dərinləşdiyi həssas dönəmlərdə belə öz yolu ilə inamla addımlamasıdır. Xüsusən beynəlxalq iqtisadi geriləmənin yaşandığı və hər bir dövlət üçün sınaq dövrü olan son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş iqtisadi kursu nəticəsində böhrandan uğurla çıxıb və həyata keçirilən yeni iqtisadi islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoyub.

Dünyada qlobal iqtisadi və maliyyə böhranının dərinləşdiyi illərdə ölkəmizdə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə nailiyyətlərin davamlı olması təmin edilib. Bu mənada Azərbaycanda yaranan inkişaf təcrübəsi dünyanın əksər ölkələri üçün nümunə sayıla bilər. Dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi son illərdə də Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib.

Azərbaycanda əldə edilən hər bir uğur vətəndaşların Prezident İlham Əliyevə olan etimadını daha da artırıb, milli həmrəyliyi sıx edib. İndiyədək keçirilmiş bütün yerli və xarici rəy sorğularının nəticələri Prezident İlham Əliyevin yüksək reytinqini dəfələrlə sübuta yetirib. Bunun da əsas səbəbi cənab Prezidentin məqsədyönlü fəaliyyət və bu fəaliyyətin xalq tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanmasıdır. Təsadüfi deyil ki, ötən hər prezident seçkisi seçicilərin mütləq əksəriyyətinin öz səslərini cənab İlham Əliyevə verməsi ilə yadda qalıb. İnkişaf proseslərinin davamlı olmasını arzulayan Azərbaycan xalqı hər dəfə seçkilərdə İlham Əliyevə dəstəyini nümayiş etdirib. Bu dəstək Azərbaycan cəmiyyətinin mövcud siyasi kursa inam və rəğbətinin əyani təcəssümü olmaqla, mütləq əksəriyyətin istək və arzusunu özündə əks etdirib. Bu il aprelin 11-də keçirilən seçki bir daha bunun təsdiqi oldu. Son prezident seçkiləri müdrik və qədirbilən xalqımızın öz taleyinə biganə qalmamasının, gələcək naminə dürüst seçim etməsinin, ən layiqli namizədə səs verməsinin əyani təsdiqi kimi tarixiləşdi. Xalqımız daxili inamına söykənərək ölkəni əlahiddə inkişaf yoluna çıxarmış siyasətin müəllifinə - cənab İlham Əliyevə səs verməklə ağı qaradan seçməyi bacardığını, ölkənin taleyinə biganə olmadığını göstərdi. Bu tarixi seçim həm də belə bir həqiqətin cəmiyyətdə obyektiv dərkidir ki, Azərbaycanın gələcək tərəqqisi, davamlı inkişafı məhz mövcud siyasi kursun davamlılığının təminatından asılıdır.

Xalqın seçimi həm də növbəti illərdə Prezident İlham Əliyevin Azərbaycanın tərəqqi və inkişafına, uğurlu gələcəyinə daha çox töhfələr verəcəyinə olan dərin və səmimi inamdan qaynaqlanır. Ölkə vətəndaşları Heydər Əliyev siyasi kursunu yeganə nicat və istinadgah mənbəyi seçdikləri kimi, qarşıdakı 7 ildə məhz Azərbaycanın taleyini ulu öndərin layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevə etibar etdilər.
Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə gətirib çıxarıb. Bu mənada ulu öndərin siyasi kursunun davamını dəstəkləyən xalqımız bundan sonra da cənab İlham Əliyevin ətrafında sıx səfərbər olacaq. Odur ki, cəmiyyətdən daim dəstək alan, ölkəmizi qüdrətləndirən, yüksəldən, milli maraqlarını dünyada layiqincə təmsil edən Prezident İlham Əliyev xalqımızın alternativsiz lideridir.
Səttar Möhbalıyev, 
Milli Məclisin deputatı, 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri:
"Azərbaycan" qəzeti
25.12.2018-ci il