Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının konfransı keçirilib
28 Jul 2017
İyulun 26-da Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının hesabat-seçki konfransı keçirilib. Tədbirdə sahə Hİ Respublika Komitəsinin sədri Seymur Orucov hesabat məruzəsi ilə çıxış edib. Nəruzəçi respublikamızda iqtisadi və sosial sahədə aparılmış islahatlar, əldə olunan nailiyyətlər barədə konkret rəqəmlərə istinad etməklə məlumat verib. Xidmət göstərdikləri sahə işçilərinin bu nailiyyətlərin qazanılmasında rolunu xüsusi qeyd edib.
S.Orucov
sahə həmkarlar ittifaqının hesabat dövründəki fəaliyyətindən danışarkən bildirib
ki, hər ilin əvvəlində tərtib olunmuş iş planına uyğun olaraq müəssisələrdə
yoxlamalar aparılmış, Rəyasət Heyətinin iclaslarında müzakirəyə çıxarılmış və
müəyyən olunmuş nöqsanların aradan qaldırılması təmin edilmişdir. Hesabat dövrü
ərzində ştat ixtisarı ilə əlaqədar əvvəllər işdən azad edilmiş işçilərin bir
qismi yeni iş yerləri açıldıqca, kollektiv müqavilə və sazişdə nəzərdə
tutulduğu kimi, işlə təmin edilmişlər. Hesabat dövründə 6 müəssisədə ilk həmkarlar
ittifaqı təşkilatı yaradılmışdır.
Məruzəçi
qeyd edib ki, istehsalatda sağlam və təhlükəsiz əmək şəraiti olmadan heç bir
iqtisadi inkişaf ola bilməz. Buna görə də rabitə müəssisələrində və təşkilatlarında,
tabeçiliyindən, mülkiyyət formasından asılı olmayaraq, əməyin mühafizəsi üzrə
qanunvericilik aktlarına və digər normativ aktlara əməl edilməsi Respublika
Komitəsinin texniki əmək müfəttişliyi tərəfindən daimi nəzarətdə saxlanılıb.
Ötən 5 il ərzində texniki əmək müfəttişi 491 yoxlama
aparmış, 387 təqdimat-arayış vermişdir. Yoxlama zamanı aşkara çıxarılmış
nöqsanların 98 faizi vaxtında aradan qaldırılmışdır. RK-nın texniki əmək müfəttişi fəaliyyətində əməyin mühafizəsi
üzrə ictimai əmək müvəkkillərinin işinə mühüm yer ayırmışdır. Rabitə müəssisələrinin
həmkarlar ittifaqı komitələrində əməyin mühafizəsi komissiyaları yaradılmış və
ictimai əmək müvəkkilləri seçilmişdir. Seminarlara, müşavirələrə, baxış-
müsabiqələrə cəlb edilməklə onların məşğul olduqları sahə üzrə bilikləri
artırılmışdır. Əməyin mühafizəsinə ictimai nəzarətin diqqətdə saxlanılmasının nəticəsidir
ki, AHİK-in "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən
yaxşı müəssisəsi (təşkilatı)" devizi ilə keçirdiyi Respublika
baxış-müsabiqəsində 2012-2017-ci illərdə sahənin 9 müəssisəsi qalib elan
edilmişdir. Qaliblərə pul mükafatları və qiymətli hədiyyələr verilmişdir.
Natiq sonra deyib ki, hesabat dövründə rabitə işçilərinin istirahəti,
sağlamlığı üçün lazımi şərait yaradılmış, üzvlərin sosial məsələlərin həlli
istiqamətində çox sayda tədbir həyata keçirilmişdir. Təxminən 2 min nəfər rabitəçi
yollayışla təmin edilmişdir. Yollayışların 72-si üzvlərə pulsuz verilmişdir.
"Nabran" İstirahət Mərkəzində isə 2088 rabitəçi ailəsi ilə birlikdə həmkarlar
ittifaqı təşkilatının vəsaiti hesabına pulsuz dincəlmişdir.
S.Orucov onu da diqqətə çatdırıb ki, həmkarlar ittifaqı kadrlarının
və fəallarının təhsili və ixtisaslarının artırılması təşkil edilmişdir. Hesabat
dövrü ərzində 283 nəfər təhsilini və ixtisaslarını artırmışdır.
"Biz üzvlərimizin müraciətlərinə həssaslıqla
yanaşmışıq", - deyə RK sədri bildirib. Daxil olmuş ərizə və
şikayətlərə baxılarkən
RK-nın hüquq müfəttişi tərəfindən
yerlərə sorğular göndərilir. Sorğulara cavab olaraq əmək mübahisəsi
yaradan halların araşdırılması üçün müəssisə və təşkilatlardan lazımi sənədlər tələb olunur. Bəzi hallarda alınan bu sənədlər
ərizə və şikayətləri Respublika Komitəsində araşdırmağa imkan vermir. Belə halda RK-nın
hüquq müfəttişi yerlərə ezam
olunur və şikayətçinin özünün iştirakı
ilə yoxlamalar keçirilir. Müraciətlərin yerlərdə
həllini tapmasına nail olmaq məqsədilə RK-nın baş hüquq müfəttişi "İşəgötürənin təşəbbüsü ilə fəhlə və qulluqçuların işdən
çıxarılmasına həmkarlar ittifaqı komitələri
tərəfindən razılıq verilməsinə
dair tövsiyələr" işləyib hazırlayıb işəgötürənlərə və həmkarlar
ittifaqı komitələrinə göndərmişdir.
Məruzədə
ittifaqın hesabat dövründə göstərdiyi fəaliyyətin digər istiqamətlərinə də
toxunulub Deyilib ki, xidmətimizdə olan
ilk təşkilatlarda keçirilən hesabat-seçki yığıncaqlarında həmkarlar ittifaqı
üzvləri tərəfindən Səttar Möhbalıyevin AHİK-in V qurultayında yenidən sədr
seçilməsi barədə təkliflər verilmiş və qərarlar qəbul olunmuşdur. Elə
buna görə də konfransımız AHİK-in V qurultayına seçiləcək nümayəndələrə tövsiyə
edir ki, qurultayda S.Möhbalıyevin yenidən AHİK sədrliyinə namizədliyini irəli
sürsün.
Məruzə ətrafında çıxışlarda da ittifaqın son 5 ildəki fəaliyyətinin
müəyyən məqamlarına münasibət bildirilib. Qeyd edilibki, ittifaq üzərinə düşən vəzifəni
yerinə yetirib, üzvlərin əmək, sosial hüquqlarının müdafiəsində cəsarətlə
durub, onların istirahətini yüksək səviyyədə təşkil edib.
Konfransda AHİK sədrinin müavini Cavanşir Alxasov və Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Daxili Nəzarət və Audit Şöbəsinin
müdiri Tahir Məmmədov çıxış ediblər.
Konfransda Seymur Orucov yenidən sahə Hİ Respublika
Komitəsinin sədri, Rəşad Səfərov isə müavin seçilib.