2018-ci
il iyulun 19-da Bakı Biznes Mərkəzində «Sağlam
və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi
(təşkilatı)» Respublika müsabiqəsinin qaliblərinin təltif olunmasına həsr
olunmuş tədbir keçirilib.
Tədbirdə
AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan
Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev
giriş sözü ilə çıxış edib.
S.Möhbalıyev
tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, bizim bugünkü görüşümüz əməyin
mühafizəsi və sağlamlığı üzrə istehsalatda profilaktika mədəniyyəti sahəsində
ən yaxşı göstərici əldə etmiş qaliblərə həsr olunur.
Bu
il Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən Ümumdünya Əməyin Mühafizəsi günü
(28 aprel) və Ümumdünya Uşaq Əməyi ilə Mübarizə günü (12 iyun) çərçivəsində
«Yeni nəslin təhlükəsizliyi və sağlamlığı» şuarı ilə birgə illik kampaniya
keçirmək qərara alınmışdır.
Bu
mövzu gənclərin təhsildən əmək prosesinə, uşaqlıq dövründən yetkinlik dövrünə
keçidinin təhlükəsiz və gənclərin sağlamlığı üçün ziyansız ötüşməsi üçün mühüm
əhəmiyyət kəsb edir.
Birgə
kampaniya BMT-nin 25 sentyabr 2015-ci ildə keçirilən sammitində qəbul edilmiş
dayanıqlı inkişaf üzrə 17 qlobal məqsədin əldə edilməsi üçün fəaliyyətin
sürətləndirilməsinə yönəldilib.
Son
onilliklər ərzində iş yerləri intensiv texnoloji təkmilləşməyə məruz qalır ki,
bu da sürətli qloballaşma ilə birlikdə dünyada bir çox insanların əmək
şəraitini dəyişdirib.
Bəzən
dəyişmə prosesi o qədər sürətlə baş verir ki, bu, əmək şəraitinin və əməyin
mühafizəsi sisteminin kökündən dəyişməsinə səbəb olur. Bəzi hallarda
təhlükələri və risqləri azaltmaq və ya aradan qaldırmaq mümkün olur. Lakin yeni
texnologiyalar yeni risqlər və təhlükələr yaradır ki, bu da iş üslubunun dəyişdirilməsini
və yeni yanaşmalar tətbiq edilməsini tələb edir.
BƏT-in
məlumatına görə işdə alınan xəsarətlərlə və peşə xəstəlikləri ilə əlaqədar hər
gün dünya üzrə 7600-dən çox insan həyatını itirir ki, bu da bir ildə 2 milyon
780 min nəfər təşkil edir.
İnsan
sağlamlığına ziyan vurulması ilə yanaşı həmin bədbəxt hadisələr ölkələrin
iqtisadiyyatına da mənfi təsir göstərir. Belə ki, istehsalat xəsarətləri
nəticəsində dünya ÜDM-in 3,94 faizini itirir.
AHİK
sədri qeid edib ki, bu gün dünya üzrə 15-24 yaş arası 541 milyon gənc işçi
vardır ki, bu da bütün işçilərin 15 faizini təşkil edir. Bütün dünyada
qeyri-qanuni olaraq 152 milyon uşağın əməyindən istifadə olunur. 73 milyon uşaq sağlamlıqlarına,
təhlükəsizliklərinə və mənəviyyatlarına zərər vura bilən sahələrdə çalışır.
Uşaqlar
arasında istehsalat xəsarətinin səviyyəsi 25 yaşdan yuxarı olanlarla müqayisədə
40 faizdən çoxdur.
BƏT-in
104-cü sessiyasında təşkilatın Baş direktoru Qay Rayder qlobal müzakirələrin
«Əmək sferasının gələcəyi» şüarı ilə keçirilməsi təklifini irəli sürmüşdür və
eyniadlı konsepsiyadan irəli gələn təşəbbüslər respublikamızda diqqət
mərkəzindədir.
Azərbaycan
höküməti ilə BƏT arasında imzalanmış 2016-2020-ci illər üçün Layiqli əmək üzrə
dövlət proqramı sosial inkişaf naminə vacib məqsədlərin həyata keçirilməsinə
xidmət edir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 6 dekabr 2016-cı il
tarixində təsdiq olunmuş strateji yol xəritəsində inklüziv məşğulluğun
artırılması, əmək məhsuldarlığının yüksəldilməsi, əmək hüquqları və
təminatlarının etibarlı müdafiəsi kimi vəzifələr nəzərdə tutulub.
Respublika
prezidentinin 9 oktyabr 2017-ci il tarixli sərəncamı ilə «Azərbaycan
Respublikasında qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına dair tədbirlər
planı» təsdiqlənmişdir. Bu tədbirlər planının yerinə yetirilməsi nəticəsində
qeyri-formal şəraitdə işləyən bir milyondan çox işçinin formal şəraitə cəlb
edilməsi gözlənilir.
S.Möhbalıyev
bildirib ki, Həmkarlar ittifaqları üçün işçilərin sosial-iqtisadi hüquqlarının
müdafiəsinin əsas aləti Baş Kollektiv Saziş, kollektiv-tarif sazişlər və
kollektiv müqavilələr olub.
2008-2009-cu
ildən mütəmadi olaraq Azərbaycmaan Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanmış Baş
Kollektiv Sazişlərə Azərbaycan həmkarlar ittifaqları tərəfindən «Tikintidə
təhlükəsizlik texnikası» qaydalarının təkmilləşdirilməsi təklif edilməsinə və Baş Kollektiv Sazişdə nəzərə
alınmasına baxmayaraq bu normativ hüquqi sənəd bu günə kimi işlənib
hazrlanıb.
Sazişlərin əsas məqsədləri bütün işçilərin,
xüsusən də gənclərin layiqli əmək hüququ və onların ailə üzvlərinin həyat
səviyyəsinin qaldırılmasına xidmət edir.
AHİK-in
əməyin mühafizəsi üzrə normativ-hüquqi aktlarının beynəlxalq standartlara
uyğunlaşdırılması sahəsində fəaliyyəti nəticəsində Azərbaycan Respublikası
Nazirlər Kabineti 14 dekabr 2017-ci il tarixində «İşçilərə pulsuz
müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların
verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların
siyahısı»nın təsdiq edilməsi təmin edilib.
Azərbaycan
həmkarlar ittifaqları gənclərin məşğulluğunun, təhsilinin, peşə hazırlığının
təmin edilməsi, onlar üçün təhlükəsiz və layiqli iş yerləri yaradılması üçün
mühüm işlər görür.
Gənclər
siyasəti yönümündə AHİK-in İcraiyyə Komitəsi «Gənc həmkarlar ittifaqı liderləri
məktəbi haqqında – gənc işçilər üçün kompleks proqram» adlı qərar qəbul
edib.
Proqram
gənc işçilərin peşəkar kadrlar səviyyəsində inkişaf etdirilməsində həmkarlar
ittifaqlarının iştirakının əsas istiqamətlərini müəyyən edir.
Gənclərin
dərin biliklərə yiyələnməsi üçün Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası «İlin peşəkar gənci» fəxri adını təsis edib. Bu ada artıq
107 gənc işçi layiq görülüb. Bundan əlavə təhsildə və ictimai fəaliyyətdə
uğurlar qazanan 156 ali və orta ixtisas məktəbinin tələbələrinə həmkarlar
ittifaqının adlı fərdi təqaüdü, imkansız ailələrdən olan dörd min tələbəyə isə
həmkarlar ittifaqı hesabına pulsuz nahar verilib.
AHİK
sədri iştirakçıların nəzərinə çatdırıb ki, həmkarlar ittifaqının texniki əmək
müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə
müəssisələrdə nəzarət-profilaktika işi aparıb, iş yerlərində əmək şəraitinin
yaxşılaşdırmasına nail olublar.
2017-ci
il ərzində onlar 587 müəssisə və təşkilatda müayinə işi aparıb, 3191 pozuntu
aşkar edib, onların 92,2%-nin aradan qaldırılmasına nail olublar.
Nəticədə
319 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun
vəziyyətə gətirilib, 4760 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Yoxlanan
müəssisələrdə aparılan işlər hər on iki nəfərdən bir işçinin əmək şəraitinin
təhlükəsizliyini artırıb və risk faktorunu azaldıb.
Görülən
bütün bu işlər əmək kollektivlərinin hər bir üzvündə sosial müdafiəyə və iş
yerində xəstəlik və xəsarət almayacağına əminlik yaradır.
S.Möhbalıyev
qeyd edib ki, 2017-ci ildə respublika üzrə istehsalat zədələnməsinin
vəziyyətinə nəzər yetirsək görərik ki, həmkarlar ittifaqlarının fəaliyyət
dairəsinə daxil olan müəssisə və təşkilatlarda istehsalatda xəsarət alanların
sayı ötən illə müqayisədə 28,4 faiz (95 hadisəyə qarşı 68 hadisə), istehsalat
xəsarətindən ölənlərin sayı isə 36,7 faiz (49 nəfərə qarşı 31 nəfər)
azalıb.
Respublika
üzrə isə istehsalat xəsarəti alanların sayı 26,9 faiz (249 nəfərə qarşı 182
nəfər), istehsalat qəzasından ölənlərin sayı isə 27,4 faiz (84 nəfərə qarşı 61
nəfər) azalıb.
Cari
ilin altı ayında ötən ilin dövrü ilə müqayisədə həmkarlar ittifaqının əhatə
dairəsində olan müəssisələrdə ölümlə nəticələnən bədbəxt hadisələrin sayı 2,5 dəfə (15 nəfərə qarşı 6 nəfər) azalmasına səbəb
olub. Respublika üzrə bu göstərici 42,8 faiz azalaraq 35 nəfərə qarşı 20
nəfər olub.
Baş
vermiş bədbəxt hadisələrin araşdırılması göstərir ki, son illər ərzində ölümlə
nəticələnən bədbəxt hadisələrin əksəriyyəti yeni və formalaşmaqda olan peşə
risqləri fonunda baş verib. Buna istehsal proseslərinin texniki
təkmilləşməsi, kollektivdə və işçinin ailəsində baş verən sosial və təşkilati
dəyişikliklərin təsiri də az olmayıb.
Təkcə
2017-ci ildə ölümlə nəticələnmiş istehsalat xəsarətlərinin 40,6 faizi təlimat
və qaydalara əməl edilməməsi, 21,6 faizi təhlükəsizlik qaydalarının pozulması,
5,4 faizi işin düzgün təşkil olunmaması, işə rəhbərlik və nəzarətin olmaması,
2,7 faizi maşın və mexanizmlərdən istifadə qaydalarının pozulması səbəbindən
baş verib.
Araşdırma
aparılarkən gənc işçilərin xəsarət alma hallarına xüsusi diqqət yetirilib.
Belə ki, 2017-ci ildə istehsalat xəsarəti nəticəsində biz 15-30 yaş arası 2,
son 5 ilin nəticələrinə görə isə 21 gənc işçi itirmişik ki, bu da xəsarət
nəticəsində həlak olan 186 nəfərin 11,3 faizini təşkil edir.
Hamıya
məlumdur ki, hər bir işçi işə öz ailə-məişət və sosial-iqtisadi problemləri ilə
gəlir.
İş
əsnasında istehsalatla bağlı problemlər də ortaya çıxdıqda gənc işçilər daha
dözümsüz və həssas olurlar, bu da onların sağlamlığına və təhlükəsizliyinə
zərər vurur.
Zona
seminarlarında iştirak edən gənc işçilərin məlumatlarını təhlil edərək belə
nəticəyə gəlmək olar ki, onlar istehsal prosesləri, təhlükəsiz iş üsulları barədə
kifayət qədər biliyə və səriştəyə malik deyillər, nəticə etibarilə istehsalat
xəsarətləri əmək qabiliyyətinin uzun müddətə itirilməsinə, bəzən isə əlilliyə
gətirib çıxarır.
İştirakçıların nəzərinə çatdırılıb
ki, risq qrupuna görə tikinti sektoru istehsal sahələri arasında daha çox potensial
təhlükəsi olan sahədir. Buna səbəb tikinti işlərinin xarakteri və xüsusiyyətləri, yüksəklikdə
aparılan işlər, çox sayda zərərli və təhlükəli istehsalat faktorlarının
olmasıdır ki, bu da həm işəgötürənlər, həm də işçilər tərəfindən əməyin
mühafizəsi məsələlərinə yüksək diqqət yetirilməsini tələb edir.
Əməyin
mühafizəsi normaları və qaydalarının istənilən pozuntusu bədbəxt hadisələrin baş verməsinə səbəb olur,
istehsalata xeyli maddi ziyan vurur.
Ölkəmizdə,
xüsusilə Bakı və Sumqayıt şəhərlərində inşaat işləri böyük vüsət alıb.
Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması, «Ağ şəhər» layihəsi də bu
işlərə yeni bir təkan verdi. Hal-hazırda respublikada aparılan tikinti
işlərinin, körpülərin salınmasında, yüksək mərtəbəli yaşayış və qeyri-yaşayış
binalarının inşasında istifadə olunan yeni texnikaların, maşın və mexanizmlərin
istifadəsində, inşaat, təmir və quraşdırma işlərinin görülməsində postsovet
dövründən qalma və günün tələblərinə
cavab verməyən normativ sənədlərdən istifadə olunur. Bunun da nəticəsində
istehsalat sahələrində əməyin mühafizəsi məsələlərinin tənzimlənməsi zəifləmiş,
tikinti sahələrinin rəhbərlərinin əməyin mühafizəsi məsələlərinə diqqəti
azalmış, bu da öz növbəsində vahid surətdə tikinti obyektlərində iş şəraitinin,
əməyin mühafizəsinin vəziyyətinin pisləşməsinə gətirib çıxarıb.
Biz
həmkarlar ittifaqı olaraq, sosial tərəfdaşlarla, dövlət icra orqanları ilə
birlikdə inşaat sahəsində əməyin təhlükəsizliyinə dair norma və standartların
təkmilləşdirilməsində, iş yerlərinin təhlükəsizlik normalarının tələblərinə
uyğunlaşdırılmasında, işəgötürənlər tərəfindən işçilərin fərdi və kollektiv
mühafizə vasitələri ilə təminatının yaxşılaşdırılmasında, işçi ilə işəgötürən
arasında əmək münasibətlərinin əmək müqaviləsi vasitəsi ilə
tənzimlənməsində iştirak etməyə həmişə
hazırıq.
S.Möhbalıyev
bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq
həmkarlar ittifaqı hərəkatının, Beynəlxalq Əmək Təşkilatının ənənələrini davam
etdirərək bütün səylərini əməyin mühafizəsi sahəsində profilaktika
mədəniyyətini formalaşdırıb inkişaf etdirərək təşkilati və praktiki tədbirlər
həyata keçirir, həmkarlar ittifaqı fəallarının, ictimaiyyətin mühafizəsinin
yaxşılaşdırılması uğrunda qlobal hərəkata, işçilər üçün layiqli, sağlam və
təhlükəsiz iş şəraiti yaratmağa, işəgötürənlərin stimullaşdırılmasına
yönləndirir.
Son
illər ərzində AHİK-in təşəbbüsü ilə bir sıra tematik baxışlar, 2009-cu ildən
başlayaraq hər il «Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən
yaxşı müəssisəsi (təşkilatı)» adı uğrunda müsabiqə keçirilir. Ötən dövr ərzində
bu tədbirə 9328 müəssisə və təşkilat qatılmış, onlardan 297-si bu yüksək ada
layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
2017-ci
ildə «Sağlam və təhlükəsiz əmək
şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» devizi ilə
keçirilən respublika müsabiqəsinin yekunlarına görə AHİK-in müsabiqə
komissiyası 193-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin
müzakirəsinə çıxarıb və 22 sahə həmkarlar ittifaqını təmsil edən 48 müəssisə,
təşkilat, sex və sahə daim yüksək göstəricilərə nail olduğuna görə qalib elan
olunub.
2017-ci
ildə 21763 işçini, o cümlədən 4305 qadın işçini əhatə edən 48 müəssisə və
təşkilatlarda həmkarlar ittifaqları komitələri, əməyin mühafizəsi üzrə
komissiyaları və müvəkkilləri nəzarət-profilaktika işini yüksək səviyyədə təşkil ediblər.
Müsabiqənin
keçirilməsində nəyə nail olmuşuq?
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının və üzv təşkilatların əməyin texniki
müfəttişləri tərəfindən 2017-ci ildə müsabiqəyə qoşulmuş təşkilatlarda 922
yoxlama-nəzarət işləri həyata keçirilmişdir. İdarə və müəssisələrin rəhbərliyi
ilə birgə aparılan bu yoxlamalarda 544 pozuntu halı qeydə alınıb və onlar
aradan qaldırılıb. Əmək şəraitinin yaxşılaşdırılmasına yönəlmiş 434
göstəriş və tələblərin 94 faizdən çoxu yerinə yetirilib. Bununla da 48
müəssisədən 35-də işçilər zərərli iş şəraitindən çıxarılıb, qalan
müəssisələrdə isə belə şəraitdə işləyənlərin sayı 41 faiz azalıb. 3715
nəfərin iş şəraiti normalara cavab verəcək səviyyəyə çatdırılıb. İşəgötürənlərin
bu məsələlərə diqqəti təqdirəlayiqdir. Belə ki, müsabiqə ilində işəgötürənlər
əməyin mühafizəsinə ayrılan vəsaitləri nəzərdə tutulduğundan 106 min manat artırıblar.
Gördüyünüz
kimi müəyyən müsbət nəticələr əldə olunub və ümidvaram ki, işçilərə normal əmək
şəraitinin yaradılması üzrə işlər AHİK, onun üzv təşkilatları və işəgötürənlər
tərəfindən bundan sonra da davam etdiriləcəkdir.
S.Möhbalıyev
çıxışının sonunda «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin
ən yaxşı müəssisəsi (təşkilatı)» respublika müsabiqəsi qaliblərini qazandıqları
bu yüksək nailiyyətə görə tədbir iştirakçıları adından və şəxsən öz adından
təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, belə mövzuda müsabiqənin keçirilməsi Azərbaycanın bugünkü sosial-iqtisadi həyatı üçün aktuallıq kəsb edir. Çünki bu gün dinamik inkişaf dövrünü yaşayan Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması, məşğulluğun artırılması ilə bağlı ardıcıl siyasət həyata keçirilir. Bu mənada sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması da günün ən vacib məsələlərindən biri kimi qarşıda duran vəzifədir.
Ərəstun Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri məhz sosial-iqtisadi inkişafın və onun davamlılığının təmin olunmasıdır. Bu məqsədlə son 15 ildə regionların sosial-iqtisadi inkişafı sahəsində üç dövlət proqramı qəbul edilib və uğurla həyata keçirilib. Bu proqramlar çərçivəsində iqtisadiyyatın dinamikliyinin, xüsusilə də regionların tarazlaşdırılmış inkişafının təmin olunması üçün genişmiqyaslı işlər görülüb. İnvestisiya mühiti yaxşılaşdırılıb, yeni müəssisələr yaradılıb, iş yerləri açılıb. Beləliklə də Azərbaycan əhalisinin məşğulluğunun artırılması üçün lazımi tədbirlər görülüb. Bu tədbirlər çərçivəsində iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıtda yeni sənaye müəssisəsi - polipropilen zavodu açılıb. Əlbəttə, burada da əsasən Azərbaycan vətəndaşları çalışacaqlar. Yeni texnologiyaların tətbiq olunduğu müəssisədə savadlı, peşəkar kadrlara ehtiyac var. Bu müəssisədə çalışanlar öz təcrübələrindən istifadə edərək Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcəklər.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, son 15 il ərzində ölkəmizdə iş yerlərinin açılmasına böyük diqqət yetirilir. Bu müddət ərzində 1,9 milyon iş yeri açılıb. Bu iş yerlərində də əsasən yeni texnologiyaların tətbiqi sahəsində yüksək ixtisasa malik Azərbaycan mütəxəssisləri çalışırlar. Onların sırasında gənclərin də nisbi çəkisi artır. Beləliklə, həm ali təhsilli, həm peşəyönümlü təhsil müəssisələrində biliklər əldə edən Azərbaycan gəncləri bu gün müxtəlif müəssisələrdə uğurla çalışmaqdadırlar. Azərbaycanda bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən nəhəng beynəlxalq layihələr istər nəqliyyat, istər energetika, istərsə də kənd təsərrüfatı sahələrində görülən işlər, ilk növbədə, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına, onların sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir. Bu baxımdan həmin iş yerlərində təbii ki, sağlam, təhlükəsiz əmək şəraitinin təmin olunması mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə geniş işlər görülür. Burada həm müəssisə rəhbərinin, həm də müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatının üzərinə məsuliyyət düşür. Müəssisələrdə ölüm, xəsarət hallarının qarşısının alınması üçün kompleks tədbirlər görülməlidir. Təbii ki, maarifləndirmə işlərinin aparılması əsas istiqamətlərdən birini təşkil edir. Həmçinin müxtəlif stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi müsbət nəticələr verə bilər.
Tədbirdə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxış edərək ölkəmizdə sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində görülən işlərdən danışıblar. Qeyd edilib ki, əhalinin məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, dayanıqlı, etibarlı və sosial müdafiə sisteminin qurulması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Bu sahədə ötən dövr ərzində çox ciddi işlər görülüb. Bir sıra strategiyalar, proqramlar həyata keçirilib və hazırda bu proses davam etdirilir.
Diqqətə çatdırılıb ki, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması mühüm əmək normasıdır. Azərbaycanda qanunvericilik aktlarında sağlam və təhlükəsiz iş şəraiti ilə bağlı müddəalar mövcuddur. Görülən işlər nəticəsində istehsalatda bədbəxt hadisələrin azalması istiqamətində müsbət dinamika müşahidə olunur.
Sonda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması
üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin
qaliblərinə mükafatlar təqdim edilib.