Şagird və tələbələr arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub
07 May 2018
Mayın 7-də Azərbaycan Dövlət Musiqili Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub.
Festival Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil
edilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin Azərbaycan
dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan
dövlətinin bugünkü inkişafı ümummilli lider Heydər Əliyev adı ilə bağlıdır. Ulu
Öndərin respublikamızda işlədiyi müddətdə ölkəmizdə bütün sahələrdə olduğu
kimi, mədəniyyət, təhsil sahəsi də sürətlə inkişaf edib. Hələ o dövrdə Ulu Öndər
keçmiş SSRİ-nin ən aparıcı universitetlərinə oxumağa ölkəmizdən yüzlərlə tələbə
göndərib. Bu gün o tələbələr müstəqil ölkəmizdə müxtəlif sahələrdə çalışır və
Azərbaycanın inkişafına öz töhfələrini verirlər.
Səttar Möhbalıyev bədii yaradıcılıq festivalının gənclərin
asudə vaxtının səmərəli təşkil olunması, istedadlı gənclərin aşkarlanması
baxımından rolunu qeyd edib. Bildirib ki, festivalda əsas məqsədi tələbələri
milli vətənpərvərlik, milli adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək, eləcə
də istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə
dəstək göstərmək və bədii-estetik səviyyəsini yüksəltməkdir. Bu baxımdan Tələbə
Həmkarlar Təşkilatı vasitəsilə universitetlərdə idman, intellektual yarışları,
olimpiadalar keçirilir.
Qeyd edib ki, bu il festivalda ali hərbi məktəblərlə də
yaxından iştirak edib. Seçimlər xalq artistləri, tanınmış mədəniyyət və incəsənət
xadimlərindən ibarət münsiflər heyəti tərəfindən aparılır.
Sonra çıxış edən təhsil nazirinin müavini Firudun
Qurbanov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr
edilmiş bu festivalın ənənəvi olaraq hər il təşkil edildiyini deyib. Nazir
müavini bildirib ki, bu il ilk dəfə olaraq müsabiqədə respublikada fəaliyyət
göstərən bütün ali təhsil müəssisələri iştirak edib. Festivalın I mərhələsində
müvəffəqiyyətlə iştirak etmiş kollektiv və solo ifaçılar növbəti respublika mərhələsində
öz bacarıqlarını nümayiş etdiriblər. Seçimlər Bakı, Lənkəran, Gəncə şəhərləri və
Quba rayonunda aparılıb. Festivalın yekun konsertində 19 ali, 12 orta ixtisas və
11 peşə təhsili müəssisəsinin tələbələri iştirak edib.
Firudin Qurbanov festivalın keçirilməsində əməyi olan hər
kəsə, xüsusilə münsiflər heyətinə təşəkkür edib və tələbələrə uğurlar
arzulayıb.
Tədbir incəsənətin müxtəlif janrları üzrə özfəaliyyət
kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən
ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər və musiqiçilərin ifaları ilə
davam edib.