AZ | RU | EN
AZ | EN | RU

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qalibləri

13 Nov 2020

Bu günlərdə  Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində növbəti yığıncaq keçirildi. Yığıncaq  AHİK-in  “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında Respublika müsabiqəsinin yekunlarına həsr olunmuşdu.

Tədbirdə çıxış edən Respublika Komitəsinin sədri Fəzail Bağırov öncə xalqımızı  şanlı qələbə bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən siyasətinin və Azərbaycan əsgərinin, Azərbaycan zabitinin mərd-mərdanə ölümün üzünə dik baxması nəticəsində işğal altında olan torpaqlarımız geri qaytarıldı. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzaladılar. Həmin bəyanatda erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması ilə bərabər xüsusi bir məqam da var idi ki, bu, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi ilə bağlıdır. Çox güman ki, yaxın gələcəkdə,  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov başda olmaqla, Azərbaycan dəmir yollarını  bir çox infrastruktur layihələri ilə bağlı  yeni dönəm gözləyir.

Natiq daha sonra bildirdi ki, Cəmiyyət rəhbərliyi və MHİRK-in Rəyasət Heyəti  müharibə gedən dövrdə silahlı qüvvələrə  yardım fonduna ianə etmiş, şəhid ailələrinə qayğı göstərmişdir. 

Komitə sədri toplantı iştirakçılarının diqqətini üç qalib müəssisənin ilboyu gördüyü işlərə çəkdi. Dedi ki, “ADY” Ekspress” MMC, İnfrastruktur Departamentinin 7 nömrəli Ağstafa yol sahəsi və Qərb istiqaməti üzrə Qazax xətti stansiyası qaliblər sırasında yer alıb. Bu müəssisələr daim sağlam iş şəraitində çalışıb və təhlükəsizliyə riayət edərək, tapşırıqların öhdəsindən bacarıqla gəliblər. 
AHİK-in əməyin mühafizəsi şöbəsinin müdiri Vladimir Arqutkin toplantı iştirakçılarını qələbə münasibətilə təbrik etdi. AHİK-in nümayəndəsi həmçinin qalib müəssisələrin iş bacarıqlarını da dəyərləndirdi. Qeyd etdi ki, müsabiqədə 2720-dən artıq müəssisə, təşkilat, sex və sahə iştirak etmişdir. AHİK-in komissiyası 236-dan çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarmış və 22 sahə həmkarlar ittifaqını təmsil edən 50 müəssisə, təşkilat, sex və sahə daha yüksək göstəricilərə nail olduğu üçün qaliblər sırasında yer almışlar. Onlardan üçü dəmir yolu təşkilatıdır. Bu isə çox yaxşı göstəricidir.
Sonda qalib müəssisələr mükafatlandırıldı. Qalib müəssisələrdən olan nümayəndələr təşəkkürlərini çatdırdılar və gələcəkdə də öz iş prinsiplərini bu cür metod və üsullarla davam etdirəcəklərini vurğuladılar. 

FAYDALI KEÇİDLƏR