Şanlı ordumuzun şücaətləri ilə qürur duyuruq
07 Apr 2016
Bu fikir ordumuza dəstək məqsədilə AHİK-də keçirilən tədbirdə səsləndirilib
Mövqeyindən asılı olmayaraq hər bir ictimai təşkilat ordumuza dəstək verməlidir. Cəbhədə şəhid olan və yaralanan hər bir əsgər ailəsinə mənəvi və maddi yardım göstərilməlidir. Biz də öz imkanımız daxilində kömək göstərməyə hazırıq.
Bu fikirlər Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasında işğalçı erməni silahlı qüvvələrinin
Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin
və mülki şəxslərin xatirəsini yad etmək və ordumuza dəstək olmaq məqsədilə
keçirilən tədbirdə səsləndirilib.Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi
bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev son
günlər cəbhə bölgəsində yaşanan vəziyyətlə əlaqədar ətraflı məlumat verib. O
bildirib ki, mənfur qonşularımız Azərbaycanın kəndlərini, yaşayış məntəqələrini
irimiqyaslı silahlar - top və pulemyotlardan atəşə tutur, hərbi mövqelərimizə zərbələr
endirirdilər. Son bir neçə gündə onlar daha da azğınlaşmışdılar. Ordumuz isə bu
hücumlara qarşı əks tədbirlər görərək onların strateji mövqelərini darmadağın
edib. Əlbəttə, döyüşlər nəticəsində hər iki tərəfdən çoxlu sayda insan itkisi
var. Lakin Ermənistan ordusunun verdiyi tələfat daha çoxdur. Düşmənin
istehkamları, tankları, hərbi texnikaları darmadağın edilib. Şanlı ordumuzun əsgərləri
onlara layiqli cavab veriblər. Onlar öz şücaətləri ilə Azərbaycan ordusunun nəyə
qadir olduğunu azğın düşmənə göstərdilər. Hər zaman danışıqlar prosesindən
qaçan ermənilər indi yalvarırlar ki, gəlin atəşkəs elan edək, münaqişəni dinc
yolla həll edək.Azərbaycan ordusunun cəbhə zonasında bir sıra yüksəklikləri ələ
keçirdiyini qeyd edən AHİK sədri vurğulayıb ki, bu yüksəkliklər vasitəsilə
Dağlıq Qarabağın istənilən nöqtəsinə zərbələr endirmək mümkündür. Həmçinin bu,
həmin mövqelərdir ki, erməni silahlıları buradan bizim mülki obyektlərimizi, kəndlərimizi,
əhalini, hərbi birləşmələrimizi ardıcıl olaraq atəşə tuturdular. İndi həmin
yüksəkliklərə Azərbaycan hərbçiləri nəzarət edəcəklər. Azərbaycan ordusu möhkəmlənib,
çox güclüdür, qüdrətlidir. Bunu artıq Ermənistan hərbçiləri də etiraf edirlər.
Ermənistan rəhbərliyi verdikləri itkiləri öz əhalisindən gizlədir, bunu tədricən
açıqlayır.Ordumuzun döyüş əhval-ruhiyyəsi çox yüksəkdir. Prezident, Ali Baş
Komandan İlham Əliyev yaralı əsgərlərimizi ziyarət edərkən onlar ölkə başçısına
bir daha bildiriblər ki, sağalan kimi cəbhə xəttinə qayıdaraq Vətənin keşiyində
durmağa hazırdırlar. Bu, bizim insanlarımızın mübarizliyindən xəbər verir. Cəbhədə
döyüşlər getdiyi ərəfədə minlərlə gənc könüllü kimi orduya getmək istədiyini
bildirib. Xalqımız tərəfindən müxtəlif dəstək aksiyaları keçirildi. Eyni
zamanda, ölkəmizə beynəlxalq birlik tərəfindən də dəstək nümayiş olundu. Xaricdə
yaşayan soydaşlarımız müxtəlif tipli aksiyalar təşkil etdilər. Bunların hamısı
dövlətimizin apardığı uğurlu xarici və daxili siyasətin nəticəsidir. Ordu
quruculuğuna, müasir silah-sursat və texnikanın alınmasına sərf edilən vəsait
öz bəhrəsini verdi.Məlumdur ki, AHİK Qarabağ döyüşçülərinə, əlillərinə, şəhid
ailələrinə həmişə diqqət və qayğı göstərib. Bu, bizim müqəddəs borcumuzdur.
Onlar bizim ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə iştirak ediblər,
canlarını sipər ediblər, sağlamlıqlarını itiriblər. Həm bayramlar ərəfəsində, həm
də edilən müraciətə əsasən onlara lazımi kömək göstərilir. Bu, düzgün qərardır.
AHİK şəhid olanların və yaralananların ailələrinə hər cür kömək göstərməyə
hazırdır. S.Mehbalıyev deyib: “Bizim tərəfimizdən qərar hazırlanıb və vəsait
ayrılması nəzərdə tutulub. Həm AHİK-in üzv təşkilatları, həm də sahə təşkilatlarımız
mərasimlərdə iştirak edəcək, lazımi yardımlar göstərəcəklər”.Tədbirdə bir daha
qeyd edilib ki, Ermənistan rəhbərliyi Azərbaycan ordusunun gücünü gördükdən
sonra danışıqların aparılmasına razılıq verib. Biz istəyirik ki, münaqişə sülh
yolu ilə həll olunsun. Lakin məsələ sülh yolu ilə həllini tapmasa, Azərbaycan
ordusu torpaqlarımızı işğaldan azad edəcək. Biz hamımız buna inanırıq.