Şaran Barrou: “Albaniyanın əmək bazarında təcili islahatlara ehtiyac var”
09 Nov 2019
Noyabrın 9-da Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının VI qurultayı keçirilmişdir.
Tədbirdə Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının (BHİK) Baş katibi Şaran Barrou və dünyanın 40-a yaxın həmkarlar
ittifaqları mərkəzinin nümayəndələri də iştirak etmişlər.
Ölkənin paytaxtı Tirana şəhərində baş tutan tədbirdə
Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının sədri Kol Nikolay
qurultaylararası müddətdə görülən işlərdən, əldə olunan nəticələrdən
danışmışdır. Demişdir ki, biz dövlət və özəl sektorda 450-dən çox kollektiv
müqavilə bağlamağa nail olmuşuq. Kollektiv müqavilə ilə əhatə olunan sahələrin
miqyası olduqca genişdir. Bura enerji, metallurgiya, mədən, turizm, maliyyə
xidməti, sığorta bazarı, peşə təhsili, təlim sistemi, kənd təsərrüfatı sektoru
və sair daxildir.
K.Nikolay qeyd etmişdir ki, bu nailiyyətlərə baxmayaraq,
hələ də bir çox sahədə işçilərin hüquq və azadlıqlarının pozulması hallarına
rast gəlinir. Məsələn, əksər iş yerlərində qadınlara və uşaqlara kölə münasibəti
bəslənilir. Onlarla əmək müqaviləsi bağlanmır. Təhlükəsizlik qaydalarına əməl
edilmir, əməkləri mühafizə olunmur. Tibbi yardım göstərilmir, əməkhaqqının ödənilməsində
ayrı-seçkiliyə yol verilir. Pulsuz nahar verilmir. Onları işə aparıb-gətirməyə
nəqliyyat vasitəsi ayrılmır. Bu qisim neqativ hallar çoxdur. Növbəti illər üçün
müəyyənləşdirəcəyimiz hədəflərdə bu və bu qisim digər neqativ halların aradan
qaldırılması və ya azaldılması əsas yer tutacaqdır.
Sədr Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına
(BHİK) və Avropa Həmkarlar İttifaqları Konfederasiyasına Albaniyanın Avropa
İttifaqına üzvlüyü ilə bağlı təşəbbüsünə göstərdikləri dəstəyə görə təşəkkürünü
bildirmişdir.
BHİK-in Baş katibi Şaran Barrou da çıxışında Albaniyada
sosial problemlərin kifayət qədər olduğunu söyləmişdir. Demişdir ki, hökumətin
yeritdiyi iqtisadi, sosial siyasət nəticəsində işçilərin və onların ailə üzvlərinin
vəziyyətinin get-gedə pisləşməsi bizi narahat edir.
Təəssüf ki, Albaniya Avropanın ən kasıb ölkələrindən biri
olaraq qalmaqdadır. Minimum əməkhaqqı 204 avrodur. Həmkarlar ittifaqı haqlı
olaraq hökumət qarşısında bu rəqəmin təxminən 300 avroya çatdırılması təklifini
irəli sürür. İşsizlik, xüsusilə gənclər arasında, yüksək həddə çatıb. Onların
kütləvi mühacirəti davam edir.
Hökumətin tutduğu mövqe dövlətin inkişafını, demokratik
xarakterini risk altına atır. İşsizliyi azaltmaq, yaşayış dəyərlərinə əsaslanan
minimum əməkhaqqının tələbata uyğunlaşdırılması üçün əmək bazarı siyasətində təcili
islahatlar aparılmalıdır. Əmək Nazirliyinin İqtisadiyyat və Maliyyə
Nazirliyinin şöbəsinə çevrilməsini həmkarlar ittifaqına, onun üzvlərinə hörmətsizlik
və biganəlik kimi dəyərləndirmək olar. Bu o deməkdir ki, ölkədə əmək problemləri
ilə bağlı dövlət siyasəti yoxdur. Belə siyasət, əslində siyasətsizlik, işçilərin
sağlamlıqlarına, əməyinin təhlükəsizliyinə mənfi təsir göstərir, ölümlə nəticələnən
istehsalat qəzalarının sayını sürətlə artırır.
Ş.Barrou çıxışının sonunda Albaniya Həmkarlar İttifaqları
Konfederasiyasının işçilərin iqtisadi və sosial şəraitinin yaxşılaşdırılması
istiqamətində gördüyü işləri yüksək dəyərləndirmiş, BHİK-in həmişə Albaniya Həmkarlar
İttifaqları Konfederasiyasının yanında olacağını vəd etmişdir.
Sonra qurultay gündəliyə salınmış məsələlərin müzakirəsi
ilə davam etmişdir.
Kol Nikolay yenidən Albaniya HİK-in sədri seçilmişdir.
Qurultayda
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov və
beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Anar Möhbalıyev də iştirak etmişlər.