Şəhidin ailə üzvləri ziyarət edildi
21 Sep 2020
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda şəhid olanların ailələri daim Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası sosial qayğısı ilə əhatələnib. Bu məqsədlə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası İcraiyyə Komitəsinin qərarına əsasən 2016-cı il aprel döyüşləri və 2020-ci il iyul döyüşləri zamanı Vətən uğurunda şəhid olmuş hərbiçilərin 18 yaşına qədər olan övladları həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb. Qeyd olunan qərara əsasən 23 şəhidin 41 övladı himayəyə götürülmək üçün qeydə alınıb.
Belə ki, aprel döyüşlərində şəhid olmuş gizir Əhmədov Rüstəm Oruc oğlunun 2 azyaşlı övladı. 13 yaşlı Əhmədov Fərda və 11 yaşlı Əhmədov Nurlan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi tərəfindən 18 yaşına kimi himayəyə götürülüb. Bu məqsədlə sentyabrın 18-də Mingəçevir şəhərində şəhidin məzarı ziyarət olunub. Şəhidin ailə üzvləri ilə görüş keçirilib.
Görüş zamanı ölkə Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və birinci vitse -prezident Mehriban xanım Əliyevanın, eyni zamanda Azərbaycan İttifaqları Konfederasiyasının sədri, millət vəkili cənab Səttar Möhbalıyevin şəhid ailələrinə hər zaman diqqət və qayğı ilə yanaşmaları, sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə söhbət aparılıb.
Söhbət zamanı şəhid gizir Rüstəm Əhmədovun atası Oruc Əhmədov ölkə başçısı cənab İlham Əliyevə və AHİK sədri, millət vəkili Səttar Möhbaliyevə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Şəhidin ailəsinə sovqat payları təqdim edilib. Sentyabr ayından etibarən Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi tərəfindən övladlarının hər birinə ayda 150 manat məbləğdə maddi dəstəyin veriləcəyi ailənin diqqətinə çatdırılıb.