Səttar Mehbalıyev Pan Avropa Regional Şurasının iclasında iştirak etdi
16 Feb 2016
2016-cı il fevralın 16-da Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Belçikanın paytaxtı Brüssel şəhərindəki mənzil-qərargahında Pan Avropa Regional Şurasının (PARŞ) yeni seçilmiş rəhbərliyinin ilk iclası keçirilib.
AHİK-in sədri, BHİK-in vitse-prezidenti və PARŞ-ın
yeni seçilmiş vitse-prezidenti Səttar Mehbalıyev məruzə ilə çıxış edib.
S.Mehbalıyev öz məruzəsində Ran Avropa Regional
Şurasının fəaliyyətindən danışaraq deyib ki, yarandığı dövrdən bəri bu qurum
BHİK-in regiondakı üzv təşkilatlarına, postsovet məkanının həmkarlar
ittifaqları mərkəzlərinə hər cür dəstək göstərib. Birgə keçirilən beynəlxalq
konfranslar, seminarlar, treninqlər həmkarlar ittifaqı kadrları və fəalları
üçün əsil məktəb olubdur. S.Mehbalıyev daha sonra bildirib ki, PARŞ-ın növbəti
mərhələdə fəaliyyətinə gəlincə, bu sahədə irəli sürəcəyimiz təkliflərə 3 mövqedən
yanaşmaq istərdik: birincisi, Pan Avropa Regional Şurasının Beynəlxalq Əmək Təşkilatı
(BƏT), Avropa sosial institutları, Avropa Şurası, Avropa İttifaqı və digər
qurumlarla qarşılıqlı fəaliyyəti, ikincisi, PARŞ-ın üzv təşkilatlarla birgə əsas
funksiyalarının təşkili və həyata keçirilməsi,
üçüncüsü, nəzərdə tutulan tədbirlərin keçirilməsində və müvafiq qərarlar
qəbul edilməsində üzv təşkilatların tələblərinin və maraqlarının nəzərə alınması.
AHİK sədri məruzəsinə davam edərək vuğulayıb ki,
Pan Avropa Regional Şurası Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının
fəaliyyətinin əsas istiqamətlərini rəhbər tutaraq aşağıdakı problemləri öz işində prioritet
saymalıdır, yəni Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarının
ratifikasiyasını, tətbiqini, realizə olunmasını diqqət mərkəzində saxlamalı,
BƏT qurumları ilə əlaqələri genişləndirməli, miqrasiya problemlərinin həllinin ədalətli
prinsiplərini müəyyən etməli, regional problemlər üzrə razılaşdaşdırılmış
Proqramlar hazırlamalı, PARŞ-ın konfliktli ölkələr üzrə prinsipial mövqeyini müəyyən
etməli, Avropa İttifaqı və Avropa Şurası ilə əlaqələr yaratmalı və onlarla birgə
fəaliyyətin gələcək istiqamətlərini müəyyən etməli, gənclərin məşğulluğu ilə,
onlar üçün layiqli iş yerləri yaratmaq, təhsili və maarifləndirilməsi ilə bağlı
tədbirlər həyata keçirmək, qaçqınların bütün dünyanı narahat edən
sosial-iqtisadi hüquqlarının müdafiəsinə diqqət yetirmək, gənc həmkarlar
ittifaqı liderlərinin hazırlanması, gender bərabərliyinin təmin edilməsi məsələlərini
daim diqqətdə saxlamaq, bu problemlər üzrə ekspertlər hazırlanması və onlardan
istifadə sisteminin tətbiq edilməsi, transmilli şirkətlərdə həmkarlar ittifaqı
təşkilatlarının yaradılması məqsədilə onlarla iş aparılması, 2016-2020-ci illərdə
nəzərdə tutulmuş Proqramların həyata keçirilməsində Pan Avropa Regional
Şurasının üzv təşkilatlarının təkliflərinin nəzərə alınması və s. problemlər
prioritet sayılmalıdır.
Qurumun iclası bu gün öz işinə yekun vuracaqdır.