Səttar Möhbalıyev: 1918-ci ilin mart hadisələri Azərbaycan tarixinin silinməz səhifələridir
30 Mar 2021
1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı1918-ci ildə törədilmiş dəhşətli söyqırımı hadisələrinə müvafiq siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Fərmanda deyilirdi:
“Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri
torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı
düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini
təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına
siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin
varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi
qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək
borcunu tarixin hökmü kimi qəbul edir”.
Adətən azərbaycanlıların soyqırımından bəhs ediləndə daha
çox 1918-ci ilin martında Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Kürdəmirdə,
Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri
qırğınlardan danışılır.
1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz
iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başladılar. 1918-ci ilin
martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya
göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında
maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini
azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə başladı. Həmin
günlərdə, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, habelə
Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə
dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri
dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan
edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini
davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə
kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci
ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir. Nazirlər
Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə
İstintaq Komissiyası yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin
yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara
qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini
öldürmüşdülər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə
əhalisi ilə birgə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan,
uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya
salınaraq, son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri
Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 10068 azərbaycanlını
öldürmüş və ya şikəst etmiş, 50000 azərbaycanlını isə qaçqın salmışlar. İrəvan
quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər
isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş
etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi
dağıtmış və əhalisini məhv etmişdir. 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan
Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində
bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam
edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək
cəhdi idi.
Ümummilli lider Heydər Əliyev 31 mart - “Azərbaycanlıların
Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı
haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə,
nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində
formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək
nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də
davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarınınxatirəsi qarşısında indiki nəslin
müqəddəs borcudur”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi
haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar
1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata
keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının
sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Azərbaycan xalqı tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə
və haqsızlıqlara baxmayaraq özünün müstəqillik əzmini qoruyub saxladı, möhkəm
iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirdi, xüsusilə son 17 ildə Ölkə
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gücünün, qüdrətinin
daha da artmasına nail oldu. Nəhayət ötən ilin sentyabr ayının 27-də başlanmış
və cəmi 44 gün davam edən hərbi əməliyyatların nəticəsi olaraq Azərbaycan 30 il
davam edən işğala son qoydu və öz ərazi bütövlüyünü bərpa etdi. Xalqımızın əldə
etdiyi bu Tarixi Qələbə Azərbaycanın bütün şəhidlərinin ruhlarını şad etdi.
Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş
meydanında aldıq. Bundan sonra bütün xain qüvvələr, bütün düşmənlərimiz də biləcəklər
ki, artıq Azərbaycan özünə qarşı istənilən aqressiyanı dərhal və qətiyyətlə dəf
etmək iqtidarında olan qüdrətli bir dövlətdir.