Səttar Möhbalıyev: “Azərbaycan qazının Avropaya nəqli ölkəmizin region və dünya üçün əhəmiyyətini göstərir”
24 May 2021
“Cənab Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda onlayn müzakirələrdə 44 gün ərzində aparılmış Vətən müharibəsindən sonra Cənub Qafqazda inkişaf üçün yaranmış yeni şəraitlə bağlı iştirakçıları məlumatlandırdı və dünya ictimaiyyətini regionda yaranmış yeni reallıqlarla tanış etdi.
Tərəddüdsüz deyə bilərik ki, regionda baş
vermiş dəyişikliklər məhz cənab Prezidentin qətiyyəti və əzmkarlığı sayəsində
baş verdi. Ermənistan uzun illər Azərbaycan torpaqlarını işğal altında
saxlamaqla regionu iflic vəziyyətinə gətirmiş, inkişafını ləngitmiş,
sivilizasiyadan ayırmış, özlərinin xarakterinə, xislətinə uyğun barbarlıq və
vandalizm həyata keçirmişdir. Məhz Prezident İlham Əliyevin nəhəng siyasi iradəsi,
Azərbaycan xalqının bir yumruq kimi birləşməsi və Ordumuzun sarsılmaz qüdrəti
Ermənistanın işğal siyasətini artıq keçmişdə qoyub, qarşımızda yeni qapılar
açılıb. Biz, həmçinin bütün region ölkələri bu uğurlu yeni şəraitə cənab
Prezidentimizin düşünülmüş və icrası böyük qətiyyət və bacarıq tələb edən siyasəti
nəticəsində nail olmuşuq”.
Bu fikirləri Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.
S.Möhbalıyevin sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Prezident
İlham Əliyevin çıxışı zamanı bəyan etdiyi yeni layihələr, təşəbbüslər onu göstərir
ki, bütün bunlar sülhə, inkişafa, tərəqqiyə, fəal əməkdaşlığa, xidmət edəcək:
“Dünyanın bunu dəyərləndirməsi vacibdir. Artıq işğaldan azad edilmiş ərazilərdə
fəal iqtisadi-siyasi əməkdaşlığa xidmət edəcək iri layihələrin icrasına
başlanılıb. Görünən odur ki, Azərbaycan həmin əraziləri qapalı bir məkan kimi
yox, region ölkələrinin hər sahədə inkişafına töhfə verəcək bir əraziyə çevirmək
istiqamətində aktiv iş aparır”.
“Təkcə Zəngəzur dəhlizinin əhəmiyyətinə nəzər
salmaq kifayət edir ki, bölgənin, ümumiyyətlə, regionun gələcək inkişaf
perspektivlərini görək. Bu layihə iqtisadçıların hesablamalarına görə, 1,1
trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan kifayət qədər böyük
iqtisadi potensiala və təbii resurslara malik türkdilli ölkələri birləşdirəcək.
Həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasına xidmət
edəcək. Bu da Azərbaycanın region üçün nə qədər vacib ölkə olduğunu əyani sübutudur.
Ermənistan isə bu layihəyə qarşı çıxmaqla region üçün təhlükəli mövqeyini bir
daha ortaya qoyur, baxmayaraq ki, dəhlizin açılması bu dövlətin də inkişafına şərait
yarada bilər. Cənab Prezidentimiz dəhlizin Ermənistanın pozucu etirazına
baxmayaraq, mütləq reallaşacağını dəfələrlə bəyan edib”, - deputat vurğulayıb.
“Əgər xatırlayırsınızsa, dövlət başçımız
2003-cü ildə prezident seçiləndən sonra münaqişə ilə bağlı Ermənistanla
aparılacaq danışıqlarda gedilə biləcək güzəşti açıqladı. Cənab Prezident bildirdi
ki, bizim ən böyük güzəştimiz işğal altında olan torpaqları azad etmək üçün Ermənistanla
bir masada oturub bu məsələni danışıqlar yolu ilə həll etmək ola bilər. Əks-təqdirdə
müharibə variantı qaçılmazdır. Dövlət başçımızın təşəbbüsü ilə reallaşdırılan
layihələrdən Ermənistanı havadarlarının təzyiqlərinə baxmayaraq, kənarda
saxlamaq, təcrid etmək böyük siyasi cəsarət tələb edirdi. Prezident dövlət
maraqlarından çıxış edərək, xalqın mənafeyi naminə işğalçı dövlətlə ərazilər
azad olunmayana qədər əməkdaşlıq edilməyəcəyini birmənalı şəkildə ifadə etdi. Münaqişənin
bugünkü nəticəsi ölkə rəhbərinin siyasi iradəsini və üzərinə götürdüyü öhdəliklərə
sadiqliyinin bir daha sübut edir. Rəsmi Yerevanın işğal mövqeyi isə Ermənistanı
şərhə ehtiyacı olmayan acınacaqlı, bütün sahələrdə böhran yaşayan rəzil duruma gətirdi.
Son 6 ayda isə tənəzzüllə üz-üzədir. Daimi yenilməz qüdrətindən söz açdıqları orduları
belə bu gün mövcud deyil. Ali Baş Komandanımızın rəhbərliyi altında silahlı
qüvvələrimiz tərəfindən məhv edilib. Bu gün onlar özləri başladıqları münaqişənin
məğlubiyyətlərinin günahını daşıya biləcək şəxslər axtarır və bu istiqamətdə
biri-birilərini ittiham edirlər. Ölkədə seçkiqabağı son siyasi proseslər də gərginliyi
daha da artırır, cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, - AHİK sədri
qeyd edib.
O bildirib ki, uzun illər Ermənistanda qonşu
ölkələr, o cümlədən Azərbaycan barəsində düşmən obrazı formalaşdırılıb, bəzi
siyasi qüvvələr çirkin siyasi məqsədləri naminə cəmiyyətin beynini zəhərləyərək
bu istiqamətdə onları öz yalanlarına inandırıblar: “Azərbaycana qarşı olan nifrətin
səviyyəsi, azərbaycanofobiya, Azərbaycanın iblisləşdirilməsi o qədər yüksək idi
ki, erməni cəmiyyətinin bir hissəsi haqlı olduqlarına inanmağa başladı. Münaqişənin
real mahiyyəti xalqa düzgün izah edilmədi. Bir sözlə, öz yalanlarına belə
inanmağa başladılar. Və ölkədə bu gün baş verən psixoloji gərginlik artıq özləri
üçün bir bəlaya çevrilmiş qeyri-real təbliğatın nəticəsidir. Xatırladım ki, Vətən
müharibəsinin gedişində də biz erməni yalanlarının şahidi olurduq. Statistika və
videogörüntülər yaymaqla guya Azərbaycan Ordusunu məhv etmək üzrə olduqlarını bəyan
edirdilər. Ordumuz Şuşaya yaxınlaşanda isə “artıq Azərbaycan ordusu buradadır”
deyərək öz yalanlarını etiraf etməli oldular. Bütün bunlar göstərir ki, 30 il
bu ölkəyə rəhbərlik edən siyasi qüvvələr cinayətkar və yırtıcı siyasətləri ilə
öz xalqlarına da düşmən kəsiliblər. Onlar hətta yenidən hakimiyyətə gəlməyə can
atırlar, seçkiqabağı verdikləri bəyanatlar isə əməkdaşlığın, inteqrasiyanın,
regional inkişafın qarşısını almağa hesablanıb”.
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələrində
ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından
iştirakı xüsusi qeyd olundu. Qeyd edək ki, ötən il Cənub Qaz Dəhlizi layihəsinin
reallaşdırılması ilə Azərbaycan qazının Avropaya nəqli başladı. Bu da ölkəmizin
region və dünya üçün böyük əhəmiyyətini ortaya qoyur və birgə əməkdaşlığa
verdiyi töhfəni nümayiş etdirir. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan
tərəfindən fəal dəstəklənməsi ölkəmizin, Avrasiyanın mərkəzində unikal
geostrateji mövqeyə malik olmasından xəbər verir. Həmçinin ölkəmiz geniş
infrastruktur imkanları, zəngin neft-qaz yataqlarının mövcud olması ilə əlaqədar
“İpək Yolu iqtisadi zolağı” kimi qlobal layihənin həyata keçirilməsində mühüm
regional mərkəz hesab olunur. Bu, sənaye istehsalı sahəsində, neft və qaz sektorunda,
yüksək texnologiyaların inkişafında, infrastruktur və digər sahələrdə Azərbaycan-Çin
əməkdaşlığını daha da genişləndirməyə imkan yaradır ki, bu da ölkəmizi Çinin
mühüm strateji tərəfdaşına çevrir”, - S.Möhbalıyev bildirib.
S.Möhbalıyev əlavə edib ki, ölkəmizin iqtisadi
gücü imkan verir ki, daha iri layihələri həyata keçirək və bu da regional əməkdaşlığı
zəruri edir: “Bu gün enerji və nəqliyyat layihələri Gürcüstan və Azərbaycana əlavə
maliyyə ehtiyatları əldə etməyə imkan verib, ölkələrimizin tərəfdaşları qarşısında
mövqeyini artırıb, yeni layihələrin hazırlanması və icrasına investisiya
yatırmaq üçün güclü tərəfdaşlıq yaratmağa imkan verib. Cənubi Qafqazda həyata
keçirilmiş layihələrin kökündə bizim birgə səylərimiz durur. Bu da onu göstərir
ki, Azərbaycan sülhün, əmin-amanlığın tərfdarıdır, mehriban qonşuluq prinsiplərinə
əsaslanaraq bütün sahələrdə region ölkələrinin əməkdaşlığına imkan verir”.